AZ

Valideynlər üçün hansı vacibdir: ÖVLAD yoxsa TƏHSİL? - ARAŞDIRMA

Valideynlər üçün hansı vacibdir: ÖVLAD yoxsa TƏHSİL? - ARAŞDIRMA

Xəbər verdiyimiz kimi, Bakının Günəşli qəsəbəsində imtahandan kəsildiyi üçün intihar etdiyi iddia olunan şagirdlə bağlı bəzi detallar məlum olub. Gəncin nənəsi bildirib ki, nəvəsi imtahandan kəsilməyib. Onun sözlərinə görə, nəvəsi 18 yaşında olub və imtahana gedən zaman bir anlıq canına qəsd edib. Ölən şəxsin qonşusu isə vurğulayıb ki, mərhumu bu gün səhər saatlarında görüb.

Hadisənin tam olaraq hansı səbəbdən, təfərrüatları tam dəqiq bilməsək də, mövzunun aktuallığını nəzərə alaraq bir araşdırma apardıq. Hər il qəbul imtahanları ərəfəsində abituriyentlərin intihar halları ilə tez-tez üzləşirik. İmtahanların verdiyi stresin gəncləri nə hala saldığını göz önündə qoyur. Əlbəttə ki,I buna birtərəfli yanaşmaq olmaz. Valideynlər sanki uşaqlarının həyatını bu imtahanlara bağlayır. Bu yanaşma nə dərəcədə doğrudur? Bu gün valideynlər övladlarına onların bilik və potensialını, psixologiyasını nəzərə almaqla yanaşma göstərməlidir. Əgər uşaq ali məktəbə qəbul ola bilmirsə bu dünyanın sonu deyil. İmtahanda qazana bilmədiyi uğuru , sabah başqa sahədə əldə edirlər. Hər bir valideyn uşağının ali təhsilli və savadlı olmasını istəyir. Amma bunun üçün uşağa təzyiq etməyin də bir mənası yoxdur. Belə olan halda valideynlər üçün hansı daha vacibdir? Övlad yoxsa təhsil?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucovun sözlərinə görə, imtahan prosesi psixoloji hazırlığı yerində olmayan, imtahanda uğur əldə edə bilməyən, eyni zamanda imtahanda uğur qazanmadı deyə hər şey bitdi deyə düşünən xeyli sayda gənclərimiz üçün ağır proses olur:
Valideynlər"Biz zaman-zaman müşahidə etmişik ki, intihar və intihara cəhd edən gənclərimiz var. Düşünürəm ki, imtahan öncəsi ailələr övladlarının yanında olmalı və dəstəklərini ifadə etməlidirlər. İmtahan öncəsi uşağı hazırlamalıdır. Ən əsası isə məsuliyyət və yük ailənin üzərinə düşür. Ailə, valideynlər və uşağın yaxınları, müəllimləri uşaqlarımız ilə ciddi işləməlidirlər. Onları psixoloji cəhətdən hazır vəziyyətə gətirməlidirlər. Həyat bir imtahandan ibarət deyil. Həyatı uşaqlara izah etmək lazımdır. Uğur qazanmaq da olar yaxud bunun əksi baş verə bilər. Amma bununla ruhdan düşüb və hər şeyin bitdiyinə dair beynində fikirlər yaratmaq həqiqətən qorxuludur. İntihar bir intihar bir ailənin faciəsidir. Bu kimi qorxulardan, düşüncələrdən övladlarımızı azad etməliyik. İntiharın səbəbləri psixoloji natamamlıqdan irəli gəlir".

Ekspert deyib ki, bəzən bir imtahanda uğur qazana bilməyən şagirdə evdə basqılar olur. Valideynlər uşağa təcrid olunmuş və ondan üz döndərmiş kimi davranmalı deyil:

"Bu gün övladlarımız hansısa uğursuzluq əldə edibsə, sabah uğurlar qazana bilər. Buna onları hazırlamaq lazımdır. Ailələrdə övladlara qarşı bir çox hallarda uğursuzluqdan irəli gələn basqılar, danlaqlar mövcuddur. Eyni zamanda uşaqlar ilə bu məsələ üzrə iş aparılmaması halları var. Bütün bu amillər uşağın sarsıntı keçirməsinə və psixoloji travma almasına gətirib çıxarır. İnsanın özü bioloji və psixoloji varlıqdır. Hər kəsin psixoloji hazırlığı eyni deyil. Bu gün uşaqların içindən keçənləri anlamaq həqiqətən çətindir. İntiharı seçən uşaqlar zaman-zaman bunu beynində formalaşdırırlar. İmtahana qədərki mərhələdə uşaq özü üçün qərar qəbul edir ki, uğur qazanmasam intihar edəcəm. Bu da nədən irəli gəlir? Evlərdə və ailələrdə uşağa bu imtahan hər şey deməkdir kimi anlayışı formalaşdırırlar. Belə bir yanaşma var və bu çox yanlışdır. Bütün bu hallar uşağın özgüvənini zəiflədir".

Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfovun sözlərinə görə, təəssüf ki, cəmiyyətdə formalaşmış ictimai düşüncə var ki, hər kəs ali təhsil almalıdır:
Valideynlər"Hər kəs təhsil almalıdır, gələcək peşəsi üçün. Peşə seçimində isə uşaqlara təzyiq etmək doğru deyil. Uşaqlara səhv etməkləri üçün imkan yaradılmalıdır. Valideynlər övladları üçün narahat olurlar. Amma narahatlıqlarını düzgün ifadə etmirlər. Övlad və valideyn arasında dialoq yoxdur. Valideyn öz əziyyətinin bəhrəsini görmək üçün övladına təzyiq edir. Həyatda bütün əziyyətlərin nəticəsi olacaq deyə bir qayda yoxdur. İnsanın özündən vacib yenə də özüdür. Valideynlər özlərini övladlarının yerinə qoymurlar. Hadisələri fəlakətləşdirirlər. Ətrafdakılarla övladlarını müqayisə edib, övladlarının özlərinə dəyərini kiçildirlər. Övladlarını yalan danışmağa təhrik edirlər. Yüksək bal toplamaq bilik yox, düzgün zaman və əzbərçilik göstəricisidir. Yüksək bal toplamağın mahiyyəti böyükdür. Amma həyatda heç bir əhəmiyyəti yoxdur. Düzgün seçim və edilən seçimə sevgi olmalıdır".

Psixoloq bildirib ki, başqalarına özünü ifadə etmək istəyənlər özününkülərin həyatını məhv etməsinlər. Bu rəqabət sağlam deyil. İnsan başqalarına görə yaşamamalıdır:

"İntihar etmək, şəxsin formalaşmış ictimai düşüncəyə özünü ifadə etməsidir. Valideynlər övladlarının gələcəyini sevgi ilə inşa etməlidirlər, kağız parçası ilə deyil. Uğursuzluq bədbəxtlik deyil, uğurun başlanğıcıdır. Valideynlər övladlarının düşüncəsində intihar toxumları əkməməlidirlər. Sonra baş verəcək hadisələrdə peşman olacaqlar. Heç bir ixtisas, heç bir ali məktəb insanın həyatından artıq deyil. İnsan etdiyi səhvlərin cavabını özü alır. Övladları həyatın imtahanlarına hazırlamaq lazımdır. Həyatda beş almağı tədris etməliyik. Hər zaman vurğulayıram, imtahanda dörd səhv bir düzü aparırsa, həyatda bir səhv bütün düzləri aparır".

Sevda Səfərova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
109
50
sonxeber.az

10Mənbələr