AZ

Azərbaycanın nəql və tranzit imkanlarına beynəlxalq tələbat sürətlə artır...

Image

Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyində rolunun daha da güclənməsi müşahidə olunur. Amma ölkəmiz təkcə enerji yox, həm də nəqliyyat qovşağına çevrilməsi baxımından Avropa üçün müstəsna önəm kəsb edir. 

Azərbaycanın Avropa və Asiya arasında yerləşməsi və inkişaf etmiş infrastruktura malik olması yeni iqtisadi imkanlar yaradır və bu regionun beynəlxalq yükdaşımalar üzrə potensialından daha yaxından istifadə edilməsinə gətirib çıxarmaqdadır. 

Bütün bunlar Azərbaycanın ən böyük qonşusu olan Rusiya üçün də müstəsna əhəmiyyət kəsb etməyə başlayıb. Bunu Rusiya prezidenti Vladimir Putin ənənəvi Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində beynəlxalq informasiya agentliklərinin rəhbərləri ilə görüşündə bir daha diqqətə çatdırıb. Öncə Rusiya-Azərbaycan münasibətlərinin uğurla, etibarlı və çox praqmatik şəkildə inkişaf etdiyini qeyd edən Putin daha sonra qeyd edib: “Biz Azərbaycan rəhbərliyinin dövlətlərarası əlaqələrimizin məhz qarşılıqlı maraq və mən deyərdim ki, bir-birinə müəyyən səviyyədə rəğbət əsasında qurulmasının tərəfdarı olduğunu hiss edirik. Azərbaycanda rus dilində fəaliyyət göstərən və uşaqlara təhsil verən 300 məktəbin mövcudluğunu başqa cür izah etmək mümkün deyil. Mən bilirəm ki, prezident Əliyev respublikada rus dilinin öyrənilməsini hərtərəfli dəstəkləyir. Bu, bütün vektorlar üzrə müşahidə edilir. Bu, nədən xəbər verir? Bu ondan xəbər verir ki, Azərbaycan rəhbərliyi Azərbaycan vətəndaşlarına rus dilinin lazım olacağını bilir. Nə üçün? İkitərəfli əlaqələrin inkişafı üçün və bu əlaqələr hazırda inkişaf edir. İndi bizdə ticarət dövriyyəsinin ümumi həcmi, əgər dollarla ifadə etsək, 4,5-4,6 milyard dollar təşkil edir. Temp yaxşıdır. İnkişaf tempi çox yaxşıdır. Münasibətlərimizi getdikcə daha çox şaxələndiririk. Əminəm ki, hər iki tərəfdən belə əhvali-ruhiyyə saxlanılsa, - Rusiyada biz bu əhvali-ruhiyyədəyik, - nəticələr də yaxşı olacaq. Bu baxımdan, logistikanın inkişafı baxımından çox iş görmək lazımdır, Bu, yalnız Şimal-Cənuba yox, digər vektorlara - Rusiya və Azərbaycan sərhədində, Dağıstan hissəsində logistika mərkəzlərinin tikintisinə də aiddir. Orada artıq iş gedir. Bu, digər istiqamətlərə də aiddir. Rusiyada Azərbaycandan, o cümlədən Rusiya büdcəsi hesabına təhsil alan tələbələr çoxdur. Biz görürük ki, gənclərin Rusiyada təhsil almağa marağı da kifayət qədər böyükdür. Şimal-Cənub dəhlizinə gəldikdə, o, çox yaxşı, böyük tələbat duyulan beynəlxalq dəhlizə çevrilə bilər. Buradan yüklər sizin və mənim olduğumuz yerdən - Sankt-Peterburq limanından Avropa hissəsi ilə Azərbaycana, sonra isə İrana və Fars körfəzinin sahilinə göndəriləcək. Məncə, bu, Süveyş kanalından təxminən on gün daha tezdir. Pis heç nə demək istəmirik, Süveyş kanalı, əksinə, dünya ticarəti üçün çox gərəklidir. Ancaq bu dəhliz malların Şimala və Cənuba, əks istiqamətə çatdırılması üçün əlavə və çox səmərəli yol olacaq. Məncə, 10 gün daha tez başa gələcək. Bu, çox qənaətli, səmərəli və sərfəli marşrut olacaq. Ancaq burada hələ çox iş görmək lazımdır. Biz hər iki tərəfdən iş aparırıq. Mən bilirəm ki, prezident Əliyev bu layihəni dəstəkləyir. Biz bu məsələni onunla dəfələrlə müzakirə etmişik. İran rəhbərliyi də bu layihəni dəstəkləyir. Bu dəhliz çox sərfəli olacağına görə həmin layihəyə xarici investorlar, regional olmayan, lakin yaxın olan ölkələr, o cümlədən suveren ərəb fondları da maraq göstərir. Bu layihə etibarlı investisiyalardan biridir, çünki onun gəlirliliyinə təminat və zəmanət var”.

