AZ

Ermənistan niyə “it hürən” tərəfi seçir?

Paşinyan sülh sazişini 2020-ci ildə olduğu kimi gizli imzalaya bilməz, bunu aşkarda, bəlkə də yüzlərlə kamera qarşısında etməlidir, ona görə də...

Yanvar ayında 2024-cü ildə də Ermənistanla sülh müqaviləsi imzalanmayacağı haqda ehtimalımı yazmışdım. Yenə o mövqedəyəm ki, Azərbaycanın sülh sazişinə əşhəddü ehtiyacı yoxdur, əslində daha çox Ermənistan bunun üçün çalışmalıdır. 

Ermənistan rəhbərliyinin saziş haqda dediklərini daha ciddiyə almaq da olmur, Azərbaycanın sülh sazişi üçün təkliflərinə İrəvanda həmişə “əmma” tapılır. Bu isə müharibədə uduzan və hazırda da hərbi baxımdan əlverişsiz mövqedə qalmaqda davam edən Ermənistana yaxşı heç nə vəd etmir. Paşinyan  2020-ci ilin 10 noyabr  sənədini utandığından publik imzalamadı, 4 ildə çox hadisələr olub, Azərbaycan Qarabağda tam suverenliyini təmin edib, sərhədlərin müəyyənləşməsində irəliləyiş var.  Paşinyan sülh sazişini 2020-ci ildə olduğu kimi gizli imzalaya bilməz, bunu aşkarda, bəlkə də yüzlərlə kamera qarşısında etməlidir. Sülh sazişi 2020-ci il sənədi kimi kapitulyasiya aktı deyil, əksinə, Paşinyan deyir ki, təminatlı sülh olmasa, Ermənistan inkişaf etməyəcək, əraziləri təhlükədə olacaq. Amma görünən budur ki, sülh sazişinin məsuliyyətini  üzərinə götürmək istəmir. Azərbaycanla sülh ermənilərin yüzillik xəyallarını sonuna imza atmaq, rəsmiləşdirmək deməkdir. Ona görə bu məsələni ən müxtəlif bəhanələrlə uzadırlar, əsas odur ki, müharibə olmasın. Konstutsiyanı dəyişməklə bağlı dəfələrlə özləri deyiblər, amma indi  “sözlərini yeyirlər”, müxtəlif bəhanələr gətirirlər. Prezident İlham Əliyevin  mövqeyi qətidir. Əgər 29 min kvadrat kilometr Ermənistan ərazisində rahat yaşamaq istəyirlərsə, Azərbaycanla sülh sazişinə razılaşmalıdırlar. Bu, Ermənistan rəhbərliyinə də, erməni xalqına da doğru yol xəritəsidir.  

19292_b.jpg

Ermənistan həm də haça-paça vəziyyətin girovu olaraq qalmaqdadır.  “İt hürən” , yoxsa “yaralı ayı” tərəfə getmək  seçimini edə bilmir. “İşıq gələn”(Azərbaycan) tərəfi seçmək isə asan deyil, daxili vəziyyətin gərginliyi də buna imkan vermir.  Paşinyan Qərbin projesidir, onu hakimiyyətə Ermənistana “dimdiyində”nə demokratiya, nə regiona təməlli sülh təmin etmək üçün gətiriblər.

Paşinyan onlara məhz  ona görə gərək idi ki, zamanı gələndə Rusiyaya qarşı qoysunlar. ABŞ dövlət katibinin müavinin Ermənistana gözlənilən səfərində sülh sazişi çağırışları əlbəttə ki, yenə olacaq, amma Vaşinqton üçün indi gündəm bu deyil.

Amerikaya sülh lazım olsaydı, bunu Minsk Qrupunda 28 illik fəaliyyətində edə bilərdi, ən azı Rusiyadan fərqli mövqe sərgiləyərdi. Bunların heç birini görmədik, təklif etdikləri “həll planları” isə aşağı-yuxarı bizi təslimçi sülhə məcbur etmək, ya da Qarabağı bizdən qoparmağa hesablanmışdı.  

44 günlük müharibənin nəticəsi olaraq dövlət kimi çox  güclənmişik, amma açıq və gizli bədxahlarımız da artıb.  Azərbaycanı Qarabağ üzərindən basqı altında saxlamaq daha mümkün deyil,  ona görə iki ölkə arasında gərginliyi saxlamaq istəyən beynəlxalq güclər var. Sülh sazişi əlbəttə ki, Azərbaycanın bölgədə və dünyada daha güclü mövqeyə çıxaracaq, o səbəbdən üzdə bir söz, Ermənistan rəhbərliyi ilə bağlı qapılar arxasında başqa söz deyirlər. 

MHM0121323.jpg

Qərbin Ermənistan planı bizim xeyrimizə deyil. Deyə bilərik ki, sülh razılaşması imzalandıqdan sonra Ermənistanın hansı hərbi bloku seçməsinin və ya nə siyasət yürütməsindən bizə nə? Amma elə deyil. Baxın, Amerika hətta maraqları tələb edəndə iki NATO ölkəsini- Türkiyə ilə Yunanıstanı həm də tarixi düşmənçiliklərindən yararlanaraq bir-birinin üzərinə qaldıra bilir. Yəni Ermənistanın tarixi düşmənçiliyindən yararlanaraq lazım bildikdə Azərbaycanla yanaşı Türkiyəyə qarşı qoyulmayacağını heç bir sülh sazişi təminat verə bilməz.  

Yaxın 10 ildə dünya düzəni gərginlik, dövlətlərarası münasibətlərinin gərginləşməsi modundan çıxmayacaq. Bizim bu baxımdan hərtərəfli güclənməkdən başqa yolumuz yoxdur. Prezident Əliyevdə isə bunları edə biləcək siyasi iradə və güc var...

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
50
musavat.com

10Mənbələr