AZ

Sahibə Qafarova Lukaşenko ilə görüşdü

Belarusda rəsmi səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova Prezident Aleksandr Lukaşenko ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, Lukaşenko Azərbaycan parlamentinin sədrini səmimiyyətlə salamlayaraq, bu səfərin parlamentlər arasında münasibətlərin inkişafına töhfə verəcəyinə inamını ifadə edib.

Görüşdə qeyd olunub ki, ölkələrimiz arasında etimada, qarşılıqlı hörmətə, dostluğa və əməkdaşlığa əsaslanan strateji münasibətlər uğurlu inkişaf yolu keçib.

Aleksandr Lukaşenko Belarusda, xüsusən də ölkəsinin faşist işğalçılarından azad edilməsinin 80 illiyinin qeyd olunduğu bu günlərdə azərbaycanlıların Qələbəyə və Belarus torpaqlarının azad edilməsinə verdiyi töhfəni yüksək qiymətləndirdiklərini və onların şücaətlərini xatırladıqlarını qeyd edib.

Belarus Prezidenti Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyevlə birlikdə işğaldan azad olunmuş ərazilərimizə də baş çəkdiyini xatırladaraq, Şuşanın iqlimini və təbii gözəlliyini xüsusi qeyd edib. "Əminəm ki, siz bu ərazilərdə həyatı bərpa etməklə daha bir uğura imza atacaqsınız və biz bu işdə məmnuniyyətlə iştirak edəcəyik", - deyə Belarus lideri vurğulayıb.

Milli Məclisin sədri Sahibə Qafarova göstərilən yüksək səviyyədə qonaqpərvərliyə və ölkəmiz haqqında xoş sözlərinə görə, Belarus Prezidentinə minnətdarlığını bildirərək, Prezident İlham Əliyevin salamlarını Belarus Prezidentinə çatdırıb.

Prezident Aleksandr Lukaşenko onun da salamlarını Azərbaycan Prezidentinə çatdırmağı xahiş edib.

Spiker Sahibə Qafarova qeyd edib ki, xalqlarımızı ənənəvi dostluq əlaqələri, ümumi dəyərlər birləşdirir və ölkələrimiz arasında münasibətlər dövlət müstəqilliyini bərpa etdikdən sonra bütün sahələrdə uğurla inkişaf edir. O, bu əlaqələrin inkişafında iki ölkənin dövlət başçıları arasında mövcud olan yüksək səviyyəli əlaqələrin rolunu xüsusi vurğulayıb. 

Görüşdə, həmçinin iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlığın inkişafı, bu sahədə mövcud olan potensial barədə də fikirlər ifadə olunub.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
37
qafqazinfo.az

10Mənbələr