AZ

"Joqo", yoxsa "gegen"?


Məşqçilər dünya futbolunun "anasını ağladıblar". Xüsusilə də son 10 ildə komandaların maksimum "qurudulması", ulduzsuzlaşdırılması, taktikanın ön plana çıxarılması tendensiyası öz pikini yaşayıb. Pressinq, gegen-pressinq, ultra-pressinq, topsaxlama və s. məhfumlar oyunun özündən daha çox danışılıb, oyunda rəng qalmayıb. Nə normal bir driblinq edən, nə normal bir texnika nümayiş etdirən qalmayıb. Gör, nə vəziyyətdi ki, Vinisius finalda bir dənə "mejdunoq" atmışdı deyə, sevincimizdən özümüzə yer tapmırdıq. Yaxud Kroos bir dənə ara ötürməsi vermişdi, adamı Allah səviyyəsinə qaldırdıq. 10-15 il əvvəl o pasları ortabab italyan komandalarında konveyer kimi atırdılar. Toninin əməyini yerə vurmuram, adam dahidi, bu öz yerində. Sadəcə ümumi durumu izah etmək istəyirəm.

"Filan komanda 67 pasdan sonra qol vurdu" videosu təbii ki adamı özünə cəlb edir, maraqla baxırsan. Amma arada 70 metrlik uzun ötürmə ilə qapıçı ilə təkbətək qalıb onun başının üstündən atılan, yaxud 3-5 nəfəri "barmağına dolayıb", qapıçını da bir-iki dəfə yerə uzandırıb, sonra boş qapıya girən hücumçunun ifasını da görmək pis olmazdı. Təbii ki, var, amma ortalarda. Elit səviyyədə bu qalmayıb, belə şeylər yoxdu.

Futbola cavabdeh şəxslər oyuna nə boyda zərbə vurduqlarının fərqinə varmalı, papaqlarını qarşılarına qoyub düşünməlidilər ki, səhvimizi necə düzəldək. Çünki bir az da belə getsə, heç kim televizor qabağına keçib futbol izləməyəcək. Son 1 ildə bir az "ayılıblar". Relativ futbol deyilən bir şey var – məhəllə futbolunun futzalla qarışığına oxşayan bir fəlsəfədən doğur - ona cığır açıblar (yeri gəlmişkən, Ançelotti bu tərzin müəyyən elementlərini artıq tətbiq etməyə başlayıb, ona görə yuxarıda onun komandasından danışdıq), ruslar demiş, "bolee-menee" nəsə tərpənmələr var. Amma azdı. Yenilənmənin sürəti azdı, tələsdirmək, təkan vermək lazımdı. Bu mənada cümə günü başlayacaq Avropa çempionatı xüsusi əhəmiyyət daşıyacaq.

Dünyaya futbolu bəxş edən, tarix boyu onun mərkəzi olan Avropa bu sevimli oyunumuzu xilas etməlidi. AÇ-də parlayacaq ulduzlar bizi bozluqdan qurtarmalı, yeni rənglər qatmalı, bu taktika hegemonluğuna son qoymalıdılar. "Joqo bonita" lazımdı, gegen-pressinq yox. Ehtiyacımız var buna.

Mən AÇ-yə ilk növbədə bu istəklə baxacam.

 

Kənan Məstəliyev, "Rekord.az"

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
1
rekord.az

2Mənbələr