AZ

“Qarabağ” 8-ci dəfə Azərbaycan kubokunun qalibi oldu!

Bu gün keçirilən final oyunu ilə futbol üzrə Azərbaycan kubokunun 2023/2024 mövsümünün qalibi müəyyənləşib.

Arena.az xəbər verir ki, həlledici oyunda “Qarabağ” və “Zirə” komandaları üz-üzə gəliblər.

Mərdəkandakı “Dalğa Arena”da baş tutan final görüşünü Rəvan Həmzəzadə idarə edib.

“Zirə” tarixində ilk dəfə Azərbaycan kubokunu qazanmağa çalışıb. Ağdam klubu daha öncə 7 dəfə (1993, 2005/06, 2008/09, 2014/15, 2015/16, 2016/17, 2021/22) ölkə kubokunun qalibi olmuşdu. Ağdam klubu Azərbaycan Kubokunu başı üzərinə qaldırmaqda mütləq rekordçu idi. Bölgə təmsilçisi rekordunu yeniləməklə digərləri ilə fərqi artırmaq arzusundaydı.

“Zirə” finala qədər keçirdiyi bütün oyunlarda qələbə qazanıb. Rəşad Sadıqovun yetirmələri 5 matçda qalib gəlmişdilər. Azərbaycan Kuboku tarixində yalnız üç komanda titula yiyələndiyi mövsümdə bütün görüşlərdə qələbə qazanmışdı. 1993/94 mövsümündə “Kəpəz”, 1994/95 mövsümündə “Neftçi”, 2015/16 mövsümündə “Qarabağ” kuboku qələbə seriyası ilə əldə etmişdi. “Zirə” finalda qalib gəlsəydi, yalnız üç komandanın bacardığını təkrarlayacaqdı.

Xatırladaq ki, “Qarabağ”la “Zirə” indiyə qədər Azərbaycan Kubokunda cəmi 1 dəfə üz-üzə gəlmişdilər. Həmin oyun da 2021/2022 mövsümünün finalına təsadüf etmişdi. İki il əvvəlki finalın 120 dəqiqəsi qollu heç-heçə (1:1) ilə bitmişdi və mükafatın sahibi penaltilərlə müəyyənləşmişdi. 4:3 hesabıyla qalib gələn “Qarabağ” Azərbaycan Kubokunun qalibi olmuşdu.

Elə bu dəfə də yekunda sevinən tərəf “Qarabağ” olub. Ağdam klubu ilk hissədə hesabı açsa da, fasilədən sonra üstünlüyü əldən verib. Amma bu, qısa müddət davam edib və daha bir qol vuran Qurban Qurbanovun kollektivi 2:1 hesablı qələbə ilə növbəti tituluna sahib çıxıb. Bununla da “Qarabağ” 2023/2024 mövsümün “qızıl dubl”la başa vurub.

Azərbaycan kuboku
Final
2 iyun

Qarabağ – Zirə 2:1
Qollar: Olavio Juninyo, 42. Abdullah Zubir, 62 – İsmayıl İbrahimli, 58.
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Müslüm Əliyev, Kamal Umudlu.
Ehtiyat köməkçi hakim: Eyyub İbrahimov.
VAR: İnqilab Məmmədov.
AVAR: Kamran Bayramov.
Ehtiyat VAR: Rauf Allahverdiyev.
Hakim-inspektor: Asim Xudiyev.
“Liv Bona Dea Arena”.

Qarabağ: 99. Andrey Lunyov, 55. Bədavi Hüseynov (k), 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 90. Nəriman Axundzadə, 10. Abdullah Zubir, 8. Marko Yankoviç, 18. Olavio Juninyo, 2. Mateus Silva, 6. Julio Romao, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 20. Riçard Almeyda, 5. Maksim Medvedev, 30. Abbas Hüseynov, 24. Aleksey İsayev, 27. Toral Bayramov, 81. Kevin Medina, 66. Patrik Andrade, 17. Hamidu Keyta, 11. Adama Diakabi, 19. Redon Cica.
Baş məşqçi: Qurban Qurbanov.

Zirə: 97. Tiaqo Silva, 77. Məqsəd İsayev, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 20. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 5. Stefan Akka, 4. Ruan Renato, 44. Dmitrios Çantakias, 23. Rafael Utziq, 15. Pyer Zebli.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Məmməd Hüseynov, 17. Araz Abdullayev, 8. İlkin Muradov, 21. Hacıağa Hacılı, 11. Rüstəm Əhmədzadə, 29. Ceyhun Nuriyev, 24. Sezar Meza Kolli, 70. İssa Cibrilla, 28. Abbas İbrahim, 6. Eldar Quliyev, 19. Salifu Suma.
Baş məşqçi: Rəşad Sadıqov.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
139
3
arena.az

10Mənbələr