AZ

Azərbaycan-Misir əməkdaşlığında yeni dövr TƏHLİL

Prezident İlham Əliyev: "Azərbaycan və Misir beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq edir"

Dinamik inkişafına görə bir çox dövlətləri üstələyən Azərbaycanda bu gün aparılan məqsədyönlü daxili və xarici siyasətin məntiqi olaraq ölkəmiz dünya dövlətləri arasında yerini daha da möhkəmləndirir. Dünyanın inkişaf etmiş dövlətləri ilə əməkdaşlığın daha da genişləndirilməsi ölkəmizin xarici siyasətinin əsas prioritetlərini təşkil edir. Azərbaycanın çoxşaxəli xarici siyasətində əsas istiqamətlərdən birini də ərəb dövlətləri ilə əlaqələr təşkil edir. Ölkəmizin bir çox dünya dövlətləri ilə yanaşı, Misir Ərəb Respublikası ilə də qarşılıqlı əlaqələri dostluq və əməkdaşlığa söykənir. Bu gün Azərbaycan-Misir münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyub və bu, hər iki xalqın milli maraqlarına cavab verir. İki ölkə arasında münasibətlərin inkişafı üçün böyük potensial var və qarşılıqlı səfərlər əməkdaşlığın sürətlə genişləndirilməsi baxımından mühüm imkanlar yaradır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Misir Ərəb Respublikasına səfəri ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə xidmət edir və yeni yollar açacaqdır. "Bu səfər Misir-Azərbaycan əlaqələrinin inkişafına böyük təkan verəcək". Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə mətbuata bəyanatında deyib. Dövlətimizin başçısı bildirib ki, keçən il biz Prezident Sisini Azərbaycanda qəbul etmişdik, bu il mən səfər edirəm: "Yəni, bu onu göstərir ki, siyasi dialoq müntəzəm xarakter daşıyır və biz razılaşdıq ki, bundan sonra da bu siyasi dialoq davam etdirilsin".

"NƏQLİYYAT-LOGİSTİKA SAHƏSİNDƏ ƏMƏKDAŞLIQ ÜÇÜN ÇOX GÖZƏL İMKANLAR AÇILMAQDADIR"

Səfər çərçivəsində keçirilən danışıqlar ikitərəfli əlaqələrin müxtəlif sahələrdə möhkəmləndirilməsinə xidmət edir. Eyni zamanda, qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq məsələlər ətrafında müzakirələr aparılıb. O cümlədən inşaat, nəqliyyat, əczaçılıq, neft və infrastruktur sahələrində mümkün əməkdaşlıq imkanlarını müzakirə edilib. Həmçinin Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin imkanlarının artırılması, Misirin Türkiyənin Mersin limanı vasitəsilə bu xətdən istifadə edərək, Mərkəzi Asiya ölkələri ilə iqtisadi-ticari əlaqələrin genişləndirilməsi məsələlərinə də müzakirə mövzusu olaraq diqqət yetirilib. Şimal-Cənub Nəqliyyat Dəhlizi və bu xüsusda əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb. "Biz bu gün, eyni zamanda, yeni nəqliyyat dəhlizləri ilə əlaqədar fikir mübadiləsi apardıq. Həm Şərq-Qərb, həm Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycan ərazisindən keçir. Azərbaycan ərazisində bütün infrastruktur yaradılıb və beləliklə, nəqliyyat-logistika sahəsində əməkdaşlıq üçün çox gözəl imkanlar açılmaqdadır", - deyə Prezident bildirib.

"TİCARƏT DÖVRİYYƏSİ BİR NEÇƏ DƏFƏ ARTIB"

Azərbaycan-Misir əlaqələri bu gün sürətlə inkişaf edir. Əməkdaşlığın qədim tarixi kökləri var. Hələ sovet dönəmində Azərbaycanla Misir arasında mehriban dostluq əlaqələri olub. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra bu əlaqələr keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Afrika qitəsinin şimal-şərqində, Yaxın Şərq bölgəsində yerləşən Misir Ərəb Respublikası 1991-ci il dekabrın 26-da Azərbaycanın müstəqilliyini tanıyıb. 1993-cü ildə qarşılıqlı diplomatik əlaqələrin yaradılması haqqında protokola əsasən Misirin Bakıda, 1994-cü ilin yanvarında isə Azərbaycanın Qahirədə səfirlikləri açılıb. Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələsində Misir Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyib və üzv olduğu beynəlxalq təşkilatlarda ədalətli mövqeyini daim müdafiə edib. Misir Azərbaycan ilə Ərəb Dövlətləri Liqası arasında əlaqələrin inkişafını da dəstəkləyir. Azərbaycanda ticarət, sənaye və xidmət sahələrində Misir investisiyalı 10-dan çox şirkət fəaliyyət göstərir. İki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsi üçün böyük potensial var. "İkitərəfli münasibətlərə gəldikdə, ticarət həcminin artırılması təbii ki, müsbət haldır. Əgər statistik rəqəmlərə baxsaq görərik ki, ticarət dövriyyəsi bir neçə dəfə artıb", - deyə bildirən Cənab Prezident bildirib ki, mütləq rəqəmlər hələ bizi qane etmir və bu gün imzalanmış sənədlər, əldə edilmiş razılaşmalar əminəm ki, bu istiqamətdə də bizə kömək edəcək: "Əminəm ki, ilk növbədə, energetika, bərpaolunan enerji növlərinin istehsalı, neft sənayesi, əczaçılıq, alüminium sənayesi sahələrində və digər sahələrdə yaxşı nəticələr əldə etmək mümkün olacaq".

