AZ

Bakıda 10 meqa-parkın tikintisi aparılır

Son illər ərzində paytaxt Bakı şəhərində 400-ə yaxın yeni park salınıb və proses davam etdirilir. Hazırda Bakı şəhəri çox sürətli inkişaf tempi nümayiş etdirərək, dünyanın bir çox gözəl, müasir şəhərləri ilə eyni sırada dayanır. Bunu paytaxtımıza gələn turistlərin sayının günbəgün artması da sübut edir.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən bildiriblər ki, hazırda Bakı şəhərinin ərazisində 10 meqa-parkın salınması işləri həyata keçirilir, bəzi parkların ərazisi artırılır. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Mərkəzi Nəbatat, həmçinin Mərdəkandakı Dendrologiya parklarında əsaslı təmir-yenidənqurma işləri görülür və ilin sonuna kimi başa çatdırılması nəzərdə tutulub.

Bir neçə il əvvəl salınmış “Gənclik”, “Nizami Gəncəvi”, Yasamaldakı Meşə-park, “Çəmbərəkənd”, Mərkəzi və Qış parklarında sakinlərimiz və şəhərimizə gələn çoxsaylı qonaqların istirahəti üçün hər cür şərait yaradılıb, müasir idman və uşaq əyləncə qurğuları quraşdırılıb.

Paytaxtda aparılan geniş tikinti-quruculuq işləri çərçivəsində bir çox yerlərdə istismar müddəti bitmiş, qəzalı tikililərin əvəzinə yeni bina və obyektlər yox, məhz parklar salınır.

Hazırda Xətai rayonunda yerləşən “Sevgi” parkının genişləndirilməsi ilə bağlı işlər görülür. Bununla əlaqədar şəhərin əsas magistral yollarından sayılan Yusif Səfərov küçəsinin ətrafında yerləşən və istismar müddəti bitmiş tikililərin sökülməsi və ərazidə yaşayan sakinlərə, obyekt sahiblərinə mövcud qanunvericiliyə uyğun kompensasiya ödənilməsi şərti ilə onların köçürülməsi prosesi həyata keçirilir.

Bu gün Mərkəzi parkın 3-cü hissəsində genişləndirmə-abadlıq işləri görülür, Nərimanov rayonunda Ceyhun Hacıbəyli, Nəsib bəy Yusifbəyli, Vaqif küçələrinin kəsişməsində yeni meqapark salınır, Nərimanov parkının əsaslı təmiri, yenidən qurulması işləri aparılır. Eyni zamanda, Xaqani bağında yenidənqurma işlərinə başlanılıb. 28 May, Mehdi Mehdizadə, Elman Ovçuyev və Hüseyn Rəsulbəyov küçələrinin kəsişməsində 12 hektar sahədə yeni park salınır. Həmçinin dəmir yol vağzalının qarşısındakı meydanda təmir işlərinin aparılması üçün layihə smeta sənədləri hazırlanıb.

Bir sözlə, paytaxtın daha da yaşıllaşdırılması və gözəlləşdirilməsi istiqamətində işlər davam etdirilir. Şəhərin əsas küçə və prospektləri boyunca, mövcud park və istirahət bağlarında yeni ağaclar, həmişəyaşıl kollar və rəngbərəng güllər əkilir, güllərdən müxtəlif kompozisiyalar düzəldilir. Yol kənarlarındakı işıq dirəklərinə və eyvanlara gül əkilən kaşpolar qoyulur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
15
azpost.info

10Mənbələr