AZ

500 min insanı sevindirəcək qərara hazırlıq gedir?

“Abşeron rayonunun bütün sovxozları artıq yaşayış massivlərinə çevrilib”. 

Bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin şöbə müdiri İlqar Həbiyev bu gün keçirilən Milli Məclisin Aqrar siyasət komitəsinin iclası zamanı Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin (birinci oxunuşda) müzakirəsi zamanı bildirib. Onun sözlərinə görə, bu kütləvi massivlər "özbaşına tikililər" adı altında konsepsiyada əksini taparaq təsdiq ediləcək: 

"Növbəti mərhələdə özbaşına tikilən yaşayış massivlərinin formalaşdırılması ilə bağlı kütləvi kateqoriya dəyişikləri, icazələr və sənədləşdirmə məsələrinə münasibət bildiriləcək". 

Maraqlıdır, bu konsepsiya nəyi dəyişəcək? Bunu “ev amnistiyası”na hazırlıq kimi dəyərləndirmək olar? 

Məsələ ilə bağlı iqtisadçı-alim Vüqar Qocayev “Cebhe.info”-ya açıqlamasında bildirib ki, amnistiyanın baş tutacağına şübhə ilə yanaşır:

“Sovet İttifaqı dağıldıqdan sonra ölkəmizdə kütləvi şəkildə kolxoz və sovxozun əraziləri özəlləşdirildi. Kim necə gəldi torpaq sahəsi aldı və harada gəldi ev, obyekt tikdirdi. Hətta qanunsuz olaraq hektarlarla torpaq mənimsəyən vətəndaşlar da oldu.

Məsələn, 10  uşağı vardı, hər birinin adına 20 sotdan yer aldıqda 200 sot, yəni 2 hektar ərazi deməkdir. Əldə olunan torpaq sahələrini istifadə edə bilmədikləri üçün dəyər-dəyməzinə satdılar, ya da harada gəldi plansız ev tikildi. Xüsusilə 2000-ci illərin əvvəllərindən sonra sovxozun əkin sahəsində məskunlaşma həyata keçirildi. 

Bu səbəbdən çıxarışsız evlərin sayı da kəskin şəkildə artdı”. 

İqtisadçı vurğulayıb ki, kolxoz-sovxoz sahələrindən savayı, tikinti üçün qadağan edilən ərazilərdə də evlər tikilib:

“Amnistiya məsələsini tez-tez dilə gətiririk. 

Lakin heç sual veririk ki, bunu praktikada icra etmək mümkündürmü? Məsələn, neft quyusunun, enerjisi qovşağının yanında, bataqlıqda və s. belə yerlərdəki evlərə necə amnistiya vermək olar? Bu, qeyri-mümkün kimi görünür. Çünki normal evlərə sənədi də rahatlıqla almaq olmur. Proseslərin nə qədər çətin olduğunu praktika da görmək olar. Əksinə, yeni qanunlardan sonra evlərin sənədləşdirilməsi daha da çətinləşir”. 

O qeyd edib ki, bu məsələyə indi deyil, ən azə 20 il öncə nəzarət edilməliydi:

“Son illər dövlətin diqqətindən kənarda qalan məsələlər müzakirə olunur. İcra hakimiyyətləri, bələdiyyələr evlərlə bağlı aministiya və problemlərin həlli üçün mexanizmlər fikirləşir. Lakin praktikada onların çox az bir hissəsi özünü doğrulda bilib. Buna görə də problemləri daha dərindən təhlil etdikdən sonra yeni qərarlar müzakirə olunub qəbul edilə bilər”. 

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev isə deyib ki, 500 mindən çox çıxarış ala bilməyən ev var:

“Bu tikililərin bir hissəsi sovetlər dövründən qalıb. Digər hissəsi isə təxminən 90-cı illərdən bu günə qədər tikilmiş evlərdir ki, onlara da çıxarışlar verilməməsinin müxtəlif səbəbləri var. Səbəblərdən biri torpaqların kateqoriyasının fərqli olmasıdır. Yəni hər hansısa bir əmlaka, tikiliyə çıxarışın verilməsi üçün onun təyinatı yazılanlara uyğun gəlməlidir. Kənd təsərrüfatı təyinatlı torpaqlarda yalnız və yalnız kənd təsərrüfatı təyinatlı tikillər tikmək olar, yəni ferma, anbar və digər aidiyyəti üzrə tikililər. Ancaq bu gün həmin ərazilərdə artıq yaşayış massivləri olduğuna görə həmin evlərə çıxarışların verilməsi üçün birinci növbədə onların torpaqlarının təyinatı dəyişdirilməlidir”. 

Ekspertin sözlərinə görə, torpaq sahələrinin təyinatı mərhələli şəkildə dəyişdirilə bilər:

“Bunları etmək üçün ilk növbədə təhlükəli zonalar müəyyən edilməlidir.  Qabağan olmuş ərazilərdə tikilmiş evlər var ki, onlara çıxarışlar verilə bilməz. 

Ancaq yüksək gərginlikli naqillərin yeri dəyişdirilərsə, bir zamanlar onların altında tikilən evlərə də çıxarışlar verilə bilər”. 

Seçilən
166
1
cebheinfo.az

2Mənbələr