AZ

Azərbaycanlı gənc dirijorun növbəti uğuru

Vyana, 12 iyun, AZƏRTAC

Dünyanın ən tanınmış konservatoriyaları sırasında xüsusi yer alan Vyana Musiqi və Səhnə Sənətləri Universitetinin “Orkestr dirijorluğu” və “Opera müşayiəti” fakültələrinin tələbəsi Tamilla Sadıqbəyli növbəti səhnə uğurunu qeyd edib.

AZƏRTAC xəbər verir ki, T. Sadıqbəylinin dirijorluğu ilə Vyana Konsert Cəmiyyəti (Wiener Konzertvereinigung) orkestri Vyana şəhərinin mərkəzində yerləşən “Konzerthaus” mədəniyyət evinin Motsart zalında konsert proqramı ilə çıxış edib.

Konsertdə xarici bəstəkarların əsərləri ilə yanaşı, görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin “Yeddi gözəl” suitası da ifa olunub.

Konsertdən əvvəl tamaşaçılara Qara Qarayevin həyat və yaradıcılığı, eləcə də onun ölməz “Yeddi gözəl” baleti haqqında qısa məlumat verən gənc dirijor bu baletdən olan valsın azərbaycanlılar üçün əhəmiyyətindən danışıb. O qeyd edib ki, avstriyalılar üçün İohann Ştrausun “Mavi Dunay” valsı nə qədər doğma və seviləndirsə, azərbaycanlılar üçün də bu vals o qədər doğmadır.

“Yeddi gözəl” baletindəki valsla yanaşı konsertdə “Məğrib”, “Slavyan”, “Çin” və “İran” (Gözəllər gözəli) gözəllərinin rəqsləri, eləcə də “Aişənin rəqsi” də təqdim olunub. Avropa bəstəkarlarından Karl Mariya fon Veberin ”Klarnet və orkestr üçün konsert” və Jorj Bizenin “Karmen” operasından suita da yer alıb.

Qeyd edilməlidir ki, hələ tələbə olmasına baxmayaraq, müxtəlif orkestrlər T. Sadıqbəylinin peşəkarlığını nəzərə alaraq, onu mütəmadi şəkildə konsertlərdə dirijor pultunda yer almağa dəvət edirlər.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

Seçilən
40
azertag.az

1Mənbələr