AZ

De Vaal da Bakıya düşmən oldu: Nə baş verir?

Ötən gün britaniyalı qafqazşünas, Karnegi Fondunun eksperti Tomas de Vaalın Azərbaycan-Ermənistan münasibətləri və Rusiyanın Cənubi Qafqaz siyasəti haqda “Foreign Affairs” jurnalında dərc edilən böyük məqaləsi bir daha bu sualı aktuallaşdırdı: Qərb – Avropa platformalarında Azərbaycana qarşı qətnamələr qəbul edilir, təzyiqlər artır, dünənə qədər bu və ya digər formada Azərbaycanın ədalətli mövqeyini müdafiə edənlər və ya heç olmasa, dilə gətirənlər qatı ermənipərəst mövqe tutmaqla yanaşı, Bakıya qarşı ən sərt ritorikadan istifadə edirlər, böyük antitəbliğat aparırlar. Nə baş verib axı?

Məsələn, elə Tomas de Vaal - əlbəttə, onun Azərbaycan əraziləri işğal altında olduğu müddətdə tam ədalətli olduğu düşüncəsindən uzağıq. Ancaq bu qafqazşünas vaxtilə Serj Sərkisyanı Xocalı qətliamını etiraf etməyə məcbur etməsi və bunu bütün dünyada yayması ilə məşhurlaşmışdı. Sərkisyan məhz ona etiraf etmişdi ki, erməni silahlılar mülki azərbaycanlılara qarşı qətliam törətməyə qadir olduqlarını təsdiqləyiblər. Sitat budur: “Xocalıya qədər azərbaycanlılar bizim sadəcə zarafat etdiyimizi düşünürdülər. Azərbaycanlılar elə bilirdilər ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməyən insanlardır. Bütün bu düşüncələri dəyişmək lazım idi. Belə də oldu”.

Həmçinin de Vaal dəfələrlə Azərbaycan torpaqlarının işğal altında olduğunu təsdiqləyib – baxmayaraq ki, keçmiş Dağlıq Qarabağ haqda bir qədər fərqli fikirdə olub.

Ancaq indi Tomas de Vaal – Cənubi Qafqazı kifayət qədər yaxşı tanıyan şəxs heç bir tərəddüd etmədən beynəlxalq hüququ ayaqlarının altına alaraq, keçmiş Dağlıq Qarabağ ərazisini “mübahisəli torpaqlar” adlandırmağa cəsarət edir, Rusiyanın “xristian qardaşları” ermənilərə xəyanət etdiyini bildirir, rus sülhməramlıların Qarabağdan çıxmasından şoka düşür – onun düşüncəsinə görə, sülhməramlılar ermənilərin bir hissəsini geri qaytara da bilərdilər.

Ermənistanın belə Azərbaycanın beynəlxalq müstəvidə tanınan ərazi bütövlüyünü qəbul edib, artıq Qarabağa heç bir iddia irəli sürmədiyi bir vaxtda tomasdevalların bu yanaşması, erməni revanşizmini körükləmə cəhdləri doğrusu, inanılmazdır. Qərb ekspertlərinə nə lazımdır: həqiqət, ədalət, sabitlik, yoxsa xaos, müharibə, qətliamlar və Xocalıda olduğu kimi, soyqırımlar? Yəni Cənubi Qafqazın “qaynamasında” bu qədər maraqlı olduqlarını belə açıq ortaya qoymaq olarmı?

Maraqlıdır, niyə Azərbaycan əraziləri işğalda olanda, bir milyon köçkün çadırlarda məşəqqət və faciə yaşayanda Tomas de Vaal da qarışıq, bir çoxu Azərbaycanı müdafiə edirdi? Elə onların da istədiyi ədalət zəfər çalmayıbmı? Dövlətin ərazi bütövlüyü bərpa olunub, torpaqlar minalardan təmizlənir, müharibənin dağıtdığı yerlər abadlaşdırılır, insanlar geri qayıdır və s.

Tomas de Vaalın böyük analizini sadəcə diqqətlə, iki dəfə oxumaq lazımdır ki, “kollektiv Qərbin” nə istədiyini biləsən!

