AZ

Qədim Qəbələ - Qafar Cəbiyev yazır

Qafar CƏBİYEVAMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu Albanşünaslıq Elmi Mərkəzinin rəhbəri, Basqal arxeoloji ekspedisiyasının rəisi, tarix elmləri doktoru, professor


800 ildən artıq bir dövr ərzində qədim Azərbaycan dövləti Albaniyanın paytaxt şəhəri olmuş Qəbələnin tarixi uzun illərdir tarixçi və arxeoloqlar tərəfindən davamlı olaraq öyrənilməkdədir. Xatırladaq ki, hələ 2000 il bundan əvvəl qədim Roma və yunan mənbələrində adı çəkilən Qəbələnin dəqiq yeri XX əsrin əvvəllərinədək heç elm aləminə belə bəlli deyildi. Məsələn, N.Karaulovun XX əsrin əvvəllərində ərəb coğrafiyaşünaslarının məlumatları əsasında tərtib etdiyi xəritədə Qəbələnin Alazan çayı vadisində, A.Yanovskinin Ptolomeyə istinadən yazdığına görə isə Türyançay vadisində olduğu bildirilirdi. V.Tomaçek və S.Nəfisi isə onu Nuxa (indiki Şəki) ərazisində, yaxud da Şəkidən bir qədər qərbdə lokalizə etmişlər. Markovun xəritəsində Qəbələ Şamaxının yanında, B.Dornun xəritəsində Şamaxıdan şimal-qərbdə, S.Yuşkovun 1937-ci ildə dərc etdirdiyi məqaləsində isə Qəbələnin Dağıstan ərazisində - Sulaq və Samur çayları arasında olduğu bildirilirdi. Lakin ötən əsrin 20-ci illərindən başlayaraq Azərbaycan arxeoloqlarının tədqiqatları göstərdi ki, Qəbələnin lokalizəsi ilə bağlı söylənilən həmin versiyaların heç biri ciddi elmi əsasa söykənmir. Yəni bu versiyalardan hər hansı birisini təsdiqləyəcək nə yazılı qaynaq, nə konkret faktoloji material, nə yerli toponim, nə də bunları bir-biri ilə bağlayacaq məntiqi əsas var. Təəccüblüdir ki, həmin versiyaların müəlliflərindən heç birisi nəinki Cənubi Qafqazda, ümumiyyətlə Qafqazın hüdudları daxilində "Qəbələ" adlı yeganə yaşayış məntəqəsinin məhz Azərbaycan ərazisində olduğunu nəzərə almışdı. Söhbət indiki Qəbələ rayonunun Çuxur Qəbələ kəndindən gedir. O kənd ki, onunla 30 hektara yaxın sahəni əhatə edən qədim şəhər yeri qalıqlarını yalnız Qaraçayın dərəsi ayırır. Bu günədək öz əzəmətilə insanları heyran edən möhtəşəm qala divarları, qala qapısı və bürcləri, ərazisinin hər qarışında 5-6 m qalınlığında zəngin yaşayış qatının olduğu bir şəhər yeri! 1926-cı ildə görkəmli Azərbaycan arxeoloqu D.B.Şərifov ilkin kəşfiyyat qazıntısı aparanadək oranın məhz qədim Qəbələnin qalıqları olduğu heç kəsə bəlli deyildi. O vaxtadək "Qəbələ" və "Çuxur Qəbələ" toponimləri arasındakı məntiqi bağlılığı da nəzərə alan olmamışdı.

