AZ

Avropa Parlamentinə seçkilərdən sonra Makronun taxtı çatladı...

Image

Avropa Parlamentində keçirilən seçkilərdə, gözlənildiyi kimi, ifrat sağçılar böyük uğur əldə etdilər. Bu hal Fransada özünü daha qabarıq formada büruzə verdi. Fransada ifrat sağçıların hazırkı prezident Emmanuel Makronu dəstəkləyən liberal qüvvələr üçün ciddi problemlər yaradacağına dair proqnozlar özünü doğrultdu. 

Qeyd edək ki, Fransada Avropa Parlamentinə seçkilərdə Marin Le Penin sədri olduğu Milli Birlik partiyası 31,5, Makronun İntibah  partiyası 15,2, Sosialistlər partiyası isə 14 faiz səs qazanıb. Le Penin sədri olduğu Milli Birlik partiyasından Cordan Bardelanın rəhbərlik etdiyi seçki siyahısı Avropa seçkilərində mütləq qələbə qazanıb. Seçkilərin nəticələri açıqlandıqdan sonra Bardela çıxış edərək, mütləq qələbə münasibətilə tərəfdarlarını alqışlayıb və prezidenti yeni parlament seçkiləri təşkil etməyə çağırıb.  Elə bundan  sonra Emmanuel Makron ölkədə Milli Assambleyanın buraxıldığını elan edib. O bildirib ki, Fransa Milli Assambleyasına seçkilərin 1-ci turu iyunun 30-da, 2-ci turu isə iyulun 7-də keçiriləcək: “Nəticələr Avropanı müdafiə edən partiyalar üçün yaxşı deyil. Ona görə də heç nə olmamış kimi davrana bilmərəm. Konstitusiyamızın 12-ci maddəsində tələb olunan məsləhətləşmələri apararaq, səsvermə yolu ilə bir daha sizə parlament gələcəyimizin seçimini vermək qərarına gəldim. Ona görə də Milli Assambleyanı buraxıram”. Bu fonda Le Pen Fransa Milli Assambleyasının buraxılmasından sonra partiyasının dövləti idarə etməyə hazır olduğunu bildirib. Le Pen Milli Birlik partiyasının ölkə vətəndaşları ona etimad göstərəcəyi təqdirdə dövləti idarə etməyə hazır olduğunu bildirib: “Biz yeni seçkilərə hazırıq. Əgər xalqımız bizə etimad göstərərsə, biz Fransada hakimiyyəti ələ almağa hazırıq”. O, həmçinin, Emmanuel Makronun Milli Assambleyanı buraxmaq qərarını yalnız alqışlaya biləcəyini deyib. Ekspertlər hesab edir ki, Makron və partiyası Milli Assambleyaya seçkilərdə də ciddi məğlubiyyət yaşayacaq. Onun məğlubiyyəti daxili və xarici siyasət problemlərinin təsiri, populist partiyaların yüksəlişi və iqtisadi vəziyyətin pisləşməsi kimi müxtəlif səbəblərlə izah edilə bilər. İqtisadiyyatda geriləmələrə və ciddi narazılıqlara yol açan mənfi proseslərin əsas səbəbi kimi Emmanuel Makron hökumətinin səriştəsizliyi göstərilir. Bu günlərdə isə Yelisey Sarayı üçün növbəti bəd xəbər “Standard & Poor’s” reytinq agentliyindən gəlib. Qurum son hesabatında Fransanın büdcə vəziyyətinin pisləşdiyini elan edib və onun kredit reytinqini aşağı salıb. Fransa hakimiyyətinin özü də milli iqtisadiyyatda pisləşmə meyllərinin fərqindədir.  Makron müxtəlif auditoriyalarda ölkəsinin Avropa İttifaqı məkanının ən güclü iqtisadiyyatlarından birinə malik olduğunu bildirir. Reallıq isə Makronun iddialarının əksini deyir. Ekspertlərin fikrincə, bu durumda Fransada ifrat sağçıların mühüm uğur əldə etməsi tamamilə gözlənilən idi. Onlar Avropa İttifaqında siyasi qüvvələrin ənənəvi sıralarını sarsıdıblar. Məğlubiyyət, xüsusilə Fransa prezidenti və onun İntibah partiyası üçün alçaldıcı oldu. Beləliklə, 27 Avropa dövlətinin bloku nəzərəçarpacaq dərəcədə sağa doğru irəliləyib: məsələn, baş nazir Ciorcia Meloni Avropa Parlamentində İtaliya Qardaşları üçün yerlərin sayını iki dəfə artırdı. İfrat sağçı “Almaniya üçün Alternativ” öz namizədləri ilə bağlı bir sıra qalmaqallara görə tənqid atəşinə tutulsa da, o, kansler Olaf Şoltsun Sosial Demokratlar Partiyasına qalib gəlmək üçün kifayət qədər mandat qazanıb. Politoloqlar vurğulayır ki, Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin başçılıq etdiyi Xristian Demokratlar ifrat sağçıların təsirindən ehtiyat edərək, kampaniya zamanı miqrasiya və iqlim məsələlərində daha da sağçı mövqeyə keçiblər. Onlar 720 yerlik Avropa Parlamentində ən böyük qrup olaraq qalmaqla və Aİ-də qanunvericilik səlahiyyətlərinin nəbzini tutmağa davam etməklə mükafatlandırılıblar. Amma əsas xəbər meykeri istisnasız olaraq Marin Le Penin partiyası oldu. 

