AZ

Rumıniyada Azərbaycanın Müstəqillik Günü qeyd edilib - FOTOLAR

Azərbaycanın Rumıniyadakı səfirliyinin təşkilatçılığı ilə paytaxt Buxarestdə 28 May - Müstəqillik Gününə həsr olunmuş 500 nəfərlik təntənəli tədbir keçirilib. SİA xəbər verir ki, tədbirin əvvəlində Azərbaycan və Rumıniyanın Dövlət himnləri səsləndirilib.

Daha sonra, ölkəmizin Rumıniyadakı səfiri Qüdsi Osmanov 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən söz açıb, XX əsrin sonunda xalqımızın müstəqilliyinə yenidən qovuşandan sonra ağır illərini xatırladıb və çətin siyasi-iqtisadi dövrdə xalqın çağırışı ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin dövlətçiliyimizin qorunmasında misilsiz xidmətlərindən danışıb. Səfir Ulu Öndərin kursunu davam edən Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətinə toxunaraq, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın işğaldan azad olan ərazilərində genişmiqyaslı bərpa və quruculuq işləri barədə tədbir iştirakçılarına məlumat verib. O, Azərbaycanda dünya miqyaslı siyasi, mədəni, idman sahələrində tədbirlərin keçirildiyini qeyd edib, bu ilin noyabr ayında COP29-un Azərbaycanda keçirilməsini dünya ictimaiyyətinin ölkəmizə etimadının bariz göstəricisi adlandırıb. Azərbaycanın regionda rolu və Avropa İttifaqı, o cümlədən Rumıniya ilə münasibətlərindən söz açan diplomat Rumıniyanın Azərbaycan tərəfindən irəli sürülən bütün beynəlxalq və regional layihələrə, təşəbbüslərə dəstək göstərdiyini, ölkələrimiz arasında münasibətlərin qarşılıqlı dostluq və strateji əməkdaşlıq əsnasında davam etdiyini vurğulayıb. Həmçinin səfir cari il iyunun 3-dən Bakı ilə Buxarest arasında AZAL tərəfindən həyata keçiriləcək birbaşa aviareyslərin, xalqlarımızın sıx təması üçün zəmin yaratdığını qeyd edib.

Rumıniyanın Xarici İşlər Nazirliyinin dövlət katibi Ana Kristina Tinka çıxışında Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib, Rumıniyanın Cənubi Qafqazda davamlı sabitliyin, inkişafın və firavanlığın marağında olduğunu qeyd edib. O, Azərbaycanın regionda mühüm rolunu vurğulayaraq, Azərbaycan ilə Avropa İttifaqı arasında davamlı, harmonik və balanslı dialoqun inkişafının Rumıniya tərəfindən dəstəkləndiyini bildirib. Bunu qarşılıqlı maraq doğuran miqyaslı layihələrin təşviqi, eləcə də ortaq dəyərlərimizi həyata keçirmək üçün vacib məsələ adlandırıb.

Azərbaycan-Rumıniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azay Quliyev çıxışında ölkəmizin regionda nüfuzu və rolundan söz açaraq, Cənubi Qafqazda ölkəmizin təşəbbüskarı olduğu irimiqyaslı enerji, nəqliyyat və infrastruktur layihələrindən danışıb. O, Azərbaycanı Avropa İttifaqının güclü tərəfdaşı adlandırıb, bu xüsusda Rumıniya ilə münasibətlərin qarşılıqlı fayda, dostluq və strateji tərəfdaşlıq əsnasında qurulduğunu qeyd edib. Azay Quliyev qeyd edib ki, ölkəmiz üçün builki Müstəqillik Günü xüsusilə əlamətdardır, çünki biz ilk dəfədir bu əlamətdar günü ərazi bütövlüyü və suverenliyi tam bərpa olunmuş Azərbaycanda böyük qürur hissi ilə keçiririk. O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız işğaldan azad olunduqdan sonra Qarabağda və Şərqi Zəngəzurda “ağıllı və yaşıl” konsepsiya əsasında çox böyük yenidənqurma və quruculuq işləri həyata keçirilir. COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan “yaşıl” keçidə çox böyük önəm verir.

Daha sonra tədbirdə Rumıniya opera ifaçısı, bir çox beynəlxalq müsabiqələrin iştirakçısı Ana-Mariya Lungunun ifasında Rumıniya və Azərbaycan musiqilərindən ibarət əsərlər səsləndirilib.

Tədbir çərçivəsində Azərbaycanın işğaldan azad olunmuş ərazilərində bərpa və quruculuq işlərini, ölkəmizin inkişafını əks etdirən, eləcə də Rumıniya-Azərbaycan münasibətlərinə həsr edilmiş fotoşəkillərdən ibarət sərgi təşkil edilib. Sərgini izləyənlərə səfir və əməkdaşlar tərəfindən izahlı məlumat verilib.

Sonda qonaqlara milli mətbəximizə məxsus təamlar təqdim edilib.

Tədbir Rumıniya mediasında geniş işıqlandırılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
116
12
sia.az

10Mənbələr