AZ

Bəzi yerlərdə intensiv yağış yağacaq, çaylardan daşqın və sel keçəcək

Bəzi

Bakı, 1 iyun, AZƏRTAC

İyunun 1-i günün ikinci yarısından iyunun 2-si axşamadək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin sürətinin saniyədə 15-20, arabir 23-25 metr olacağı, iyunun 1-i axşam və 2-si gecə və səhər yarımadanın bəzi yerlərində arabir 28 metrədək güclənəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, iyunun 1-i gecəyə doğru və 2-də gecə bəzi yerlərdə arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.

İyunun 2-si axşamadək Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Daşkəsən-Gədəbəy, Şərqi Zəngəzur, Qarabağ, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimal edilir.

İyunun 2-si gündüzədək qərb küləyinin sürətinin saniyədə 15-20 metr olacağı, ayrı-ayrı yerlərdə arabir 23-28 metrədək güclənəcəyi proqnozlaşdırılır.

Çaylarda, o cümlədən Kür, Araz, Qanıx və Qabırrı çaylarında sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi bildirilir.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
161
9
azertag.az

10Mənbələr