AZ

Azərbaycanda hansı ixtisaslar tədris edilməlidir? - Deputat və təhsil ekspertidən MÜNASİBƏT

Hər il dünyada baş verən rəqəmsal dəyişikliklərin həyatın bütün sahələrinə necə təsir etdiyinin şahidi oluruq. İnformasiya texnologiyalarına və sosial medialara olan tələbatla əmək bazarında mütəxəssislərə və menecerlərə olan ehtiyac da günü gündən artmaqdadır. Hər birimiz çalışırıq elə ixtisaslara yiyələnək ki, həm gəlirli, həm də gələcəkdə ehtiyac duyulan sahə olsun. Lakin dünyada İnformasiya Kommunikasiya Texnologiyalarının sürətli inkişafı bəzən bu günün ixtisaslarını çox qısa müddətdə sıradan çıxarır, gələcəyin gəlirli və ehtiyac duyulan peşələrini gündəmə gətirir.

Bəs Azərbaycandakı universitetlərdə hansı ixtisaslar sıradan çıxıb, hansıların tədrisinə başlanması dövlətin, eləcə də əhalinin gələcəyi üçün perspektiv vəd edir?

Məsələ ilə bağlı millət vəkili Rüfət Quliyev Ednews-a açıqlamasında bildirib ki, təhsil sahəsində inkişaf etmiş ölkələrin universitetlərində tədris edilən ixtisasların ölkəmizə gətirilməsinin vaxtıdır.

“Universitetlə institut arasında fərq var. Universitet universal savad verir və bunu diplomla mükafatlandırır. Lakin bu gün ölkəmizdəki universitetlərdə bəzi humanitar fənlər gözardı edilir. Azərbaycan tarixi, fəlsəfə, politologiya, iqtisadi nəzəriyyə belə fənlərdəndir. Fəlsəfənin bütün fənlərin anası olmasını 2000 il əvvəl deyiblər. Bu fənn bütün tələbələrə fakültətiv yox, məcburi tədris edilməlidir. Ölkəmizdə ADA və Azərbaycan Dövlət İqtisad Universiteti kimi ali təhsil ocaqları uzun müddətdir ki, ən yüksək reytinqləri göstərir. Bu universitetlərin tədris proqramlarını nümunə olaraq istifadə etmək olar. Xaricdən müəllimlər, mütəxəssislər gətirib bəzi fənləri məcbur tədris etdirmək də olar”.

Deputat onu da vurğulayıb ki, gələcəkdə əmək bazarına uyğun şəxslər yetişdirmək üçün təhsilimizə yatırım etməliyik. Dünyanın bir çox univeristetlərində dosent və professorlar var ki, 1000-3000 dollar maaş alırlar. Belə şəxsləri ölkəmizdə də motivasiya etmək üçün onların maaşlarını da artırmaq yaxşı olardı.

Təhsil eksperti Kamran Əsədov saytımıza açıqlamasında deyib ki, aparılan tədqiqatlar göstərir ki, indiki peşə və ixtisasların 80 faizə qədəri 2030-cu ildən sonra sıradan çıxacaq və yeni ixtisaslara daha çox ehtiyac hiss ediləcək.

“3D Mühəndisi” - 3D printer texnologiyaları son dövrün diqqətəlayiq texnologiyalarından biridir. Qida, səhiyyə, toxuculuq və bir çox digər sahələrdə əhəmiyyətli yeniliklər vəd edən peşənin gələcəkdə istehsalı tənzimləyə biləcəyi düşünülür.

“Robot Mühəndisi” – Bu gün artıq sənayedən tutmuş ictimai iaşəyə, tibbdən tutmuş hərbiyə qədər robotların köməyindən bir çox sahələrdə istifadə olunur. Robot texnologiyası sahəsində ixtisaslı kadr çatışmazlığı artıq bu gündən hiss olunmaqdadır.

“Biotexnoloq” - Hazırda məşhur investor və milyarder Cim Mellon kimi mütəxəssislərin simasında biotexnologiya sahəsindəki inkişafa diqqət artır və biotexnoloqlar ən çox axtarılan mütəxəssislər sırasına daxil olur. Biologiyanın alt sahələrindən biri olan biotexnologiya ekspertizasının həm dövlət, həm də özəl sektorda ən parlaq sahələrdən birinə çevriləcəyi gözlənilir.

“Xakerlər” - Kiber hücumlar bu gün həm şirkətlər, həm də hökumətlər üçün çox böyük problemə çevrilir. Odur ki, bu hücumların qarşısını qanunlar çərçivəsində alacaq xakerlərə də böyük ehtiyac yaranır. Onların əsas işləri isə təhlükəsizliklə bağlı zəif nöqtələri aşkar etmək və onlara qarşı tədbir almaqdır".

“İqlim Nəzarəti Mühəndisi” - İqlim böhranı bu gün ən problemli mövzulardan biridir və hökumətlər bu problemin həlli üçün mütəxəssislərə daha çox ehtiyac hiss edirlər. 2020-ci ildə Davos Sammitində ən çox müzakirə olunan məsələlərdən biri də iqlim dəyişikliyi idi. Odur ki, bu problem yaxın gələcəyin əsas problemlərindən biri olacaq və nəticədə, problem üzərində işləyəcək mütəxəssislər kimi iqlim mühəndislərinə böyük ehtiyac duyulacaq.

“Şəxsi Məlumat Brokeri” - Məlumatların məxfiliyi və təhlükəsizliyi Facebook-un "Cambridge Analytica" qalmaqalından sonra dünyanın diqqət mərkəzinə çevrildi. Artan narahatlıqlar bu sahədə bir çox yeniliyə səbəb oldu. Odur ki, insanların istehsal etdiyi şəxsi məlumatlardan pul qazanacaq “broker”lərə, yəni “tacir”lərə gələcəkdə böyük ehtiyac duyulacaq.

“Blokçeyn Mütəxəssisləri” – “Bitkoin” haqqında danışarkən ağla gələn ilk şey "blokçeyn" olsa da, bu, daha geniş bir sahədə istifadə olunur. Milyarder investorlarla yanaşı, nəhəng iqtisadiyyatlar da bu texnologiyaya nikbin yanaşırlar. Çin prezidenti Xi Jinping “blokçeyn” texnologiyasını qəbul edən liderlərdən biridir. NASA və bir çox şirkət də “blokçeyn” sahəsində mütəxəssislər işə götürməyə çalışırlar”.

Ekspert sonda onu qeyd edib ki, gələcəyin ən vacib ixtisaslarından biri “zibil mühəndisi” olacaq. Getdikcə artan əhali, həmçinin istehlak həcminin artması ilə əlaqədar tullantı problemi “zibil mühəndisliyi” peşəsini yaradacaq. Zibil mühəndisləri milyardlarla ton tullantıların geri qaytarılması və təkrar emal ediiməsi üzərində işləyəcəklər. Artıq Massaçusets Texnologiya İnstitutunda, həmçinin məşhur Kembric və Stanford universitetlərində də bu sahədə mütəxəssis hazırlamaq üçün proqramlar var.

Səfər Əlizadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
21
ednews.net

10Mənbələr