AZ

2-ci macar millətçisinin ruspərəstliyi – Viktor Orban İmre Nadın yoluna xilaf çıxır

Elə bir gün olmaz ki, Macarıstanıın baş naziri Viktor Orban və xarici işlər naziri Petr Siyyarto Rusiyanın lehinə, Ukraynanın əleyhinə hansısa bir bəyanat, açıqlama, müsahibə verməsinlər.

İki ildir Macarıstanın xarici siyasətinin leytmotivi budur. Baş nazir Orban gah Avropa İttifaqının Ukraynaya maliyyə yardımı göstərməsini nəzərdə tutan proqramın qəbuluna əngəl törədir, gah Rusiyanın işğal etdiyi vilayətlərin ruslarda qalması şərtilə sülh sazişi imzalanmasını təlif edir, gah da Ukraynanın müdafiə qabiliyyətinə zərbə vuracaq qərarlar (taxıl dəhlizini qapatmaq kimi) qəbul edir.

Bu günlərdə o, Ukraynanın müstəqil dövlət olmadığını bəyan edərək sülh danışıqlarının ABŞ və Rusiya arasında aparılmasını zəruri saydığını bildirib. Bu təklifin mənası odur ki, Ukrayna xalqı öz taleyinin həll olunması prosesində iştirak etməsin, iki hegemon dövlət onun ərazisini bölüşdürüb razılaşsınlar, Ukrayna xalqı da öz taleyi və itkiləri ilə barışsın.

smartcrop.jpg

Axırıncı dəfə Orban deyib ki, Qərb Ukraynaya uzaqmənzilli silahlar verdikcə, rus qoşunları daha çox Ukraynanın içərilərinə doğru irəliləyəcəklər. Yəni müqavimətin xeyri yoxdur, Ukraynanı qurban vermək, Rusiyanın qarşısından qaçmaq lazımdır.

Viktor Orban populist siyasətçi olmaqla yanaşı, macar millətçisidir, hər zaman öz dövlətinin, xalqının mənafeyini hamınınkından üstün tutan, lazımi anlarda həlledici manevrlər etməyi bacaran dövlət xadimidir. O, bu cür siyasi xətt yeridərkən nəyə görə Ukraynanın dövlət kimi məhv olmasının və ya kiçilməsinin Macarıstanın maraqlarına cavab verdiyi düşüncəsinə gəlib, bunu bir özü, bir də komandası bilər.

Ancaq bir macar millətçisinin Rusiyaya, özünü SSRİ-nin varisi sayan, hələ də onun xarici siyasət kursunu davam etdirən dövlətə rəğbət bəsləməsi anlaşılan deyil.

Macarıstanda hər kim Rusiyapərəst olsa da, İmre Nadın yenidən dəfn olunması mərasimində alovlu nitq söyləyən Orban Moskvaya rəğbətli olmamalıydı.

Nagy_Imre_fortepan_74215.jpg

İmre Nad (1896-1958) 20-ci yüzillikdə Macarıstanın ən parlaq siyasətçisi olub. O, iki dəfə Macarıstanın baş naziri vəzifəsini tutub, macar inqilabının rəhbərlərindən biri olub və ölkəsini sovet-rus ağalığından qurtarmağa çalışıb. Nəticədə SSRİ 1956-cı ildə Macarıstana qoşun yeridib, onsuz da nəzarətində olan bu ölkədə qanlı qırğın törədib, qanuni hakimiyyəti devirib, İmre Nadı və onun silahdaşlarını həbs edib, iki öldən sonra isə onların üzərində gizli məhkəmə quraraq edama məhkum edib.

Təsəvvür edin, bir ölkə başqa ölkəyə silahlı müdaxilə edir ki, onun başçısı Qərbə inteqrasiya etmək istəyir, ölkəsinin inkişaf yolunu başqa cür görür, çoxpartiyalı sistemə tərəfdar çıxr, heç kimin vassalı olmaq istəmir. Və bu ölkə yadelli işğalına məruz qalır, qan gölündə boğulur. Xalqın liderləri İmre Nad, Pal Maleter, Mikloş Gimeş və başqaları asılır.

budap.jpg

Başqa sözlə, 1956-cı ilin noyabrında macar xalqının iradəsi sovet-rus dövləti tərəfindən zorlanıb, xalq təhqir edilib. Macarlar xalq olaraq bu təhqiri SSRİ dağılana qədər həzm etmədilər. Bu, Macarıstan-SSRİ münasibətlərində özünü göstərirdi, hətta idman yarışlarında belə macar-rus siyasi intriqası idmançıların davranışına yansıyırdı.

Ancaq işə baxın ki, Macarıstan müstəqil dövlət olandan, Avropa ilə qaynayıb-qarışdıqdan, Budapeşt öz köhnə arzusuna çataraq, Avropa İttifaqının və NATO-nun üzvü olduqdan sonra onun yeni baş naziri Moskvapərəst siyasət yeritməyə başlayıb.

Viktor Orban 1989-cu ilin iyulunda yenidən dəfn olunan və Macarıstanın milli qəhrəmanı elan edilən İmre Nada həsr olunmuş mərasimdə onu kimin devirdiyini, kimin asdırdığını bilirdi və çıxışını bu aspektdə qurmuşdu. Düzdür, tarix kitablarında və məqalələrdə göstərilir ki, guya İmre Nad və komandasının üzvlərinin edam edilməsi təşəbbüsü Moskvadan, Nikita Xruşovdan yox, Macarıstanın yeni rəhbəri Yanoş Kadardan gəlib və məhz o, Nadla birdəfəlik qurtarmağı lazım bilib. Amma bu, sovet-rus rəhbərliyinin tarixi cinayətin məsuliyyətini daşımamaq arzusundan irəli gələn saxtalaşdırmadır. Belə vəziyyətlərdə adətən həlledici qərarı çevrilişi törədən tərəf verir.

Sonradan Nikita Xruşov öz çılğın çıxışlarında İmre Nadın aqibətini digər sosialist düşərgəsi ölkələrinə nümunə kimi göstərir, onlara “ağıllı olun, yoxsa sizi da Nad kimi asarıq” eyhamlı mesaj verirmiş.

Amma indi Orban 1956-cı ildəki Macarıstanın halına düşmək istəməyən Ukraynaya qarşı çıxır. Əgər rus qoşunları Kiyevə girsələr və prezident Zelenskini əsir alsalar, onu da ya İmre Nad kimi edam edəcəklər, ya da güllələyəcək, sonra “əlində silah müqavimət göstərərkən məhv edildi” kimi sənədləşdirəcəklər.

Hər halda Orban hakimiyyətdən gedəndən sonra ona qarşı irəli sürülən ən sərt ittihamlardan birinin məhz bu günlərdə yeritdiyi ruspərəst siyasət olacağı yəqindir. Xalqın yaddaşı ona ağır şəkildə zorakılıq etmiş yadelliyə yaxınlıq edənləri bağışlamır.

Araz Altaylı, Musavat.com

  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
141
2
turanpress.com

10Mənbələr