AZ

Dünya sürətlə nüvə müharibəsinə doğru gedir...

Image

Qərb və Rusiya arasında Ukrayna ərazisində gedən savaş daha təhlükəli mərhələyə qədəm qoyur. Hadisələrin gedişi yaxın perspektivdə tərəflərin bir-birinin ərazisinə birbaşa zərbə endirəcəyini istisna etmir.

Bu fonda Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin sədri Andrey Kartapolov bildirib ki, Rusiya NATO-nun istənilən ölkəsinə nüvə zərbəsi endirə bilər: “Texniki olaraq imkanlarımıza əsaslanaraq həm NATO-ya, həm NATO-ya daxil olmayanlara, həm də istənilən ölkəyə zərbə endirə bilərik. Amma hansı əsaslarla belə qərarlar verəcəyimizi konkret situasiyaya əsasən görəcəyik. Onlar bizimlə qeyri-müəyyən müddətə oynaya biləcəklərini düşünürlər, yox, edə bilməzlər. Unutmayın, “Görüş yerini dəyişmək olmaz” adlı gözəl sovet filmində deyildiyi kimi: “Qorxma, səni ağrıdan bıçaqlamayacağıq. Bir saniyə və sən artıq cənnətdəsən”. Burada da belə olacaq”.

Bu yaxınlarda isə prezident Vladimir Putin dünya xəbər agentliklərinin rəhbərləri ilə görüşündə bildirib ki, Rusiya uzaqmənzilli silahlarını dünyanın elə regionlarına verə bilər ki, oradan Ukraynaya silah verən ölkələrə həssas zərbələr”vurmaq mümkün olsun. “Biz düşünürük ki, kimlərsə ərazimizə zərbə endirmək və bizə problem yaratmaq üçün döyüş bölgəsinə belə silahların verilməsini mümkün hesab edirsə, niyə bizim həmin bölgələrə eyni sinifdən olan silahlarımızı çatdırmağa haqqımız yoxdur? Rusiyaya qarşı bunu edən ölkələrin həssas hədəflərinə zərbələr haradan endiriləcək? Biz bu barədə düşünəcəyik”. Hazırda 14 Qərb dövləti Ukraynaya Rusiya ərazisindəki hərbi hədəflərə qarşı tədarük etdikləri silahlardan istifadə etməyə icazə verib. Bunlar ABŞ, Almaniya, Kanada, Danimarka, Fransa, Böyük Britaniya, Hollandiya, Polşa, İsveç, Finlandiya, Çexiya, Litva, Latviya və Estoniyadır. Putin isə qeyd edir ki, Qərb ölkələrinin iştirakı ilə Rusiya Federasiyasına zərbələr endirilməsi onların Rusiyaya qarşı birbaşa müharibəsi deməkdir. Və Moskva buna reaksiya verəcək. Putin ölkəsinin nüvə doktrinasına istinad edərək vurğulayıb ki, Rusiya Federasiyası təhdidlər baş verəcəyi təqdirdə, əlində olan bütün vasitələrdən istifadə etməyi mümkün hesab edir. Rusiya lideri bir daha əlavə edib ki, ölkəsi öz uzaqmənzilli silahlarını dünyanın regionlarına çatdıra bilər, haradan ki, Ukraynaya silah verən ölkələrə “həssas zərbələr” endiriləcək. Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev də bildirib ki, Rusiya rəhbərliyi silahlarını ABŞ-ı düşmən hesab edən bütün ölkələrə göndəriləcək. Eyni zamanda, o, Rusiyadan silah alan konkret ölkələrin adlarının bilərəkdən çəkilmədiyini vurğulayıb: “Qoy, ABŞ və müttəfiqləri üçüncü ölkələr tərəfindən Rusiya silahlarının birbaşa istifadəsini indi hiss etsinlər. Bu şəxslərin və ya regionların adları bilərəkdən çəkilmir”. Belə bir vaxtda bəlli olub ki, Kuba hakimiyyəti gələn həftə “Kazan” nüvə sualtı qayığı və “Admiral Qorşkov” raket freqatı da daxil, dörd Rusiya gəmisinin Havanaya gələcəyini elan edib. Eyni zamanda, Rusiya Hərbi Dəniz Qüvvələrinin gəmilərinin nüvə silahı daşımadığı və bölgə üçün təhlükə yaratmadığı vurğulanıb.