Bu fonda onu da qeyd edək ki, iki ölkə arasında imzalanmış 260-dan çox sənəd münasibətlərimizin çoxistiqamətli şəkildə genişləndirilməsi üçün möhkəm hüquqi baza yaradıb. Azərbaycanın qeyri-neft ixracatında ən böyük tərəfdaşı olan Rusiya ilə ticarət dövriyyəsi dinamik surətdə artır. 2023-cü ildə Rusiya ilə ticarət dövriyyəsinin həcmi təxminən 4,5 milyard ABŞ dolları təşkil edib. Azərbaycan və Rusiya, həmçinin müttəfiq dövlətlər qlobal xarakter daşıyan Şimal-Cənub dəhlizinin yaradılmasında iştirak edirlər. Rusiya Körfəz və Cənub Şərqi Asiya ölkələri ilə iqtisadi-ticari əlaqələrini Azərbaycan ərazisindən həyata keçirmək niyyətindədir. Hindistandan ixrac olunan yüklər Mumbay limanından İranın Çabahar limanına, buradan isə Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu ilə Rusiyaya və Avropaya daşınacaq. Azərbaycanın hələ SSRİ dövründən Rusiya ilə dəmir yolu əlaqəsi var. Qəzvin-Rəşt-Astara (İran) – Astara (Azərbaycan) dəmir yolunun Qəzvin-Rəşt hissəsi artıq istismara buraxılıb, Rəşt-Astara hissəsində isə işlər davam edir. Bu yol hazır olduqdan sonra isə Sankt-Peterburqdan çıxan yüklər qatarlar vasitəsilə Azərbaycan və İran ərazilərindən tranzit keçərək Hindistana və Körfəz ölkələrinə çatdıracaq. Rusiya ilə Azərbaycan, eyni zamanda, iqtisadi, siyasi, nəqliyyat, hərbi, mədəniyyət sahələrində qarşılıqlı hörmət əsasında əməkdaşlıq edir. Hazırda Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılmasında fəal rol oynayır. Bununla ölkə hər iki transkontinental dəhlizin kəsişməsində, Avrasiya coğrafiyasının mərkəzində mühüm nəqliyyat-logistika qovşağına çevrilir. Xatırladaq ki, Şimal-Cənub nəqliyyat dəhlizi Hindistan, Pakistan, İran, Azərbaycan, Rusiya və Şimali Avropa ölkələrini birləşdirir. Azərbaycan dünyada yeganə ölkədir ki, onun həm Rusiya ilə, həm İranla quru sərhədi var və bu coğrafi yerləşmə üçtərəfli regional əməkdaşlığın inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın ərazisindən keçən nəqliyyat dəhlizlərinin infrastrukturunun sürətli inkişafı nəticəsində nəqliyyat xidmətlərinin effektivliyi yaxşılaşır, daşımaların sürəti və təhlükəsizliyi yüksəlir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin, müasir hava limanlarının, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri istiqamətində beynəlxalq əhəmiyyətli avtomobil yollarının tikintisi və dəmir yolu xətlərinin yenilənməsi ölkənin xarici iqtisadi əlaqələrinin genişlənməsində mühüm rol oynayır. Bakı-Tiflis-Qars dəmir yolu xəttinin tikintisinin başa çatması Avropa və Asiya ölkələri arasında yüklərin daşınmasında Azərbaycanın tranzit ölkə kimi əhəmiyyətini daha da artırıb.  Onu da xatırladaq ki, Şimal-Cənub dəhlizinin formalaşmasında tranzit ölkə kimi mühüm rol oynayan Azərbaycan bu sazişə 2005-ci ildə qoşulub.  Avrasiya materikinin şimal və cənub hissələri arasında mühüm nəqliyyat-logistika rolunu oynayan dəhlizin Azərbaycan üzərindən keçməsi səbəbindən ötən müddətdə dövlətimiz tərəfindən böyük infrastruktur layihələri həyata keçirilib.  Dəhlizin tam gücü ilə fəaliyyətə başlaması gələcəkdə Azərbaycanın da tranzit gəlirlərinin əhəmiyyətli dərəcədə artmasına səbəb olacaq.

Tahir TAĞIYEV





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
50
baki-xeber.com

10Mənbələr