AZ

Rüstəm Əhmədzadə və İsmayıl İbrahimli daha 1 il “Zirə”də!

2023/2024 mövsümünü icarə əsasında “Zirə”də çıxış etmiş İsmayıl İbrahimli və Rüstəm Əhmədzadə daha bir illik icarəyə götürülüb.

Arena.az xəbər verir ki, bu barədə “Zirə”nin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, “Qarabağ”a məxsus futbolçular növbəti mövsümün sonuna qədər “Zirə”də çıxış edəcəklər. Onların hər ikisi ilə 1 illik yeni icarə müqaviləsi imzalanıb.

Xatırladaq ki, Rüstəm Əhmədzadə 2022-ci ilin iyul ayından “Zirə”də icarədədir. 23 yaşlı forvard bu komandada indiyə qədər 62 oyuna çıxıb, 6 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub.

Rüstəm “Qarabağ”a 2022-ci ilin yanvarıda Ukraynanın “Minay” klubundan keçib. O, Ağdam klubunda keçirdiyi 8 oyunda fərqlənə bilməmişdi. Daha öncə “Minay”da çıxış etmiş (40 oyun, 3 qol, 4 assist) hücumçu Azərbaycanın U-21 yığmasında 2, əsas millimizdə 5 matç keçirib.

İsmayıl İbrahimli isə 2023-cü ilin iyul ayından “Zirə”dədir. 26 yaşlı mərkəz yarımmüdafiəçisi qəsəbə təmsilçisinin heyətində 35 oyuna çıxarıb, 1 qol və 1 məhsuldar ötürmə müəllifi olub. 2018-ci ildən “Qarabağ”da olan futbolçu Ağdam təmsilçisində də 108 oyuna 7 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb. İsmayılın formasını geyindiyi komandalar arasında AZAL və MOİK də var. Azərbaycanın U-19, U-21 yığmalarında da oynamış futbolçu əsas millimizdə 8 oyun keçirib.

“Transfermarkt” internet-portalı Rüstəm Əhmədzadənin transfer dəyərini 500, İsmayıl İbrahimlinin transfer dəyərini isə 400 min avro məbləğində qiymətləndirir.

Xatırladaq ki, “Zirə” daha öncə Qismət Alıyev və Anar Nəzirovla da yeni müqavilə bağlamış, Fuad Bayramov (“Şamaxı”), Aydın Bayramov (“Turan Tovuz”) və Elçin Əlicanovu heyətinə qatmışdı. Vladislav Kulaç, İlkin Muradov, Sezar Meza Kolli, Dimitrios Çantakias və Rəhim Sadıxov isə komandanı tərk ediblər.

Seçilən
129
arena.az

1Mənbələr