XVIII əsrin ortalarından etibarən Qəbələdə həyatın sönməsinin əsl səbəbinin nədən ibarət olması elmi ictimaiyyətin hələ də dəqiq cavab tapa bilmədiyi əsas suallardan birisidir. Maraqlıdır ki, XVIII əsrin ortalarında Qəbələ ilə bərabər, Azərbaycanın daha bir neçə şəhərində həyat sönüb. Bəzi araşdırıcılar bunun qədim karvan yollarının istiqamətindəki dəyişikliklərlə, bir başqaları isə cəmiyyət həyatında baş verən sosial-iqtisadi təlatümlərlə əlaqəli olduğunu izah etməyə çalışıblar. Əlbəttə, bu amilləri də nəzərdən qaçırmaq doğru olmazdı. Lakin hesab edirik ki, bu, bəzi şəhərlərdə həyatın sönməsini düşünmək üçün heç də əsas səbəb olmayıb. Fikrimizcə, əsas səbəb XVIII əsrin ortalarında bəzi Azərbaycan şəhərlərində, o cümlədən də, Qəbələdə ağır epidemiya (vəba) yayılması, çoxsaylı insan itkisi, sağ qalan əhalinin epidemiya ocağına çevrilmiş ərazini tərk etməsi olub. Bax, beləcə Qəbələdə şəhər əhalisinin epidemiyadan qurtulan hissəsi Qaraçayın sağ sahilində kənd salaraq həyatlarını orada davam etdiriblər. Yeni yaşayış yerinin "Çuxur Qəbələ" adlandırılmasının isə çox sadə izahı var. Yəni Qəbələ şəhər yeri ilə müqayisədə yeni  yaşayış yeri nisbətən çökək - çuxur ərazidədir. Ona görə də yerli sakinlər oraya "Çuxur Qəbələ" adı veriblər.

1926-cı ildə D.B.Şərifov tərəfindən Qəbələ şəhər yerində başlanılan arxeoloji tədqiqatlar artıq yüz ildir ki, davam etdirilməkdədir. 2009-cu ildən etibarən Azərbaycan arxeoloqları ilə yanaşı, SEBA Assosiasiyasının dəvəti və dəstəyi ilə Cənubi Koreya alimləri də Qəbələ tarixinin arxeoloji cəhətdən araşdırılmasında bilavasitə iştirak edir. Çoxillik və genişmiqyaslı tədqiqatlar nəticəsində qədim paytaxt şəhərimizin tarixinin bir sıra çox mühüm istiqamətlərinə dair, o cümlədən, Qəbələnin ən azı eramızdan əvvəl V əsrdən etibarən şəhər kimi mövcudluğunu təsdiqləyən zəngin tapıntılar əldə olunub. Hansı ki, bu tapıntılar Azərbaycanın qədim dövlətçilik tarixinin və şəhər mədəniyyəti ənənələrinin dərindən və hərtərəfli öyrənilməsi baxımından son dərəcə mühüm əhəmiyyət kəsb edir.