GƏLƏCƏK ƏMƏKDAŞLIQ ÜÇÜN İMZALANAN SƏNƏDLƏR

Qahirədə keçirilən geniş tərkibdə görüş zamanı hökumətlərarası komissiyanın növbəti iclasının Misirdə keçiriləcəyi də bildirilib. Azərbaycanın biznes nümayəndə heyətinin Misirə səfər etdiyi və müxtəlif sahələrdə əməkdaşlıq imkanlarının hazırda nəzərdən keçirildiyi qeyd olunub. Əlbəttə ki, bütün sahələrdə özünü büruzə verən qarşılıqlı anlayış, istər siyasi, istər iqtisadi, istər digər sahələrdə əməkdaşlığın inkişafı istiqamətində hər iki tərəfin siyasi iradəsinin mövcudluğu bu əlaqələri tez bir zamanda daha da gücləndirəcəkdir. Azərbaycan Prezidenti və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin iştirakı ilə Azərbaycan-Misir sənədlərinin imzalanması bundan sonrakı mərhələdə dövlətlərarası münasibətlərin daha da inkişafına öz töhfəsini verəcəkdir. Belə ki, "Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Misir Ərəb Respublikasının Gənclər və İdman Nazirliyi arasında gənclər və idman sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu və "Azərbaycan Respublikasının Bakı Şəhər İcra Hakimiyyəti ilə Misir Ərəb Respublikasının Qahirə Qubernatorluğu arasında dostluq və əməkdaşlıq haqqında Anlaşma Memorandumu", "Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Misir Ərəb Respublikasının Elektrik və Bərpaolunan Enerji Nazirliyi arasında elektrik və bərpaolunan enerji sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu" imzalanıbdır. Eyni zamanda, "Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə Misir Ərəb Respublikasının Sərmayə və Azad Zonalar üzrə Baş Qurumu (GAFI) arasında 2024-2025-ci illər üzrə Birgə Fəaliyyət Planı"nı, "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Misir Ərəb Respublikasının Neft və Mineral Ehtiyatlar Nazirliyi arasında əməkdaşlıq haqqında Niyyət Protokolu" və digər sahələri əhatə edən sənədlər imzalanıbdır. Dövlət başçılarının geniş tərkibdə görüşü zamanı Azərbaycan ilə Misir arasında ikitərəfli siyasi əlaqələrin səviyyəsindən məmnunluq ifadə olunub.

"BİZ BEYNƏLXALQ TƏŞKİLATLAR ÇƏRÇİVƏSİNDƏ FƏAL ÇALIŞIRIQ"

Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı yüksək qiymətləndirilib, bu xüsusda Qoşulmama Hərəkatında və İslam Əməkdaşlıq Təşkilatında işbirliyi vurğulanıb. "Beynəlxalq məsələlərin müzakirəsi zamanı aydın oldu ki, fikir ayrılığımız yoxdur. Bütün beynəlxalq məsələlərdə bizim fikrimiz üst-üstə düşür. Əslində, biz beynəlxalq təşkilatlar çərçivəsində fəal çalışırıq, o cümlədən BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal əməkdaşlıq edirik, İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində birgə səylər göstəririk", - deyə bildirən Cənab Prezident qeyd edib ki, Misirin dəstəyi ilə Azərbaycan dörd il ərzində Qoşulmama Hərəkatına sədrlik etmişdir. Bu sədrliyin nəticəsində Hərəkat daha böyük imkanlara malik olmuşdur: "Fələstin-İsrail münasibətlərinin tənzimlənməsi və müstəqil Fələstin Dövlətinin yaradılması bizim Qoşulmama Hərəkatına sədrliyimiz dövründə hər zaman diqqət mərkəzində idi, bir çox tədbirlər keçirilmişdir və Azərbaycanın mövqeyi birmənalıdır - müstəqil Fələstin Dövləti qurulmalıdır, Şərqi Qüds onun paytaxtı olmalıdır. Bu gün Qəzzada yaşanan faciə tezliklə dayandırılmalıdır, müharibə dayandırılmalıdır və bütün məsələlər danışıqlar yolu ilə həll olunmalıdır. Mən Prezident əs-Sisiyə bildirdim ki, biz Misirin bu istiqamətlərdəki səylərini dəstəkləyirik və Misir tərəfindən irəli sürülmüş təşəbbüslər diqqətə alınmalıdır".

