AZ

“Xalaqızı manyaklığına son” – İki ay əvvəlki yazının başlığı


Bu ilin aprel ayının 10-da hazırda oxuduğunuz saytda (reklam olmasın deyə adını çəkmirəm) bir yazım çıxıb, başlığı belədir: “Xalaqızı manyaklığına son”. Necədir? Gündəmlə səsləşirmi?

Qədirbilən hökumətimiz, nəhayət, bu manyaklığa əncam çəkməyi düşünür və bu, çoxdan ortaya ziyalı mövqeyi qoymuş müəllifi sevindirir, yuxa qəlbli, amma millətin genefondunu düşünən şəxsləri kövrəldir.
Təbii ki, bu işə görə kədərlənənlər də var. Onlar da xalaqızı, dayıqızı, əmiqızı, bibiqızıdan başqa bir kimsəni bişirib özünə yar edə bilməyəcəyini düşünənlər, ya da həqiqətən o kateqoriyadan olan bacılarına pis gözlə baxanlardır.

Göründüyü kimi, üstdəki cümlədə “bacılarına” sözünü dırnaq işarəsi arasına almamışam. Çünki onlar doğrudan da bacıdırlar.

Bax, iki ay iki gün öncə yazdığım yazıda da bu mətləbi qeyd etmişdim. Təvazökarlıqdan çox uzaq, dayıqızlarına “kuzen” deyən Fransa qədər aralı olsa da, indi həmin yazıdan bir-iki abzası iqtibas edirəm:
“Gerçəkdən də, mədəni ölkələrdə əmoğlu, dayıqız, bibioğlu, xalaqızı kimi yaxın qohumlar bir-birinə “qardaş”, “bacı” deyirlər və təbii ki, nə sevgili olmur, nə də evlənmirlər, münasibətləri də qardaş-bacı kimi olur.

Amma siz “Oyna, ay xalamqızı” mahnısının sözlərinə baxın:

“Məcnun eyləmisən məni əzəldən,
Dur, oyna sən, oyna, ay xalamqızı.
Doymaq olmur sənin kimi gözəldən,
Dur, oyna sən, oyna, ay xalamqızı...”

Ayıb deyilmi? Çox ayıbdır. Siz hələ Yutubda bu mahnının altına yazılan şərhləri görəsiniz. “Super”in seti bir qəpik. “Ən sevdiyim mahnıdır” yazanlar, xalaqızlarına “aqromnu” salam göndərənlər var. Sanasan, ölkə xalaqızı manyakları ilə qaynaşır”.

Bəli, həqiqətən də bu ölkədə yaxın qohumuyla evlənən yüzminlərə adam var, bir o qədəri evlənməyi düşünür.

Bunun tibbi baxımdan yanlış olduğu barədə həkimlər nə qədər desəniz danışa bilərlər. Fəqət, xeyri yoxdur. Professorlar nə danışır, danışsın, 9-cu sinif təhsilini tam almayan bir baxıcı deyəcək ki, bajı, oğluna qızı uzaqlarda axtarma, öz əzizindən, simsarından yapış. O da gedib öz bacısının qızından yapışacaq. Sonra talassemiyalı uşaqlar doğulanda bilməyəcək kimin boğazından yapışsın.

Bir az da çox danışsaq, peyğəmbərdən sitat gətirəcəklər: “Əmoğlu ilə əmiqızının kəbini göydə kəsilib”. Tərs kimi, Kufə presedenti də var: Yezidlə Şümürün mühasirəsində qalan imam Hüseyn qızıyla qardaşı Həsənin oğlunu evləndirib.

Amma bu, 1400 il əvvəl olub. O vaxtlar tibb elmi inkişaf etməmişdi, heç kəs bilmirdi ki, qohum evlilikləri bir sıra irsi xəstəliklərin tətikçisidir.

Keçmiş vaxtlarda bir-birindən 10-15, çox vaxt isə 50-100 km uzaqlıqda yerləşən yaşayış məntəqələrində yaşayan gənclərin bir-birini görmək, bəyənmək imkanı yox idi, ona görə də qonşuluqdakı əmiqızıya potensial yar gözü ilə baxırdılar. Qəbilə dövrüydü. İndi, maşallah, gənclər Qəbələdən vurub Los-Ancelesdən çıxırlar, min bir fərqli millətin oğlu-qızıyla rastlaşırlar, ömür-gün yoldaşı tapmaq üçün variantları çoxdur. Variant çoxdursa, nə məcburdur rəqsə xalan qızını dəvət edəsən, ya da dayıqızına lay-lay deyəsən, eloğlu?

Əslində, təcrübə göstərir ki, bu xüsusda günahın çoxu gənclərdə deyil. Onlar startda əsasən “yad qızları”na meylli olurlar. Amma atalar, analar və baba-nənələr düşünür ki, əzizinin topdağıtmaz evi özününkünə qismət olsun və ya qardaşının gözəl-göyçək balası yad oğluna qismət olmasın.

And içərəm ki, kənd yerlərində yaşayan və övladı ailə qurmaq yaşına çatmış adamların yüzdə yetmişi oğluna və ya qızına adaxlı qismində məhz qohum-əqrəbadakı gəncləri gözdən keçirir. Bəlkə də doxsan faizi. Şəhər yerində bu əmsal bir az aşağı ola bilər, məsələn, 65-85 faiz. Ancaq prinsipial gənclər çıxır və valideynlərin bu niyyətini startdaca, ilk ağızarama proseduru zamanı üç kəlməylə boğurlar: “O, mənim bacımdır!” (Qızların variantında üç kəlmə yetmir, ən azı üç cümlə olur: “Elə şey olar? Bir yerdə böyümüşük. Mən ona həmişə qardaş gözüylə baxmışam”).

Hərçənd elə ki, gənc ağzını sürüdü, “ta nə bilim, kimi alırsınız, alın” dedisə, iş bitdi, alacaqlar.

Uzun sözün kəsəsi, millətin cırlaşmaması üçün qohum evliliklərinə son verilməsi vacibdir. Biz avropalılar kimi xalqlararası, irqlərarası evliliklərlə hərtərəfli qaynayıb-qarıışmağa hələ hazır deyilik, ona görə də əvvəlcə rayonlararası evliliklərə xeyir-dua verməliyik. Bunu genefond tələb edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
50
musavat.com

10Mənbələr