İndi ekspertlər qeyd edir ki, Emmanuel Makronun parlamenti buraxması onun üçün böyük problemlər yaradacaq. Müşahidəçilərin fikrincə, bu, ciddi siyasi risqdir, çünki hakim İntibah partiyası daha böyük itkilərə məruz qala bilər ki, bu da Makronun 2027-ci ilədək prezidentlik müddətini uğurla başa vurmasına mane olacaq. Le Pen isə bu durumda qeyd edir: “Biz ölkəni yaxşılığa doğru dəyişməyə hazırıq, fransızların maraqlarını müdafiə etməyə, kütləvi immiqrasiyaya son qoymağa hazırıq”. Le Penin bu çağırışı Fransada məmnuniyyətlə qəbul edilir. Avropa İttifaqının ən çox əhalisi olan Almaniyada isə ifrat sağçı Almaniya üçün Alternativ partiyası əsas namizədi ilə bağlı bir sıra qalmaqalları aradan qaldıraraq 16,5% səs toplayıb. 2019-cu ildə bu partiya 11% qazanıb. Müqayisə üçün: Almaniyanın hakim koalisiyasında üç partiyanın ümumi nəticəsi 30%-i çətinliklə keçib. Politoloqlar qeyd edirlər ki, ifrat sağçıların qələbəsi 20-yə qədər mandat itirərək altıncı yerə geriləyəcəyi proqnozlaşdırılan Yaşılların hesabına mümkün olub. Mərkəzçilər də ciddi itkilər veriblər. İndi bu seçkidə yaxşı çıxış etdikdən sonra ifrat sağçılar miqrasiyadan təhlükəsizliyə, iqlim dəyişikliyinə qədər siyasət sahələrində mühüm oyunçu ola bilər. Bunun qarşısını almaq üçün Avropa Komissiyasının hazırkı rəhbəri Ursula fon der Lyayen Sosial Demokratlar və Liberallarla koalisiya yaratmağı təklif edir. Yaşılların məğlubiyyəti Aİ-nin iqlim dəyişikliyi ilə bağlı ümumi siyasətinə təsir göstərə bilər. İndiyədək bu sahədə Avropa siyasəti dünyada ən mütərəqqi siyasət hesab olunurdu. Seçkilərin sağa doğru dəyişməsi ümumilikdə Aİ-nin qərar qəbulunu çətinləşdirə bilər, çünki beş illik müddətə xidmət edən qanunvericilər Aİ büdcəsini təsdiqləyirlər. O, prioritet layihələri, o cümlədən infrastruktur, təsərrüfat subsidiyaları və Ukraynaya verilən yardımları müəyyən edir. Avropa Parlamentinin üzvləri, həmçinin, Avropa Komissiyasına təyinatlar üzərində veto hüququna malikdirlər. 

Tahir TAĞIYEV





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
50
baki-xeber.com

10Mənbələr