AZ

Ermənistanın bütün ölkələrlə ticarəti azaldı- tək Rusiya ilə 3 dəfə artım var... Şok...

Image

Elşad Musayev: “Bütün bunlar o deməkdir ki, İrəvan-Moskva münasibətləri heç də göründüyü kimi deyil” 

Ermənistan üzdə Rusiya ilə münasibətləri gərginləşdirsə də, reallıq tamam başqa şeyi göstərir. Söhbət iki ölkə arasında artan ticarət dövriyyəsindəki rəqəmlərdən gedir. 

Məsələ ondadır ki, 2024-cü ilin ilk dörd ayının məlumatlarına görə, Ermənistanın Avropa İttifaqı ölkələri ilə ticarətinin həcmi 24,3 faiz azalıb. Xüsusilə Almaniya ilə ticarət dövriyyəsi təxminən 148 milyon dollar (35,8 faiz azalma), Fransa ilə 42 milyon dollar (təxminən 17 faiz azalma) təşkil edib. ABŞ-a gəlincə, ticarət dövriyyəsi birdən-birə 39 faiz azalaraq, 144 milyon dollara yaxın olub. Gürcüstan və İran məsələsində də vəziyyət oxşardır. İranla ticarət dövriyyəsi 7,9 faiz (202,7 milyon dollar), Gürcüstanla isə 6,5 faiz (80,1 milyon dollar) azalıb. Hər hansı bir ölkə ilə xarici ticarət dövriyyəsində artım olubmu? Məlum olur ki, Ermənistanın Rusiya ilə ticarət dövriyyəsinin həcmi birdən-birə 3 dəfə artıb və 6,3 milyard dollar təşkil edib. 

Bütün bunların fonunda necə olur ki, İrəvan-Moskova arasında siyasi münasibətlər gərginləşsə də Rusiya ilə ticarət dövriyyəsi durmadan artır?

“Qərb Ermənistanın Rusiya ilə artan ticarət dövriyyəsini görməzdən gəlir” 

Sözügedən məsələyə aydınlıq gətirən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev “Bakı-Xəbər”ə açıqlamasında bununla bağlı bir sıra məqamlara toxundu: “Əvvəla, Ermənistanla Rusiya arasında siyasi əlaqələrdə hiss olunur ki, açıq-aşkar gərginlik var. Rusiya bütün vasitələrlə Ermənistanda özünə yaxın hakimiyyət formalaşdırmaq istəyir və bunda maraqlıdır. Keşiş Baqratın müdafiə olunmasında da Rusiyanın əli var. Digər tərəfdən nəzərə almaq lazımdır ki, Paşinyan Qərbin dəstəyi ilə hakimiyyətə gəlib. Ancaq onu da nəzərə almaq lazımdır ki, Cənubi Qafqazda hər zaman əsas güc Rusiya olub. Ermənistan Rusiyanın nəzarətində olub və ermənilərdən Moskva bir təzyiq vasitəsi kimi istifadə edib. Artıq iki ildir ki, Rusiyanın əsas diqqəti Ukraynaya yönəlib. Rusiya Ukrayna bataqlığına düşdüyü üçün Ermənistan və onun arxasında dayananlar bundan maksimum istifadə etməyə çalışırlar. Bunlar məsələnin bir tərəfi. Ancaq maraqlıdır ki, Ermənistanla Rusiya arasında gərginlik olsa da, iki ölkə arasında ticarət dövriyyəsi artır. Üstəlik, iki ölkə arasında iqtisadi əlaqələr yüksələn xətt üzrə inkişaf edir. Bütün bunlar o deməkdir ki, İrəvan-Moskva münasibətləri heç də göründüyü kimi deyil. Çox qəribədir ki, Qərb, xüsusən Rusiya ilə iqtisadi əlaqələri olan ölkələrə, ayrı-ayrı şirkətlərə qarşı embarqo tətbiq edir. Ancaq Ermənistana qarşı belə tədbirlər görmək istəmir. Sanksiyalar səbəbindən Rusiya bir sıra məhsulları Ermənistan üzərindən alır. Məlumatlara görə, təxminən 25 min nəfər Rusiya vətəndaşı Ermənistanda firma və şirkət açıb. Görünən odur ki, Paşinyan çox ehtiyatla oynayır və Rusiya ilə bütün ipləri kəsmir. Paşinyan KTMT tədbirlərinə qatılmasa da, Avrasiya İqtisadi İttifaqının tədbirlərində yaxından iştirak edir. Burada biz yenə də Qərbin ikili standartlarını görürük. Qərb Ermənistanın Rusiya ilə artan ticarət dövriyyəsini görməzdən gəlir. Digər tərəfdən, Azərbaycan cəmiyyətində belə rəy formalaşıb ki, Ermənistanla Rusiya arasında guya bütün iplər qopub. Reallıqda isə vəziyyət tamam fərqlidir. Rusiya bütün vasitələrlə Ermənistanı əlində saxlamağa çalışacaq”.

Vidadi ORDAHALLI





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96
50
baki-xeber.com

10Mənbələr