AZ

Aclıq aksiyası keçirən Hüseyn Abdullayev və anasından YENİ XƏBƏR   

  Sabiq deputat Hüseyn Abdullayev iyunun 3-də Bakı İstintaq Təcridxanasında başlatdığı aclıq aksiyasına mayın 5-də anası Zeynəb Abdullayevanın da qoşulması barədə xəbər vermişdik.

Bu gün, mayın 6-da Hüseyn Abdullayev aclıq aksiyasını dayandırıb.

Onun vəkili Ceyhun Yusifovun sözlərinə görə, o və digər müdafiəçilər yaşlı anası ilə birlikdə müvəkkili ilə görüşüblər. Onların xahişi ilə Hüseyn Abdullayev aclığı dayandırıb.

Hüseyn  Abdullayev ona qarşı irəli sürülən yeni ittihama etiraz əlaməti olaraq bu aksiyanı keçirirdi.

Onun digər vəkili Cavad Cavadov bildirmişdi ki, müvəkkilinin aclıq aksiyasına başlamasına səbəb həmçinin onun barəsində Birləşmiş Millətlər Təşkilatının (BMT) Qanunsuz həbslərlə bağlı İşçi Qrupunun 24-28 avqust 2020-ci il tarixdə keçirdiyi 88 saylı sessiyasında qəbul etdiyi qərarın icra edilməməsidir. Hüseyn Abdullayev işçi qrupunun 48/2020 saylı rəyi təsdiq olunmuş, Türkiyə və Azərbaycana qarşı qərarın icra olunmamasına etirazını aclıq aksiyası keçirməklə bildirirdi.

Belə ki, həmin qərara əsasən, onun BMT-nin Cenevrə Konvensiyasına uyğun olaraq siyasi sığınacaq pasportu olmasına və təqib olunduğu ölkəyə verilməsi qadağan olunduğu halda heç bir deportasiya, ekstradisiya qərarı olmadığı halda faktiki olaraq oğurlanaraq 21 aprel 2018-ci ildə Türkiyədən Azərbaycana gətirilməsi, onun burada məhkum edilməsi qanunsuz hesab edilib, onun azadlığa buraxılması tələb olunub.

Qeyd edək ki, Hüseyn Abdullayev 2018-ci ildə 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. 2024-cü ilin aprelində onun cəzası başa çatsa da, azadlığa buraxılmadı. Barəsində yeni cinayət işi başlandığına görə onu cəzaçəkmə müəssisəsindən Bakı İstintaq Təcridxanasına köçürüblər.

Ona qarşı cinayət yolu ilə əldə edilmiş pulların leqallaşdırılması (Cinayət Məcəlləsinin 193-1.3.2-ci maddəsi) ittihamı irəli sürülüb. Yeni ittihama görə, Abdullayev 2006-2014-cü illər arasındakı dövrdə 6 milyon manat vəsaitin yuyulmasında ittiham olunur, bir halda ki, istintaq artıq onun 2000-2018-ci ildəki fəaliyyətini araşdırıb. Yeni ittihamla Hüseyn Abdullayevi 7 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Hüseyn Abdullayev 1990-cı illərdə neft və neft məhsulları üzrə biznes sahəsində qabaqcıl mövqelər tutub. 

2005-ci ildə Abdullayev parlamentin deputatı kimi fəaliyyətə başlayıb və Nazirlər Kabinetinin fəaliyyətini tənqid edib. 2007-ci ilin martında parlamentin plenar iclasında deputat Fəzail Ağamalı ilə Abdullayev arasında yumruqlaşma olub. Bundan sonra Hüseyn Abdullayev cəzalandırılıb. O, əvvəlcə həbs edilib, sonra xuliqanlığa görə 2 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. 2013-cü ildə Abdullayev Azərbaycandan mühacirət edib. Bundan sonra ona qarşı vergi ittihamı ilə cinayət işi açılıb. Keçmiş deputat 2018-ci il aprelin 22-də Türkiyədə saxlanılıb və Azərbaycana ekstradisiya edilib.  / Musavat.com 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
9
referans.az

10Mənbələr