"AZƏRBAYCANIN QAZAX RAYONUNUN OTUZ İLDƏN ÇOX MÜDDƏT ƏRZİNDƏ İŞĞAL ALTINDA OLMUŞ DÖRD KƏNDİ DANIŞIQLAR YOLU İLƏ AZƏRBAYCANA GERİ QAYTARILMIŞDIR"

Görüşdə Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşma prosesinin Misir tərəfindən dəstəkləndiyi, dörd kəndin danışıqlar yolu ilə Azərbaycana qaytarıldığı, iki ölkə arasında sərhədlərin delimitasiyası və demarkasiyası istiqamətində aparılan işlər təqdir olunub. "Biz Cənubi Qafqazdakı prosesləri də müzakirə etdik", - deyən Prezident bildirib ki, hazırda Azərbaycan və Ermənistan öz dövlət sərhədlərini müəyyənləşdirmək işində müəyyən uğurlara nail olublar: "Demək olar ki, 12,7 kilometr dövlət sərhədi razılaşdırıldı. Azərbaycanın Qazax rayonunun otuz ildən çox müddət ərzində işğal altında olmuş dörd kəndi danışıqlar yolu ilə Azərbaycana geri qaytarılmışdır və biz bunu müsbət hal kimi qiymətləndiririk".

Bildiyimiz kimi, 2020-ci ildə tarixi Zəfərinə qovuşan Azərbaycan üç il sonra - 2023-cü ildə ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Aprelin 23-də Laçın buraxılış-keçid məntəqəsinin yaradılması ilə ərazi bütövlüyümüz, sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində isə suverenliyimiz təmin olundu. Beləliklə, Azərbaycanın həyatında yeni dövr başladı. Daha bir Zəfərə imza atan Azərbaycan Qazax rayonunun işğal altındakı 4 kəndinin geri qaytarılmasına nail oldu. "Azərbaycan keçən ilin sentyabr ayında öz dövlət suverenliyini və ərazi bütövlüyünü tam bərpa etmişdir. Əlbəttə ki, bu, Ermənistan ilə normallaşdırma yolumuzda önəmli amil olacaqdır. Həmkarımın diqqətinə o da çatdırıldı ki, iki ilə yaxındır Azərbaycan-Ermənistan şərti sərhədində sakitlikdir, heç bir atəşkəs pozuntusu müşahidə edilmir", - deyə Prezident bildirib.

"BİZ ƏMƏKDAŞLIQ İSTİQAMƏTİNDƏ NÖVBƏTİ ÖNƏMLİ ADDIM ATACAĞIQ"

Misirin COP27-yə, Azərbaycanın isə COP29-a sədrlik etməsi vurğulanaraq, ölkələrimiz arasında bu sahədə əməkdaşlıq və təcrübə mübadiləsinin aparılması da diqqətə çəkilib. BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) vasitəsilə Dünya Şəhərsalma Forumuna Misirin bu il, Azərbaycanın isə 2026-cı ildə ev sahibliyi edəcəyi nəzərə alınaraq, bu sahədə də təcrübə mübadiləsinin və birgə əməkdaşlığın önəmi diqqətə çəkilib. Həmçinin iki ölkə arasında birgə komissiyanın fəaliyyətinin və növbəti iclasının təşkilinin önəmi qeyd edilib. Tezliklə komissiyanın növbəti iclasının keçirilməsi qərara alınıb ki, iqtisadi-ticari sahədə əlaqələr daha da inkişaf etsin. "Birgə hökumətlərarası komissiyanın növbəti iclası ilə bağlı nümayəndə heyətlərinin üzvləri bizə məlumat vermişlər. Komissiyanın sonuncu iclası iki il bundan əvvəl Azərbaycanda keçirilmişdir. Yəqin ki, komissiyanın növbəti iclası bu il keçiriləcək və prezidentlər tərəfindən verilmiş bütün göstərişlər, əminəm, ciddi müzakirə ediləcək və beləliklə, biz əməkdaşlıq istiqamətində növbəti önəmli addım atacağıq", - deyə Prezident bildirib.

Tərəflər arasında danışıqlar çox gözəl və müsbət mühitdə keçirilib. İqtisadi, ticari və mədəni sahələrdə əlaqələrimizi daha da inkişaf etdirmək baxımından potensial çoxdur. Əlbəttə ki, bütün bunlar mövcud siyasi iradənin fonunda əlçatandır və inkişaf etdirilməsi mümkündür.

Zümrüd BAYRAMOVA

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
20
sesqazeti.az

10Mənbələr