Qəbələnin qala bürclərindən görüntü

Qəbələnin tarixi ilə bağlı uzun illər  elmi ictimaiyyət üçün müəmmalı qalan məqamlardan birisi də 461-ci ildə paytaxtın oradan Bərdəyə köçürülməsi məsələsidir. Yəni necə oldu ki, 800 ilə yaxın bir müddət ərzində Albaniya dövlətinin baş şəhəri olan Qəbələ birdən-birə, özü də dövlətin daha yüksək inkişaf mərhələsində olduğu bir vaxtda paytaxt statusunu itirdi?! Yəni paytaxt hansı səbəb ucbatından Bərdəyə köçürüləsi oldu?! Xatırladaq ki, bu məsələyə münasibət bildirən əksər tarixçi alimlərimiz bunu daha çox Qəbələnin tənəzzülü, Bərdənin isə yüksələn xətlə inkişafda olduğu ilə əsaslandırmağa cəhd ediblər. Lakin son illər həm Qəbələ, həm də Bərdədə aparılan genişmiqyaslı  arxeoloji tədqiqatlar bu yanaşmanın əsla doğru olmadığını göstərdi. Yəni V əsrdə Qəbələnin tənəzzülü ilə bağlı söylənilən mülahizələr elmi cəhətdən təsdiq olunmadı. Əksinə, son illərin tədqiqatları şəhərin erkən antik dövrdən başlanan yüksəlişinin XV-XVI əsrlərədək davam etdiyini təsdiqlədi. Arxeoloji tədqiqatlar zamanı şəhər infrastrukturunun müxtəlif sahələrinə aid aşkar olunan tapıntılar da bunu qəti şəkildə təsdiq edir. Deməli, V əsrdə paytaxtın Bərdəyə köçürülməsini Qəbələnin tənəzzülü ilə bağlamaq əsla doğru yanaşma deyil. Əslində V-VIII əsrlərdə və daha sonrakı dönəmdə həm Qəbələ, həm də Bərdə bu regionda marağı olan dövlətlərin orduları tərəfindən zaman-zaman basqın, hücum, qarət və dağıntılara məruz qalmalarına rəğmən, yenə də inkişaf və yüksəlişdə olub. Bütün bunları xatırlatmaqla mətləbdən bir qədər uzaqlaşsaq da, son olaraq demək istədiyimiz odur ki, Albaniyanın paytaxtının guya Qəbələdən Bərdəyə köçürülməsi fikri ətrafında daha ciddi və əsaslı şəkildə düşünməyə ehtiyac var. Bundan əvvəlki cümlədə "guya" sözünü elə-belə işlətmədik. Ümumiyyətlə, V əsrdə Albaniyanın paytaxtı rəsmən Qəbələdən Bərdəyə köçürülübmü?! Bizcə, bu, tam olaraq yanlış fikirdir. Nəzərə almaq lazımdır ki, o dönəmdə bir sıra ətraf dövlətlər kimi Albaniya da Sasani imperiyasnın tərkibinə daxil idi və Sasani mərzbanları tərəfindən idarə olunurdu. Sasani mərzbanları isə alban hökmdarları ilə birlikdə məhz paytaxtda, yəni Qəbələdə otururdu. Lakin İranda baş verən daxili toqquşmalar zəminində qohumu Mehranın şah Xosrovun intiqamından qorxaraq 30000 ailə ilə birlikdə qaçaraq Girdiman vilayətinə gəlməsi Sasanilərin Albaniyadakı idarəçiliyinə çox ciddi zərbə oldu. Şah Xosrov və əhatəsi qorxurdu ki, Mehran Sasanilərin düşmənləri, o cümələdən, xəzərlərlə birləşərsə bu, gələcəkdə onlar üçün çox böyük təhlükə mənbəyi ola bilər. Bunu şah Xosrovun Mehrana göndərdiyi məktubdan da çox asanlıqla sezmək olur. Dövrün salnaməçisi, alban tarixçisi Musa Kalankatuklunun "Albaniya tarixi" adlı əsərində yer alan həmin məktubda deyilir: "Qardaşım! Mənim sadiq qardaşım! Düşmən kimi məndən uzaqlaşma. Əgər sən mənimlə bir yerdə yaşamağı xoşlamırsansa, bu məktub sənə çatanda nə qədər yol getmisənsə, Albaniyada yaşamaq üçün özünə bir o qədər torpaq götür..." Bu məktubdan da göründüyü kimi, Sasanilər artıq Qəbələ də daxil olmaqla o yerləri Mehranilərin şəxsində bütövlükdə hakimiyyəti ələ keçirmək ərəfəsində alban Girdiman feodallarının idarəçiliyinə buraxmaq məcburiyyətində qalıb. Belə olan halda təbii ki, Sasani mərzbanının bundan sonra da Qəbələdə oturması artıq mümkünsüz idi. Məhz bu səbəbdən də Sasani rəhbərliyi onu Girdiman hökmdarlarının təsir dairəsindən nisbətən uzaqda olan Bərdəyə köçürməli olublar. Yəni bu halda ölkənin paytaxtı deyil, mərzbanlığın qərərgahı Bərdəyə köçürülüb. Qəbələ isə əvvəlki kimi, bundan sonra da Albaniyanın baş şəhəri - paytaxtı olaraq qalıb.