Rusiya Cənubi Qafqazda dominant idi, Ermənistan bu ölkənin “əsas müttəfiqi” sayılırdı, de Vaal demişkən, “Osmanlı dövründən bəri” Rusiya imperiyası, daha sonra SSRİ erməniləri himayə etmişdi, onlar bu imperiyalarda yüksək vəzifələrə gətirilmişdilər və... qəfildən ermənilərlə ruslar arasında münasibətlər kəsildi: 2018-ci ildən, Ermənistanda Paşinyan hakimiyyətə gələndən sonra.

Nə qədər ki, Rusiya Ermənistanı birmənalı şəkildə dəstəkləyirdi və Azərbaycan ərazilərinin işğalda qalmasına şərait yaradırdı, Qərbdəki bir çox mərkəzlər həqiqətləri dilə gətirməyə, Ermənistan əleyhinə qətnamələr qəbul etməyə çalışırdılar: ekspertlər beynəlxalq prinsiplərdən, ərazi bütövlüyündən bəhs edirdi. Ancaq Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən, Ermənistan isə Rusiya təsirindən çıxmağa çalışandan sonra Azərbaycana qarşı münasibət dəyişdi - dünənə qədər Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyənlər bu gün Azərbaycan-Rusiya “dostluğundan” (halbuki bu əlaqələrdə dostluqdan daha çox, zamanın və coğrafiyanın diktə etdiyi əməkdaşlıq zərurəti var) ciddi narahatlıq keçirirlər və bu iki “diktaturanın” “məsum”, “günahsız”, “demokratik” Ermənistanı əzmək istəyindən “narahat” olduqlarını bildirirlər.

İş o yerə çatır ki, Gürcüstan ABŞ-ın özündə belə 100 ildir qüvvədə olan bir qanunu – “Xarici təsirin şəffaflığı haqda” – qəbul edəndə və şəffaflıq arzulayanda, ABŞ da daxil olmaqla, bütün Qərb Tiflisin üzərinə gəlir, sanksiyalarla hədələyir, hətta 4 ölkənin XİN başçıları bu qanuna qarşı keçirilən aksiyaya qatılmaqla, faktiki olaraq Gürcüstanın daxili siyasətinə kobud, açıq-aşkar və meydanoxuyurcasına müdaxilə etməkdən çəkinmir.

Gürcüstanın demokratik yolla seçildiyini Avropanın özünün belə təsdiqlədiyi deputatları bir qanun qəbul edir – buna qarşı bu qədər basıcı, əzici reaksiyanın bir səbəbi varmı? Tiflis dayanmadan, ovunmadan qanunu açıq şəkildə avropalı tərəfdaşlarla müzakirə etməyə hazır olduğunu bildirir – bunun əvəzində isə sanksiya hədəsi alır.

Səbəb odur ki, nəzarət edilməyən və qanundankənar maliyyələşən QHT-lər vasitəsilə Qərb Gürcüstan ictimai-siyasi həyatını daim nəzarətdə saxlamaq istəyir, bu qanunun qəbulu isə Qərbin bu təsir imkanlarını azaldır.

Amma bu, hamısı deyil: Tomas de Vaal daha bir “qorxunu” dünənki məqaləsində ortaya qoydu. Bildirdi ki, görəsən, “Rusiya qanunu” kimi qəbul edilən bu qanun və Moskva ilə iqtisadi-siyasi əlaqələrin getdikcə inkişafı nəticəsində Gürcüstan Rusiya ilə yaxınlaşa və Kremlin “Azərbaycanla olduğu kimi”, Gürcüstana da Cənubi Osetiya və Abxaziyanı hərbi yolla nəzarət altına almağa şərait yaratmasına səbəb ola bilərmi?

Olduqca qəribə baxışdır. Gürcüstanın ərazi bütövlüyünü qəbul etmirmi Avropa, ABŞ? Əgər Gürcüstan bunu Rusiya ilə razılaşaraq və yaxud hansısa digər yollarla təmin etməyə çalışır və bu istiqamətdə hər hansı gözləntisi varsa, Qərb niyə bu qədər əndişələnir?

