AZ

Aleksandr Budberq: "Müharibə cəhdi Ermənistanda hakimiyyətə gəlməyin yoludur"

Ermənistanda Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası və demarkasiyasına qarşı çıxan "Vətən uğrunda Tavuş" hərəkatı ətrafında ehtiraslar alovlanmaqda davam edir. Ermənistanın baş naziri Nikol Paşinyan artıq bir neçə dəfə Azərbaycanla sərhədin delimitasiyasının Ermənistanın qonşu dövlətlərlə düşmənçiliyinə son qoymalı olduğunu bəyan etdiyi halda, Erməni Apostol Kilsəsinin (EAK) Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyan itaətsizlik aksiyalarına çağırış edib.
Kanada vətəndaşlığına və dini rütbəyə malik olmasına baxmayaraq erməni müxalifəti məhz Baqrat Qalstanyanın adını baş nazirliyə namizəd kimi çəkir.
Məşhur rusiyalı jurnalist və siyasi şərhçi Aleksandr Budberq məsələ ilə bağlı Oxu.Az-a şərh verib.
- Mən həmişə vurğulayıram ki, Ermənistanda daxili siyasi vəziyyət üzrə ekspert deyiləm. Bəli, mən Ermənistanla maraqlanıram, ona görə ki, Azərbaycanla əlaqəsi var, məncə, bunu daha yaxşı başa düşürəm.
Amma Ermənistandakı mövcud hadisələrə gəlincə, mənə aydındır ki, bu, Nikol Paşinyanı ölkə rəhbərliyindən uzaqlaşdırmaq üçün sonuncu cəhddir. Bu cəhd istiqamətində əvvəllər hakimiyyətdə olan və artıq Paşinyanın dövründə Ermənistanın müharibələrdə məğlubiyyəti ilə başa çatmış (ikinci Qarabağ və antiterror tədbirləri - red.) kursu 20 il ərzində davam etdirən bütün qüvvələr birləşib. Ermənistanın keçmiş hakimiyyəti iki dəfə sülh yolu ilə nizamlanmaya razı olmadı, hansı ki, Ermənistan indi həmin şərtləri xəyalına belə gətirə bilmir.
Söhbət, başa düşdüyünüz kimi, Robert Koçaryan, Serj Sarqsyan və Qarabağ klanının bütün digər nümayəndələrindən gedir. İndi onlara daşnaklar və Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq niyyətində olan digər qüvvələr də qoşulub. Onlar üçün müharibə cəhdi, sülh prosesini pozmaq - hakimiyyətə gəlmək və ölkəni idarə etmək üsuludur. Bu baxımdan mənə aydındır ki, əgər onlar hakimiyyətə gəlsələr, Ermənistanda elə ciddi çaxnaşmalar başlayacaq ki, bu, bütün Ermənistan dövləti üçün çox acınacaqlı nəticələrə gətirib çıxara bilər. Sükanı cənubdan şimala və sağdan sola belə hərəkət etdirmək olmaz.
Bir daha təkrar edirəm: mən Ermənistanda baş verən hadisələri hakimiyyəti özünə qaytarmaq və Paşinyanı aradan götürmək istəyən qüvvələrin son ümidsiz cəhdi kimi qiymətləndirirəm. Sülh prosesini pozmaq isə hakimiyyətə gəlməyin yoludur.
- Müxalifət özlərinin "taran"ı kimi, Kanada vətəndaşı olan və dini rütbəyə malik olan Baqrat Qalstanyanı baş nazirliyə namizəd olaraq irəli sürüb. Bu isə Ermənistan qanunlarına ziddir.
