AZ

Samux Rayon Mərkəzi Xəstəxanasında vətəndaşlara 50 minə yaxın ambulator tibbi xidmət göstərilib

Bakı, 12 iyun, AZƏRTAC

TƏBİB üçün region xəstəxanalarının inkişafı prioritetdir. Ölkəmizdə tibbi xidmətin müasir standartlar səviyyəsinə yüksəldilməsi, region xəstəxanalarının inkişaf etdirilməsi, bütün ölkə üzrə tibb müəssisələrinin fəaliyyətinin paralel modernləşdirilməsi və əhalinin tibbi xidmətlərə əlçatanlığının hər bir bölgə üzrə təmin edilməsi istiqamətində TƏBİB intensiv işlər görür. Görülən işlərin real nəticələrindən biri kimi Samux Rayon Mərkəzi Xəstəxanasını göstərmək mümkündür. Qısa zamanda bu müəssisədə vətəndaşlara göstərilən tibbi xidmətlərin sayı üç dəfəyə yaxın artıb.

TƏBİB-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təkcə bu ilin yanvar-may aylarında vətəndaşlara 50 minə yaxın ambulator tibbi xidmət göstərilib.

Qeyd olunub ki, bu, ötən ilin müvafiq dövründə təxminən 19 min ətrafında olub. Bundan əlavə, tibb müəssisəsində son 5 ay ərzində 256 nəfərə stasionar tibbi xidmət göstərilib ki, ötən il bu, cəmi 44 nəfər olub.

Bu ilin yanvar-may aylarında tibb müəssisəsindən digər dövlət və özəl müəssisələrə edilən göndəriş sayında da müsbət nəticələr əldə olunub. Müəssisədə tibbi xidmətin keyfiyyətinin artırılması ilə digər müəssisələrə göndərişlərin sayının kəskin azaldılmasına nail olunub. 2023-cü ildə verilən göndəriş vərəqələrinin sayı 894 olduğu halda, bu ilin müvafiq dövründə göndərişlərin sayı 3 dəfəyə yaxın azalaraq 336 təşkil edib.

 

 

Seçilən
68
6
azertag.az

7Mənbələr