AZ

Ermənistan sülh istəyirsə, Minsk qrupundan imtina etməlidir!

Prezident İlham Əliyev TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə keçirilən görüşdə Ermənistan-Azərbaycan prosesi ilə bağlı iki məsələnin açıq qaldığını bildirib. 

 

"Onlardan biri Ermənistanın Konstitusiyasıdır ki, orada Azərbaycana qarşı ərazi iddiaları var. İkincisi, Ermənistanın Azərbaycana və Türkiyəyə qarşı əsassız ərazi iddialarına son qoyulmalıdır. Təbii ki, biz artıq bunu Ermənistan tərəfinə təklif etmişik ki, Azərbaycan və Ermənistan ATƏT-ə birgə müraciət etsin ki, Minsk qrupu ləğv edilsin. Minsk qrupuna heç bir ehtiyac yoxdur, o, indi fəaliyyət göstərmir. Biz onun fəaliyyət göstərməsinə de-fakto imkan verməyəcəyik. Qaldı ki, de-yure - hüquqi cəhətdən bu, ləğv edilsin və bu, Ermənistanın nə qədər səmimi olmasından xəbər verəcək. Əgər Ermənistan Minsk qrupunun saxlanmasına üstünlük versə, deməli, onların bizə qarşı ərazi iddiaları davam edir", - Prezident qeyd edib.

 

Bundan əvvəl Prezident İlham Əliyev mayın 14-də ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici, Avropa işləri və ticarət naziri İan Borqun başçılıq etdiyi nümayəndə heyətini qəbul edən zaman deyib ki, Ermənistan-Azərbaycan münaqişəsi tarixdə qaldığını və mövcud olmadığını deyib.

 

İlham Əliyev qeyd edib ki, buna görə ATƏT-in Minsk qrupu və onunla əlaqədar olan bütün təsisatların ləğv edilməsinin vaxtıdır. Azərbaycan tərəfi bu məsələni qaldırıb və Ermənistan tərəfinin də buna razı olmaması üçün hər hansı bir səbəb görünmür.

 

Qeyd edək ki, Minsk Qrupunun tarixi 1992-ci il martın 24-də ATƏM-in Xarici İşlər Nazirləri Şurasının Helsinkidə keçirilmiş görüşündən başlayır. Həmin görüşdə Qarabağda vəziyyət müzakirə olunub, ATƏM-in Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsinə dair Minsk konfransının çağırılması haqqında qərar qəbul edilib.

 

1994-cü il dekabrın 5–6-da ATƏM-in Budapeştdə keçirilən Zirvə toplantısında həmsədrlik institutu təsis edilib. Minsk konfransına iki həmsədrin təyin olunması və Minsk qrupunun iclaslarının onların birgə həmsədrliyi ilə keçiriləcəyi barədə qərar qəbul edilib. Minsk prosesinin həmsədrlik institutu təsis olunarkən, ona əvvəlcə Finlandiya ilə Rusiya, daha sonra isə 1995–1996-cı illər ərzində İsveç və Rusiya başçılıq edib. 1 yanvar 1997-ci ildən ATƏT-in Minsk Prosesinə Həmsədrlər qismində ABŞ, Rusiya və Fransa başçılıq edirlər.

 

Minsk Qrupu yaradıldan sonra münaqişənin həllinə nail ola bilməyib, bir neçə təklif irəli sürülsə də, proses nəticəsiz qalıb. İkinci Qarabağ müharibəsindən sonra isə Qrupun fəaliyyəti tamamilə dayandırılıb. 

 

Qeyd edək ki, Rəsmi Bakı Minsk qrupu, Yüksək Səviyyəli Planlaşdırma Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi tamamilə fəaliyyətsiz strukturların artıq ləğv edilməsinə çağırış edib.

 

Bəs Ermənistan Minsk qrupunun ləğvi məsələsində necə davranacaq? 

 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Beynəlxlaq münasibətlər və parlamentlərarası ittifaq komitəsinin üzvü Asim Mollazadə bildirib ki, Ermənistan sülh istəyirsə, Minsk qrupundan imtina etməlidir:

 

"Minsk Qrupu mövcud olanda münaqişənin həlli istiqamətində  hansısa müsbət addıma nail olmayıb. Minsk qrupu münaqişənin dondurulması ilə məşğul olub. Onlar çox gözəl buzdolablarının Minskdə istehsal olunduğunu bilirdilər və bundan istifadə edib münaqişəni əbədi dondura bilərlər. Hazırda münaqişə bitib. Belə bir qurumun mövcudluğu sadəcə olaraq, zəruri olmayan mənfi hadisələri xatırladır. Minsk qrupuna ehtiyac yoxdur. Ermənistan da sülh istəyirsə, o da Azərbaycanla birgə ATƏT-ə təklif etməlidir ki, hansısa zəruri olmayan qurumu saxlamağa ehtiyac yoxdur".                                                                                                                                        

A.Mollazadə Erməninstan Baş naziri Nikol Paşinyanın qorxduğunu bildirib:

 

"Nikol Paşinyana çox ciddi təzyiqlər var. O, qorxur. Buna görə də gün ərzində 5-6 dənə bir-birini təkzib edən bəyanatlardan istifadə edir. Təzyiqlərin müqabilində Paşinyan hakimiyyətini qoruyub saxlaya bilsin deyə yollar axtarır. Hamıya "hə" deyir, amma heç nə etmir".

 

Politoloq Elxan Şahinoğlu isə qeyd edib ki, Nikol Paşinyanın Minsk qrupu ilə əlaqədar mövqeyi bəlli deyil:

 

"Azərbaycan Prezidenti İlham Əliyev TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə keçirilən görüşdə Ermənistanla açıq qalan iki əsas məsələni xatırladıb. Birinci məsələ Azərbaycana ərazi iddiasını ehtiva edən Ermənistan Konstitusiyasıdır, ikinci məsələ ATƏT-in Minsk Qrupunun de-yure mövcudluğunun davam etdirilməsidir. Ermənistan Konstitusiyasının dəyişdirilməsinin vacibliyi barədə baş nazir Nikol Paşinyanın mövqeyi bəllidir, o da hesab edir ki, əsas qanunda qonşu dövlətlərə ərazi iddialarını əks etdirən bəndlər olmamalıdır. Ancaq Nikol Paşinyanın Minsk Qrupunun ləğvi ilə bağlı mövqeyi bəlli deyil. İlham Əliyev Nikol Paşinyana iki dövlətin Minsk Qrupnun ləğvi ilə bağlı ATƏT-ə birgə müraciətini təklif edib. Prezident Ermənistanın Minsk qrupunun saxlanmasına üstünlük verməsini qonşu dövlətin Azərbaycana qarşı ərazi iddialarının davamı kimi qiymətləndirib".

Politoloq vurğulayıb ki, Nikol Paşinyan Qarabağı Azərbaycan ərazisi kimi tanıyıbsa, Minsk Qrupundan imtinası ona problem yaratmayacaq:

 

"Radikal müxalifətin bir az çığırıb-bağırması heç nəyi dəyişməyəcək. Digər tərəfdən Rusiya, ABŞ, hətta Fransanın “Minsk Qrupu fəaliyyətini davam etdirməlidir” iddiası yoxdur. Bu amil də Paşinyanın Minsk Qrupunun ləğvi ilə bağlı qərar verməsini asanlaşdırır".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
50
modern.az

10Mənbələr