AZ

İdarəetmədə yeni düşüncə və yanaşma paradiqmalarının qaçılmazlığı

​Son illərdə ölkəmizin informasiya məkanı kifayət qədər siyasiləşib. Sosial şəbəkələr, sözün əsl mənasında hər kəs üçün əlçatan siyasi tribunaya çevrilib. Doğrudur, informasiya məkanı kontekstində “kəmiyyət” amili hələ ki, üstünlük təşkil edir. Ancaq hazırki cəmiyyət bu və ya digər şəkildə təqdim olunanların “keyfiyyət” tələbkarlığından hələlik çox uzaqdır. Ölkənin informasiya məkanına məzmun qatmaq prosesində elm fəal iştirak etmədiyi üçün məzmun dayazlığı bəzən qorxulu səviyyəyə çatır. Obyektivlik naminə onu da qeyd etməliyik ki, sözügedən sosial-siyasi təzahür qaçılmazdır və bu hal inkişaf prosesinin mütləq mərhələsidir.

​Sosial şəbəkələrin sıravi ziyarətçisi olan zaman adama elə gəlir ki, bütün cəmiyyət siyasi ekspertə çevrilib. “Keyfiyyət” və “obyektiv həqiqət” artıq heç kimi maraqlandırmır, hamı emosiya, qalmaqal və qeybət axtarışındadır. Çəkinmədən onu da deyə bilərik ki, təhlil ilə informativ xarakterli yazılar arasındakı fərq artıq aradan qaldırılıb. Məhz buna görə də analitika olduqca bəsitləşib. Analitikaya qiymət verilməyən yerdə isə demaqogiya oratorluq kimi qəbul olunur.

Əlbəttə ki, siyasətdə özünə yer tapmış populist psevdopatriotlar üçün mövcud vəziyyət olduqca əlverişlidir. Ucuz demaqogiya sosial şəbəkələrdə sözün əsl mənasında tüğyan edir. “Analitik yazılar sosial şəbəkə istifadəçilərini maraqlandırmır” – deyərək internet məkanını ən yaxşı halda siyasi tok-şouya çevirənlər “kütlənin” ictimai təfəkküründə tədricən təhrif olunmuş siyasi stereotiplərin formalaşmasına xidmət edirlər. Əlbəttə ki, mövcud tendensiya sağlam təfəkkür sahibləri narahat etməyə bilməz.

​Çox təəssüf ki, qeyd olunan proseslərdə “elm” artıq yola düşərək sürətini artıran qatara çatmağa çalışan gecikən sərnişinə bənzəyir. Halbuki reallıqda vəziyyət tamamilə əksinə olmalıdır. Qeyd olunanlar müstəvisində olduqca düşündürücü bir məsələyə mütləq toxunmalıyıq. Bildiyiniz kimi, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmişdir. Xatırladaq ki, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri məhz “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.

Əlavə olaraq, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunmuşdur. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur.

Mövcud kontekstdə əsas məsələyə keçməzdən öncə onu da bildirməliyik ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir. Sözügedən tədbirin Azərbaycanda keçirilməsi Prezident İlham Əliyevinin uğurlu siyasətinin bilavasitə təzahürü və beynəlxalq etirafıdır. Təsadüfi deyil ki, Azərbaycana düşmən kəsilmiş qüvvələr öz qərəzli ritorikalarında məhz sözügedən tədbiri hədəfə alıblar.

Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkənin siyasi gündəliyinə gətirilmiş “Yaşıl dünya” anlayışının kütləvi ağacəkmə aksiyalarının təşkili kimi təsəvvür olunması yalnız bəsit və dar çərçivəli təfəkkürünün məhsulu ola bilər. Dövlət siyasəti kontekstində “yaşıl dünya” məfkurəsi ilk növbədə yeni idarəetmə paradiqmalarının meydana gəlməsi deməkdir. Odur ki, “yaşıl dünya” prinsipi eyni zamanda ölkəmizdə formalaşan yeni siyasi konfiqurasiyanı xarakterizə edəcək əsas funksional keyfiyyət meyarlarından biri kimi qəbul olunmalıdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
5
aznews.az

6Mənbələr