AZ

“ASAN Məktub” yaz düşərgəsi təşkil olunub

“ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı, “Qala Sığorta” ASC-nin baş sponsorluğu ilə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan “ASAN Məktub” yaz düşərgəsi həyata keçirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən XQ-yə verilən məlumata görə, düşərgədə 1, 2 və 3 saylı Uşaq evi sosial xidmət müəssisələrindən 8-14 yaş kateqoriyasında olan 70 uşaq iştirak edib.

“Sevinc paylaşdıqca çoxalır” şüarı ilə həyata keçirilən layihənin məqsədi həssas qrupa aid uşaqların bacarıqlarını inkişaf etdirmək, onların cəmiyyətə adaptasiya olmalarını təmin etməkdir.

Mayın 28-dən 31-dək Şamaxı rayonunda icra edilən layihə çərçivəsində uşaqlar üçün öyrədici təlimlər, teatr tamaşaları, əyləncə saatları, müxtəlif mövzularda maarifləndirici görüşlər, ustad dərsləri, psixoloqların iştirakı ilə təlimlər və konsultasiyalar keçirilib.

Düşərgənin ilk günündə iştirakçılar düşərgənin proqramı barədə məlumatlandırılıblar. Ardınca “İdeya generasiyası” mövzusunda təlim təşkil olunub. Həmçinin 28 May - Müstəqillik Günü ilə əlaqədar olaraq “ASAN Könüllüləri” Təşkilatının “Əsgərə Məktub” proqramı çərçivəsində məktublar yazılıb.

Növbəti gün “SİMART” Sağlam İnkişaf Platformasının birgə əməkdaşlığı ilə nağıl generasiyası həyata keçirilib, animasiyalar izlənib və balacalarla müzakirələr aparılıb. “Mədəniyyət Carçısı” proqramı tərəfindən “Eko Tıq-Tıq xanım” tamaşası və Azərbaycan Skautlar Assosiasiyasının liderləri “Axtar tap” intellektual yarışı təşkil olunub.

Düşərgənin son günündə “Bilim Bakı” mərkəzi tərəfindən texnologiya, təbiət və astronomiya mövzusunda seminarlar və bağlanış mərasimi reallaşdırılıb, iştirakçılara hədiyyələr təqdim olunub.

“ASAN Məktub - Yaz Düşərgəsi” boyunca uşaqlar əyləncəli və interaktiv vaxt keçirməklə yanaşı, sosial və yaradıcılıq bacarıqlarını da inkişaf etdiriblər.

Düşərgənin dəstəkçiləri “İnnovasiyalar Mərkəzi” MMC, “Bilim Bakı” mərkəzi, “SİMART” Sağlam İnkişaf Platforması, Azərbaycan Skautlar AssosiasiyasıŞ ”Özünü Yarat Ebru sənət mərkəzi” MMC-dir.

Media tərəfdaş ASAN TV və ASAN Radiodur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
15
xalqqazeti.az

10Mənbələr