AZ

Ermənistan Konstitusiyası dəyişməli, Minsk qrupu ləğv olunmalıdır

Pərvanə SULTANOVA [email protected]


Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması üçün əlverişli şərait yaranıb. Ermənistan tərəfi hər hansı bəhanələrlə prosesdən yayınmağa cəhd göstərməsə, yaxın zamanlarda sülh sazişinin imzalanması da mümkün görünür. Bir neçə gün əvvəl Azərbaycanın XİN başçısı Ceyhun Bayramov da bəyan etdi ki, açıq qalan məsələlərin sayında azalma mövcuddur. Azərbaycan sülh gündəliyinə sadiqdir və növbəti addımları atmağa hazırdır.

Amma tərəflər arasında dayanıqlı sülhə nail olmaq üçün İrəvanın bir sıra qərarlar qəbul etməsi vacibdir ki, bunlardan biri də konstitusiyaya dəyişiklik edilməsidir. Azərbaycan Prezidenti İlham Əliyev iyunun 6-da TÜRKPA-nın nümayəndə heyətini qəbul edərkən açıq qalan məsələlərə toxunub. Dövlət başçısı deyib ki, Ermənistan-Azərbaycan prosesi ilə bağlı bir neçə açıq olan məsələ hələ də qalmaqdadır. Onlardan biri Ermənistanın Konstitusiyasıdır ki, orada Azərbaycana qarşı ərazi iddiaları var.

İkincisi, Ermənistan Azərbaycana və Türkiyəyə qarşı əsassız ərazi iddialarına son qoymalıdır. Prezidentin diqqət çəkdiyi digər bir məsələ isə ATƏT-in Minsk qrupu ilə bağlı olub. Dövlət başçısı deyib: “Ermənistan tərəfinə təklif etmişik ki, Azərbaycan və Ermənistan ATƏT-ə birgə müraciət etsin ki, Minsk qrupu ləğv edilsin. Minsk qrupuna heç bir ehtiyac yoxdur, o, indi fəaliyyət göstərmir. Biz onun fəaliyyət göstərməsinə de-fakto imkan verməyəcəyik. Qaldı ki, de-yure - hüquqi cəhətdən bu, ləğv edilsin və bu, Ermənistanın nə qədər səmimi olmasından xəbər verəcək. Əgər Ermənistan Minsk qrupunun saxlanmasına üstünlük versə, deməli, onların bizə qarşı ərazi iddiaları davam edir”.

Sərhədlərin müəyyən edilməsi istiqamətində önəmli hadisələr baş verdiyini söyləyən Prezident, Azərbaycanın 1990-cı və 1992-ci illərdə itirdiyi Qazax bölgəsində yerləşən dörd kəndi bir güllə atılmadan geri qaytardığını və bunun məsələlərin sülh yolu ilə həll oluna biləcəyini göstərdiyini vurğulayıb.

Prezident, həmçinin vurğulayıb ki, Ermənistan tərəfi revanşizm ideyalarından tamamilə imtina etməlidir və biz görürük ki, belə ideyalar təkcə müxalifətdə deyil, iqtidarda da var.

Bu gün Ermənistanda keçmiş prezidentlər Sarksyan və Koçaryan da daxil olmaqla revanşizm hissi ilə yaşayan və hakimiyyətə can atan qüvvələr var. Həmin qüvvələr niyyətlərini açıq bəyan edirlər və hakimiyyətə gələrək yenidən müharibəyə başlamaq planları qururlar. Buna görə də Azərbaycan həmişə hazır olmalı, təhlükəsizlik tədbirlərini davam etdirilməlidir. Ermənistan heç bir halda Azərbaycana qarşı həmlələrlə uğur əldə edə blməz, belə bir cəhd olarsa, bu, Ermənistan dövlətinin sonu olacaq. Prezidentin vurğuladığı kimi, 2020-ci və 2023-cü illərin hadisələrindən sonra Azərbaycana qarşı ərazi iddiaları irəli sürmək də, ümumiyyətlə, intihara yaxındır.

Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov mövzu ilə bağlı “525”ə bildirib ki, Prezident tərəfindən Ermənistanın Konstitusiyası ilə bağlı məsələnin qaldırılması birinci dəfə deyil: “Cənab Prezident demədi ki, biz danışıqları saxlayırıq, sülh danışıqları davam edir, sadəcə olaraq sülh müqaviləsinin qüvvəyə minməsi üçün onun təkcə imzalanması kifayət deyil. Sənəd ratifikasiyadan keçməlidir. Bu ratifikasiya zamanı Ermənistanda müqavilə ilə bağlı onların Konstitusiya Məhkəməsi qərar çıxarmalıdır. Qərar o olacaq ki, sülh müqaviləsi onların konstitusiyasına cavab verir və bunu sübut etməlidirlər. Yaxud cavab vermirsə, ya konstitusiyanı dəyişməlidirlər, ya da müqaviləni rədd etməlidirlər. Hər bir halda bu, əslində Ermənistanın problemidir, Azərbaycanın problem deyil. Sadəcə olaraq onlar bu sənədi ratifikasiya etməyincə, konstitusiya və o sənəd arasındakı ziddiyyətləri aradan qaldrımayınca, sənəd qüvvəyə minməyəcək və Azərbaycan o sənədi ratifikasiya etməyəcək. Sülh müqaviləsi bu baxımdan qüvvəyə minməyəcək. Cənab Prezident bunu açıq şəkildə elan etdi”.