Çünki Qərb ehtiyat edir ki, Cənubi Qafqaz ölkələri Rusiya ilə razılaşması və ərazilərini bərpası əvəzində Rusiya ilə iqtisadi-ticari münasibətləri inkişaf etdirə və Qərbin təsirindən çıxa bilər. Daha vacibi: Tomas de Vaal yazır ki, hazırda Qərblə Rusiya arasında əsas münaqişə beynəlxalq dəhlizlərlə, bu dəhlizlərə nəzarətlə bağlıdır. Rusiya Azərbaycanla razılaşıb, Ermənistana təzyiq edib, Zəngəzur dəhlizini aça, Dehlidən-Pekindən Avropaya uzanan nəqliyyat dəhlizində xüsusi rol oynaya bilər; bu tərəfdən əgər Gürcüstanın ərazi bütövlüyünə şərait yaranarsa, bu ölkədən keçən dəhlizlərdə də pay ala bilər.

De Vaal Azərbaycanı açıq şəkildə Qərbi regiona buraxmamaqda, Türkiyə, İran və Rusiya kimi mövqe sərgiləməkdə ittiham edir və Ermənistandan başqa “ümid yeri olmadığını” vurğulayır. Çünki Qərbi Cənubi Qafqaza daşıyan Ermənistandır; ona görə Ermənistana AB külli miqdarda yardım ayırır; ona görə ABŞ Ermənistan iqtisadiyyatını can-başla dəstəkləyir – de Vaal yazır.

Ancaq özü də etiraf edir ki, Ermənistana qazın 85%-ni, enerjisinin 1/3-ni təmin edən Metsamor AES-in bütün yanacağını verən Rusiyadır; Ermənistanın xarici ticarətinin 70%-i Rusiya ilə bağlıdır və s. Belə olan halda “yaxın perspektivdə Ermənistan üçün ciddi risklər var” deyən de Vaal Qərbi aktiv olmağa çağırır.

Yəni məqsəd ölkələrin ərazi bütövlüyü, sabitliyi, birgəyaşayış, iqtisadi inkişaf deyil – Qərbin bölgəyə yerləşməsidir, regiondakı dəhlizlərə nəzarətidir, iqtisadi-siyasi təsiridir. Türkiyənin müttəfiqi olan Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu səbəbindən ciddi oyunçuya çevrildiyini və ölkəyə heç bir təsirə imkan vermədən müstəqil siyasət yürütmək fürsəti qazandığını de Vaal da etiraf edir.

Qəbul etmədikləri, narahat olduqları məqam da budur: Azərbaycan öz milli maraqlarından çıxış edib, region dövlətləri ilə münasibətləri nizamlayıb, ərazi bütövlüyünü təmin edir, ərazisindən keçən dəhlizlərdə özü region ölkələri ilə birgə söz sahibi olmaq istəyir – olur “diktatura”, ancaq Ermənistan AB missiyası adı altında Avropa qüvvələrini regiona gətirir, əvəzində olur demokrat – baxmayaraq ki, bu ölkənin zindanlarında siyasi məhbuslar aclıq aksiyası keçirir və ölür, bu ölkəyə bir çox erməninin girişi qadağan edilib (halbuki məhkəmə isə onların xeyrinə qərar çıxarıb), jurnalistlərin, aksiyaçıların həbsi də kifayət qədərdir...

Demək, sabah Ukrayna Rusiya ilə razılığa gəlsə, Kiyev NATO-dan imtina edib, bitərəf dövlətə çevrilsə, rusofobiya siyasətini ləğv etsə və öz “xristian-slavyan” qardaşı ilə anlaşsa, nəticədə Rusiya öz ordusunu Ukraynadan çıxarsa, Qərb Ukraynanın ərazi bütövlüyünü tanımayacaq və antikiyev siyasətinə başlayacaq?

Dünya bölünür – anlayırıq; yeni dünya nizamı üçün savaşlar gedir – başa düşürük; Dehlidən başlayan və Fələstin-İsrail ərazisindən keçən, Çindən başlayan və Ukraynada bloklanan, buna görə də daha çox ağırlığı “ortaya” düşən marşrut uğrunda qanlı savaş gedir – bilirik; ancaq ölkələrə bu qədər aqressiv müdaxilə, təzyiq, açıq şantajı dərk etməkdə çətinlik çəkirik.

Qərb bu ritorika ilə Rusiyaya qarşı cəbhəni genişləndirə bilməz! Region ölkələri gözü çıxmış qardaşdan – Ukraynadan ibrət almağa məcburdur!

Qərbin isə bu həqiqət-reallıq eyninə deyil – Rusiyanın ayı pəncəsi altına kim düşür-düşsün, təki cəbhə genişlənsin...Axar.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
5
oxumeni.az

6Mənbələr