"Qəbələ" toponiminin etimoloji cəhətdən izahı qədim paytaxt şəhərimizin tarixi ilə bağlı geniş maraq doğuran, lakin bugünədək dəqiq elmi izahı bəlli olmayan məsələlərdən biri olaraq qalmaqdadır. Müxtəlif vaxtlarda ayrı-ayrı tədqiqatçılar tərəfindən bu toponimin "qiblə", "qəbilə", "qobulu", "kvedbelaka" kimi izahına cəhd edilmişdir. Amma açıq etiraf etməliyik ki, bu izahlardan heç birisi geniş elmi ictimaiyyət tərəfindən heç də rəğbət qazanmayıb. Çünki həmin adlardan heç birisinin zahiri uyğunluqdan savayı, "Qəbələ" toponimi ilə heç bir özəl məntiqi bağlılığı görünmür. Əslində elə Qəbələ şəhərinin tarixi, onun ölkə miqyasındakı sosial-siyasi və iqtisadi yeri, rolu və nəhayət, uzun illərin axtarışları nəticəsində aşkar olunmuş zəngin maddi mədəniyyət kolleksiyası da həmin toponimlərin elmi cəhətdən izahı baxımdan demək olar ki, heç bir ipucu vermir.



Fikrimizcə, yuxarıda sadalanan ehtimallardansa daha çox ərəb dilində olan "qabələ" sözünün izahı və "Qəbələ" toponimi ilə onun həm forma uyğunluğu, həm də məntiqi bağlılığı üzərində düşünməyə dəyər. Xatırladaq ki, "qabələ" sözü ərəb dilində "razılaşmaq", "saziş bağlamaq", "sövdələşmək", "dilbir olmaq", "bir araya gəlmək" kimi mənalarda işlədilir. Təbiidir ki, ərəb mənşəli bu söz leksikonumuza daxil olduqdan sonra dilimizin normalarına uyğun olaraq "qəbələ" kimi təlləfüz olunmağa başlanıb. Yəni ərəb dilindəki "qabələ" sözünün Azərbaycan türkcəsində "qələbə" formasında yazılması və elə bu cür də səslənməsi tam olaraq məntiqlidir. Xatırladaq ki, rus tarixçiləri bir zamanlar Azərbaycanın da tərkibində olduğu dövlətlərin tarixindən bəhs edərkən "qabələ" sözünü rus dilinin qrammatikasına uyğunlaşdırmaqla "kabala" formasında işlətmişlər. Deməli, "qabələ" sözünün "qəbələ" və yaxud da "kabala" formasında işlədilməsi halları tarixən olub və bu gün də belədir.

Elə isə "qabələ" sözü ilə "Qəbələ" toponimi arasındakı məntiqi bağlılıq barədə nə demək olar?! Fikrimizcə, bununla bağlı da çox ciddi ip ucu ola biləcək dəlil və sübutlar mövcuddur. Söhbət Azərbaycanın antik və ilk orta əsr şəhərləri, o cümlədən, Qəbələdə aparılan arxeoloji qazıntılar zamanı aşkar edilmiş çoxsaylı bullalardan, yəni üzərində  möhür əksi olan gil parçalarından gedir. Xatırladaq ki, "bulla"latın sözü olub "yumru", "peçat", "sənəd", "əşyanın üstünə vurulmuş möhür və ya birka" mənası bildirir. O da məlumdur ki, antik və ilk orta əsrlər dövründə bir çox yerlərdə, xüsusən də Yunanıstan, Roma, onlarla təmasda olan Şərq ölkələrində mülk və əmlak sahibləri mübadilə və icarə şərtlərini əks etdirən sənədlər üzərinə bu və ya digər formada möhür vurulması praktikasından geniş istifadə olunurdu. Hesab edirik ki, Qəbələ ərazisindən tapılmış analoji bullalardan da məhz subyektlər arasındakı əmlak, vergi, rüsum, xərrac və bu kimi münasibətləri sənədləşdirmək məqsədilə istifadə edilib.