R.Musabəyov Ermənistanın Baş naziri Nikol Paşinyanın yeni konstitusiyanın qəbuluna zərurət olması barədə fikirlərini yada salaraq deyib ki, bu istiqamətdə real addımların atılmamasının səbəblərindən biri də də onun revanşist qüvvələrdən çəkinməsi ilə bağlıdır: “Paşinyan deyirdi ki, konstitusiya dəyişməlidir. Həm də təkcə Azərbaycana qarşı ərazi iddiası ilə bağlı yox, orda bir çox bəndlər dəyişməlidir. Bilirsiniz ki, Türkiyəyə də ərazi iddiaları var, onlar da aradan götürülməlidir, əks halda Türkiyə ilə münasibətləri normallaşdırmaq qeyri-mümkündür. Konstitusiyada gerbdən tutmuş digər məsələlərə qədər bir çox bəndlərə iradlar bildirib. Paşinyanın sözündən belə çıxırdı ki, konstitusiyanı dəyişmək təkcə Azərbaycanın istəyi ilə deyil. Özləri üçün də bir çox qüsurlar olduğu üçün onu yeniləməyə ehtiyac var. İndi öz işləridir, gedib etsinlər. Bizim üçün əsas odur ki, o sənədə konstitusiyaya zidd adı ilə hansısa düzəliş edib, birtərəfli şərh verməsinlər. Bu, Azərbaycan üçün qəbuledilməzdir. Belə olduğu halda, yəni o ziddiyyətləri ermənilər özləri aradan götürməyənə qədər, Prezidentin də açıq şəkildə dediyi kimi, sülh müqaviləsi qüvvəyə minməyəcək və işlək sənəd olmayacaq”.

Politoloq hesab edir ki, bunun üçün referendumun keçirilməsi mütləq deyil, sabah onların Konstitusiya Məhkəməsi bu sənədi təsdiq edəndə, qərar çıxara bilər ki, əvvəlki deklarasiyada “Dağlıq Qarabağ vilayətinin Ermənistana birləşməsi”nə dair bənd aradan götürülür: “Ona görə ki, “Dağlıq Qarabağ” mövcud deyil. Özləri o qərarları çıxartmalıdırlar. Biz onlardan referendum tələb etmirik ki, öz işləridir. Biz deyirik ki, ortada olan o ziddiyyət götürülməldiir. Ziddiyyət aradan götürülməyincə, sənədi Azərbaycan ratifikasiya etməyəcək”.

Konstitusiya dəyişikliyi ilə bağlı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın da bu günlərdə səsləndirdiyi fikirlərə toxunan millət vəkili deyib ki, Azərbaycanın Konstitusiyasında heç bir ölkəyə qarşı hansısa ərazi iddiaları mövcud deyil: “Hüquqi varislik ərazi varisliyi demək deyil. Sadəcə boyunlardan məsuliyyəti kənara atmaq üçün belə əsassız iddialar irəli sürürlər”.

Xatırladaq ki, Mirzoyan bununla bağlı demişdi: “Həm Ermənistan, həm də Azərbaycan bir-birinin konstitusiyalarında uzunmüddətli sülhün bərqərar olması üçün maneələr görür, lakin onlara dəyişiklik edilməsi məsələsi Ermənistan-Azərbaycan danışıqlarının gündəmində deyil”.

R.Musabəyov ikinci məsələ kimi ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı rəsmi Bakının İrəvana təklifinə diqqət çəkib. Onun sözlərinə görə, ATƏT-in Minsk qrupu ilə bağlı Ermənistana edilən təklif barədə ilk dəfə idi danışılırdı: “Amma inanmıram ki, Ermənistan buna cəsarət tapsın. Azərbaycan dəfələrlə bəyan edib ki, biz Minsk qrupunu tanımırıq, onunla heç bir əməkdaşlıq etmirik. Kimlərsə indi boş yerə onlara maaş yazdırır, hansısa bir vəzifə tuturlar. Reallıqda onların heç bir funksiyası yoxdur. İndi Ermənistan bizim təklifimizə qoşulsaydı, çox gözəl olardı. Sülh müqaviləsi imzalanmayana qədər düşünmürəm ki, bu, mümkün olsun. Ermənilərin xarakterinə bələd olduğumuz üçün onlar sülh müqaviləsi imzalandıqdan sonra da deyəcəklər ki, bizlik deyil, Qarabağ ermənilərinin hüquqları var və ona görə biz onu bağlamırıq. Ermənilərdən müsbət davranış gözləmirəm. Minsk qrupunun mövcudluğundan onların başı ağrımır. Ona görə də bu istiqamətdə addım atmırlar. Azərbaycan deyir ki, artıq bu, mövcud deyil. Azərbaycanla yanaşı desələr ki, Minsk qrupuna ehtiyac qalmayıb, onu saxlamaq bundan sonra qeyri-mümkün olacaq. Ancaq bunu etmirlərsə, bu o deməkdir ki, Azərbaycan birtərəfli qaydada Minsk qrupunu nə tanıyır, nə qəbul edir. Əgər biz qəbul etmiriksə, bizə heç nə deyə bilməzlər. Kimsə desə ki, mən Minsk qrupunun həmsədriyəm, onu Azərbaycanda heç kim qəbul etməyəcək. Ona görə də indi həmin dövlətlərdən XİN-in xüsusi nümayəndəsi kimi Bakıya səfərə gəlirlər”.

 























Bizi Facebookda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
50
525.az

10Mənbələr