Kuba Xarici İşlər Nazirliyi məsələ ilə bağlı bildirib: “Səfər Kuba ilə Rusiya arasında tarixən formalaşmış dostluq münasibətlərinə uyğundur”. Amma Vaşinqtonda Birləşmiş Ştatların Ukraynaya dəstəyi səbəbindən Atlantika okeanında Rusiya donanmasının fəallığının artmasına diqqət çəkirlər. ABŞ-da az sayda təyyarə və gəminin gözlənilən gəlişini təhlükə hesab etmədiklərini, lakin Hərbi Dəniz Qüvvələrinin təlimləri izləmək niyyətində olduğunu vurğulayıblar. Kuba rəhbərliyinin məlumatına görə, Rusiya gəmilərinin Havanaya iyunun 12-dən 17-dək çatması gözlənilir. Xatırladaq ki, “Soyuq müharibə” dövründə Kubada, ABŞ sahillərinin yaxınlığında həm adi, həm də atom silahları ilə təchiz edilən Sovet bölmələrinin yerləşdirilməsi 1962-ci ildə Karib böhranına səbəb olmuşdu. Bu, qlobal nüvə müharibəsinə səbəb ola bilərdi. Lakin sonradan SSRİ-nin nüvə başlıqlarını geri çəkməsi ilə böhran aradan qalxmışdı. Ancaq indi vəziyyət dəyişib və kollektiv Qərblə Rusiya arasında gərginlik yeni dünya savaşı riskini artırır. Bu durumda Fransanın Vətənpərvərlər Partiyasının lideri Florian Filippot qeyd edir ki, belə risqə səbəb həm də Fransa prezidenti Emmanuel Makronun siyasətidir: “Məsələn, Makronun Ukraynaya “Mirage 2000-5” qırıcılarını göndərmək qərarı üçüncü dünya müharibəsi risqini artırır”. Xatırladaq ki, Makronun bildirdiyinə görə, Fransa Ukraynaya “Mirage 2000-5” qırıcıları verəcək. Onun sözlərinə görə, Fransa 4500 Ukrayna hərbçisinin təlimləri proqramına başlayacaq. Makron Ukrayna pilotlarının Fransada hazırlanmasını Kiyev və Paris arasıında hərbi əməkdaşlığın yeni mərhələsi adlandırıb.O vurğulayıb ki, bu döyüş təyyarələri Ukraynaya öz torpağını və hava məkanını qorumaq imkanı verəcək. Fransa hərbi müşavirlərinin Ukraynaya göndərilməsi mümkünlüyünə dair suala cavab verən Makron qeyd edib ki, bu mövzuya heç bir tabu qoyula bilməz: “Ukrayna torpağı suverendir. Söhbət Ukraynanın çətinliklərlə üzləşdiyi bir vaxtda döyüş əməliyyatları zonasında təlimlərin keçirilməsindən getmir, amma biz bu suala, əvvəllər dəfələrlə etdiymiz kimi cavab verməliyik”. Florian Filippot belə açıqlamalar verən Makronu “dəli” adlandırıb. Onun sözlərinə görə, Fransa lideri Kiyevə silah ötürməklə öz ordusunu qarət edir. Siyasətçi həmçinin xatırladıb ki, dövlət başçısı 4500 Ukrayna hərbçisinə təlim keçəcəyini vəd edib: “Bu müharibə gündəmi mümkün qədər tez pozulmalıdır! Bu, bizim müharibəmiz deyil! Sülhdür”.  Hələlik isə görünən odur ki, Qərb dövlətlərinin Ukraynaya göndərdiyi taktiki hücum silahları ilə Rusiya ərazisinin vurulması halında Rusiyanın nüvə silahından istifadə risqi artır. 

Tahir TAĞIYEV





Seçilən
117
49
baki-xeber.com

10Mənbələr