AZ

Ərdoğan Akşenerə vəzifə təklif edib? - ŞOK DETALLAR

Ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müxalifətdə olan mərkəz-sağçı İYİ partiyanın sabiq sədri Meral Akşeneri qəbul edib.

 

Modern.az-ın məlumatına görə, Beştəpədədəki Prezident sarayında keçirilən 40 dəqiqəlik görüş Türkiyə daxilində bir çoxları üçün “sürpriz” olub.

 

Türkiyə Prezidentinin internet saytında ötən gün açıqlanan proqramda Akşenerlə görüş nəzərdə tutulmayıb. Görüş barədə məlumatı həmin gün səhər saatlarında Türkiyənin Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fahrettin Altun açıqlayıb.

 

Görüşdən sonra ictimaiyyətə açıqlama verilməyib. Türkiyənin siyasi kuluarlarında görüş ciddi rezonans doğurub. İYİ partiya rəsmiləri müxtəlif KİV-lərə açıqlamasında görüşün partiya adından deyil, fərdi qaydada baş tutduğunu bildiriblər.

 

Sonuncu dəfə Türkiyənin keçmiş baş nazir Tansu Çillərin həyat yoldaşı Özer Uçuran Çillərin dəfn mərasimində görüntülənən Akşenerin Ərdoğanla sürpriz görüşündən sonra mətbuatda bir çox iddialar yayılıb. Türkiyə Prezidentinin ona vəzifə təklif etdiyi də yayılan iddialar arasındadır.

 

Türkiyə mətbuatında görüşün məsləhətləşmə xarakterli olduğu bildirilir. Partiya daxilində Akşenerə yaxın olan şəxslər Ərdoğanla Akşenerin tanışlığının çox keçmişə dayandığını və təcrübəli siyasətçi kimi onun belə görüşlər keçirməsinin normal qarşılanması lazım olduğunu bildiriblər.

 

Görüşü hansı tərəfin tələb etdiyi hələlik bəlli olmasa da, Fahrettin Altunun açıqlaması Ərdoğanın komandasının bu görüşə verdiyi əhəmiyyətin göstəricisi kimi şərh edilib.

 

Meral Akşenerin rəhbərlik etdiyi İYİ Partiya martın 31-də keçirilən yerli seçkilərdə 3,77 faiz səslə Türkiyənin altıncı partiyası olub. Olduqca aşağı nəticə göstərən partiya seçkilərdən sonra qurultaya gedib və Akşener qurultayda yenidən sədr olmayıb. Onun əvəzinə Müsavat Dervişoğlu seçilib. Qurultaydan sonra Akşenerin siyasətdən getdiyi barədə xəbərlər yayılıb.

 

Dervişoğlu dünən axşam saatlarında jurnalistlərə verdiyi açıqlamada Akşenerin Ərdoğanla görüşdən sonra ona zəng etdiyini bildirib. “Hörmətli sədrimiz səfərdən sonra mənə zəng edərək məlumat verdi. Ümumi olaraq Türkiyə haqqında danışdıqlarını bildirdilər”, - o qeyd edib.

Ancaq bəzi partiya rəsmiləri Akşenerin keçmişdə daxili işlər naziri və Türkiyə Böyük Millət Məclisinin sədr müavini vəzifələrində çalışdığına diqqət çəkərək, sədrlikdən getməsinin siyasətdən tamamilə ayrılacağı anlamına gəlmədiyini vurğulayırlar.

 

Bəzi KİV-lərdə Ərdoğanın “yeni konstitusiya, normallaşma prosesi” ilə bağlı Akşenerdən töhfə istəyə biləcəyi iddia edilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
17
modern.az

10Mənbələr