Yeri gəlmişkən onu da xatırladaq ki, Qəbələnin əsas tədqiqatçılarından olan görkəmli arxeoloq İlyas Babayev hələ 1965-ci ildə Azərbaycanda ilk dəfə bullalara həsr olunmuş dissertasiya işi yazaraq onu müdafiə edib. Hansı ki, həmin əsərdə bullaların meydana gəlməsi, yayılma arealı, onların təsnifatı və üzərlərindəki təsvirlərin semantikası ilə bağlı məsələlər Azərbaycan tarixşünaslığında ilk dəfə olaraq elmi cəhətdən şərh olunub.

Qəbələ 800 ilə yaxın bir müddət ərzində ölkənin baş şəhəri - paytaxtı və başlıca sənət, mədəniyyət və ticarət mərkəzi olduğundan ora həm də vergi, xərac və icarə razılaşmalarının rəsmiləşdirildiyi yer olub. Fikrimizcə, Qabələ - "Qəbələ" toponimi də məhz bu münasibətlər zəminində meydana gəlib. Başqa sözlə, ərəb dilində olan "qabələ" sözünün Azərbaycan dilininin qrammatikasına uyğunlaşdırılmış variantı olan "Qəbələ" toponimi müqavilələrin, sazişlərin, icarə, xərac və digər münasibətlərin tənzimləndiyi, rəsmləşdirildiyi yer mənası bildirir. Bu baxımdan xüsusi maraq doğuran daha bir məqam ondan ibarətdir ki, Qəbələ tədqiqatları zamanı bullalar daha çox məhz Antik Qəbələ kimi tanınan ərazidən tapılıb. O ərazidən ki, orada bir-birinin yaxınlığında olan bir neçə iri ictimai bina, içərisində taxıl, fındıq və şərab qalıqları olan yüzlərcə sayda iri təsərrüfat küplərindən ibarət nəhəng anbar da aşkar edilib. Fikrimizcə, həmin tikinti və anbarların təyinatının nədən ibarət olmasından asılı olmayaraq, onların hər birində həm də müəyyən mübadilə, vergi, rüsum, xərac, sövdələşmə razılaşma məzmunlu əməliyyatlar aparılıb. Mümkündür ki, Qəbələ ölkənin baş şəhəri - paytaxtı olduğu dönəmdə, təkcə lokal və regional deyil, bəlkə də lap elə beynəlxalq miqyaslı tranzit sövdələşmə, razılaşma mərkəzi olub. Arxeoloji axtarışlar zamanı şəhər ərazisindən tapılan çoxsaylı, həm də rəngarəng çeşidli maddi mədəniyyət nümunələri, xüsusən də dünyanın müxtəlif ölkələrində və şəhərlərində zərb olunmuş pulların tapılması da sözsüz ki, belə intensiv əlaqələrin olduğundan xəbər verir.

P.S. Tez-tez eşitdiyimiz və hər birimizin də tez-tez təkrar etdiyimiz belə bir ifadə var: tarix təkrar olunur. Bəli, bu gün həmin ifadəni Qəbələnin timsalında da çox rahatlıqla işlədə bilərik. Yəni bir zamanlar rəsmən ölkənin paytaxtı olmuş Qəbələ elə bu gün də mərkəzdir. Təkcə rayon mərkəzi deyil, həm də Azərbaycanın mühüm dialoq, sənət və mədəniyyət mərkəzidir. Orada davamlı olaraq beynəlxalq miqyaslı görüşlər, yarışlar, simpoziumlar və festivallar keçirilməkdədir. Yaxşı yadımdadır, 15-16 oktyabr 2013-cü il tarixlərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısı məhz Qəbələ Konqres Mərkəzində baş tutdu. Toplantı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Abdullah Gül, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Qırğızıstan Prezidenti Almazbek Atanbayev və Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Sapardurdu Toyliyevin iştirakı ilə Türkdilli Dövlətlərin gələcək fəaliyyət strategiyasına hədəflənmiş işgüzar müzakirələr oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sonrakı illərdə də bir sıra ölkələrin prezidentləri və hökumət rəhbərlərini də məhz Qəbələ Konqres Mərkəzində qəbul edərək onlarla işgüzar müzakirələr aparıb.






















Bizi İnstagramda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
3
525.az

4Mənbələr