- Bəli, formal olaraq o bunun üçün uyğun deyil. Lakin o insanlar ki, artıq Ermənistan hakimiyyətində olublar, onlar daha az uyğun gəlirlər, onlar əhalinin xoşuna gəlmək iqtidarında deyillər, insanlar onlardan beziblər. Müxalifətə yeni, təzə sima lazım idi. Bu insan kifayət qədər xarizmatik olmalıdır, çünki məsələ küçələrdə həll olunur, Nikol Paşinyan isə sözsüz ki, Ermənistan, İrəvan küçələrində işlər üzrə görkəmli mütəxəssisdir. Robert Koçaryanı və Serj Sarqsyanı xarizmatik lider adlandırmaq çətindir. Nəticədə, əllərində olanın üzərində dayandılar - Baqrat Qalstanyanın. Və etiraz hərəkatına rəhbərlik edə biləcək və ən əsası, üstəlik də rəhbərlik etmək istəyində olacaq hansısa sonsuz sayda insan seçiminin var olduğunu düşünmürəm.
Yeri gəlmişkən, hələ ötən il Moskvadan olan tanınmış personaj Aram Qabrelyanov (Rusiyada media layihələrinin yaradıcısı və Paşinyanın fəal rəqibi - red.) etirazların lideri kimi Baqrat Qalstanyanı təklif etmişdi. Beləliklə, bu ideya çoxdan yaranıb və bu arxiyepiskop təsadüfi insan deyil.
Əvvəlki bütün cəhdlər (Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq - red.) uğursuzluqla başa çatdıqda və bütün bu şərti "Qarabağ döyüşçüləri" İrəvan küçələrində hansısa əhəmiyyətli sayda ictimaiyyət nümayəndələrini toplamaq iqtidarında olmadıqda müxalifət Baqrat Qalstanyanın üzərində dayanmağa məcbur oldu, çünki başqa liderləri yox idi. Mənfi cəhətlərə - dini rütbəyə və vətəndaşlığa isə əhəmiyyət vermədilər. Yeri gəlmişkən, onun dini rütbəsi daha çox üstünlük kimi görünürdü.
- Bu etiraz aksiyalarında rəngli inqilabların texnologiyalarından istifadə edilir. Bənövşəyi rəng seçilib, bənövşəyi şərflər paylanıb, küçələr bağlanıb. Eyni zamanda "Vətən uğrunda Tavuş" hərəkatını qərbyönlü adlandırmaq çətindir. Amma ümumilikdə sizə elə gəlmirmi ki, rəngli inqilablar artıq köhnəlib?
- Dərhal qeyd edim ki, rəngli inqilablar - həm keçmiş, həm də gələcəkdir. 1848-1849-cu illərdə Avropada baş verən inqilabları xatırlayın. Onları da qismən rəngli adlandırmaq olardı. Bu qəbildən inqilablar, bir prinsip olaraq, heç vaxt köhnəlməyəcək.
Amma siz indi bu və ya digər şəkildə hakimiyyətin dəyişməsinə kömək edən elementlərdən danışırsınız. Burada yeni zaman hansısa yeni üsul və həllər təklif edəcək. Gürcü və ya Ukrayna nümunəsində olan inqilablar müəyyən dərəcədə köhnəlib. O zaman, yeri gəlmişkən, hamı Qərbin əlinin olduğuna işarə edirdi. İndiki Ermənistan tarixində heç kim Qərbə işarə edə bilməz, amma onların təcrübəsini öyrənən insanlar, Ermənistanın şərti şimal qonşuları ola bilsin düşünüblər ki, biz nə ilə onlardan geri qalırıq, gəlin cəhd edək, şans var.
- Bəs indiki erməni etirazlarının uğur üçün bu şansları varmı?
- Dediyim kimi, Nikol Paşinyan inanılmaz küçə döyüşçüsüdür. Onu küçədə məğlub etmək, xüsusilə də Qarabağ klanının başçıları üçün, demək olar ki, mümkün deyil. Onlar qəti şəkildə populyar deyillər və çətin ki, Ermənistandakı vəziyyəti sarsıda bilsinlər, bunun üçün şansları son dərəcə azdır.
Nair Əliyev
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
108
38
oxu.az

10Mənbələr