AZ

Beyin sağlamlığını yaxşılaşdıran qidalar...

 

Belə bir məsəl var: “Nə yeyirsənsə, osan”. Bu söz həm bədənimizə, həm də ağlımıza aiddir. Beyin sağlamlığımız üçün istehlak etməli olduğumuz çox vacib qidalar var. 

Dietoloqların fikrincə, yemək və əhval-ruhiyyə həqiqətən sıx bağlıdır. Məsələn, qida və pəhriz psixi sağlamlıq pozğunluqlarının qarşısının alınmasında və onların simptomlarının yaxşılaşdırılması üçün vacibdir. Biz həmçinin bilirik ki, onlar yuxu və enerji səviyyələrində kömək edə bilər, hər ikisi psixi sağlamlığın vacib göstəriciləridir.

London Kral Kollecinin qidalanma elmləri üzrə dosenti Sarah Berriyə görə yemək və beyin sağlamlığına gəldikdə sehrli bir qida yoxdur: "Beyin sağlamlığının yaxşılaşdırılması fərdi qidalardan çox, ümumi pəhrizdən asılıdır". Lakin bəzi qidalarda beynimizə həqiqətən kömək edə biləcək bəzi sehrli maddələr var. 

Qızıl (Somon) kimi yağlı balıqlar omeqa-3 yağ turşuları ilə zəngindir. Bu yağ turşuları bədəninizin öz-özünə istehsal edə bilməyəcəyi bir növ yağdır. Ona görə də onu qidadan almaq lazımdır. Onlar ürəyiniz və immunitetiniz, eləcə də beyin sağlamlığınız üçün vacibdir. 

Mütəxəssislər bildirirlər ki, omeqa-3 əlavələri depressiyanın qarşısını almağa kömək edə bilər. Omeqa-3-ün digər yaxşı mənbələrinə siyənək, sardina, skumbriya, hamsi, çia toxumu və qoz daxildir. 

Qoz-fındıq beyin sağlamlığına təsir edən polifenol və qida maddələri ilə dolu bir qida mənbəyidir. Qoz beyinə ən yaxşı təsir edən çərəzlərdən biridir. Elə bu baxımnan qozun beyin formasında olması da heç təsadüfi deyil. "Nutrients" jurnalında dərc olunan 2020-ci ildə aparılan bir araşdırma qoz yeməyin yaddaş və beyin funksiyalarının yaxşılaşmasına səbəb olduğunu ortaya qoyub. " Alzheimer" riski kimi koqnitiv geriləmə riski olan insanlar xüsusilə qoz yesələr, daha yaxşı nəticələr əldə olunar.

Brokoli, kələm və qulançar kimi bütün yarpaqlı göyərtilər daha yavaş idrak qabiliyyətinin azalması ilə əlaqəli olan qida və liflə doludur. 

Yaşıl çay da beyin üçün əhəmiyyətli vasitələrdən biri hesab olunur. Qara çayın və xüsusilə yaşıl çayın tərkibində L-theanine var ki, bu da bizim yuxu keyfiyyətini artıra bilər. 

Bağırsaq sağlamlığı ilə psixi sağlamlıq arasında bir əlaqə var ki, Cənubi Koreyada aparılan araşdırma, bağırsaqlara faydalı probiotik qidalar qəbul edən insanların depressiya epizodlarının daha az olduğunu göstərib. Bağırsaq sağlamlığını yaxşılaşdıran qidaların istehlakı bizi daha az stressə məruz qoyur.

Polifenollarla zəngin olan sızma zeytun yağının beyin sağlamlığı üçün faydası olduqca çoxdur. Gündə cəmi yarım çay qaşığı zeytun yağı istehlak etmək, demansdan ölmə riskinizi 28 faiz azaltmaq üçün kifayətdir. 

Sözsüz ki, bu sadaladığımız qidalar, sadəcə beyninin sağlamlığına deyil, həm də digər orqanlarımızın funksiyasını yaxşılaşdırmağa kömək edir. Çalışın ki, qida rasionunuzda bu məhsullardan yetəri qədər istifadə edəsiniz. Unutmayın ki, sağlamlıq hər şeydən önəmlidir.

Leyla SƏMƏNDƏRMissiya.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
3
missiya.az

6Mənbələr