AZ

QHT sədri Prezidentlə xanımını evinə dəvət etdi - Maraqlı dialoq + VİDEO

Xocalı sakini Səriyyə Cəfərova: Cənab Prezident, mən bu evdə yaşamışam. 

Prezident İlham Əliyev: Bu evdə?

Səriyyə Cəfərova: Bəli, bu evdə. Mən Sizi evimizə dəvət edirəm.

Prezident İlham Əliyev: Gedək, Mehriban xanım da gəlsin, gedək.

Səriyyə Cəfərova: Mən bu evdə doğuldum, bu evdə böyüdüm.

Prezident İlham Əliyev: Sonra ermənilər gəlib evinizdə yerləşmişdilər, elədir?

Səriyyə Cəfərova: Bəli, ermənilər bu evdə yerləşdilər və mənim anamı şəhid etdilər. Ondan sonra mən bir ailə olaraq üç əmim oğlunu itirdim, anamı itirdim.

Prezident İlham Əliyev: Bu xanımın evidir.

Mehriban xanım Əliyeva: Eləmi?

Səriyyə Cəfərova: Bəli, mənim anam bax bu evi tikib.

Prezident İlham Əliyev: Anası da şəhid olub.

Səriyyə Cəfərova: Bəli şəhid olub.

Mehriban xanım Əliyeva: Allah rəhmət eləsin.

Səriyyə Cəfərova: Anam üç qız uşağını atasız böyüdüb. Bu ev mənim üçün çox doğmadır, əzizdir.

Mehriban xanım Əliyeva: Bu, həmin evdir, qalıb?

Prezident İlham Əliyev: Bərpa etmişik.

Səriyyə Cəfərova: Bu evi bizə yenidən bəxş etdiniz, cənab Prezident. Məni evimə gətirən Prezident, Mehriban xanım, Sizə sonsuz təşəkkür edirəm ki, bu, mənim üçün yuxu deyil, xəyal deyil, bu, əsl gerçəkdir. Təşəkkürlər, cənab Prezident.

Prezident İlham Əliyev: Sağ olun, gedək evinizə baxaq. Amma əminəm ki, ümidlərinizi heç vaxt itirməmişdiniz.

Səriyyə Cəfərova: Heç vaxt itirmədim.

Prezident İlham Əliyev: Amma çox vaxt keçib təbii ki, 32 il başqa-başqa yerlərdə.

Səriyyə Cəfərova: Cənab Prezident, 32 il zaman keçdi. Amma mən Erməni Təcavüzünün Tanıdılması İctimai Birliyinin sədriyəm, tədqiqatçı jurnalistəm, 2017-ci ildə biz Sizinlə görüşmüşük, cənab Prezident.

Prezident İlham Əliyev: Harada?

Səriyyə Cəfərova: Mətbuat Günündə görüşmüşük biz və orada Sizinlə səmimi söhbətimiz də olub. Yəni, Siz həmişə xocalılılara xüsusi qayğı ilə yanaşmısınız.

Prezident İlham Əliyev: Elədir, düzdür.

Səriyyə Cəfərova: Allah elə qismət edib ki, mənə Ulu Öndərlə də görüşmək nəsib olub. 1995-ci ildə o, xocalılıları qəbul edib. Buyurun, cənab Prezident.

Prezident İlham Əliyev: Sizin həyətiniz budur?

Səriyyə Cəfərova: Bəli, bu həyətdir.

Prezident İlham Əliyev: Hə, yaxşıdır.

Səriyyə Cəfərova: Mən həmişə, - bayaq qeyd etdiyim kimi, - anamın oğul övladı olmadığına görə, bu həyəti becərirdim və deyirdim ki, qoy mənim anamın ürəyi böyüsün və mənim anam qış vaxtı...

Prezident İlham Əliyev: Artıq indi yenidən becərirsiniz.

Səriyyə Cəfərova: Yenidən burada elə bir həyat, elə bir gözəllik gördüm ki, bəlkə də bu gün anamın ruhu Sizi görür, bizi görür və nə qədər şad olur.

Prezident İlham Əliyev: Ruhu şaddır.

Səriyyə Cəfərova: Şad olur ki, onun evinə cənab Prezident gəlib. Bundan gözəl hiss harada var, cənab Prezident?

Prezident İlham Əliyev: Çox sağ olun.

Səriyyə Cəfərova: Bunu bizə yaşatdığınız üçün Sizə sonsuz təşəkkür edirəm.

Prezident İlham Əliyev: Çox gözəl tarixi bir hadisədir. Tarixi günləri yaşayırıq.

Səriyyə Cəfərova: Tarixi bir hadisədir ki, ilk dəfə mənim evimə gəlirsiniz, cənab Prezident.

Prezident İlham Əliyev: Həyət də yaxşıdır, böyükdür.

Mehriban xanım Əliyeva: Həyət də böyükdür.

Sakinlər: Allah Sizi xoşbəxt eləsin, Sizə cansağlığı versin.

Prezident İlham Əliyev: Gedək.

Mehriban xanım Əliyeva: Gəlin, keçək baxaq.

x x x

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Səriyyə Cəfərovanın evində yaradılan şəraitlə tanış oldular. 

x x x

Səriyyə Cəfərova: Buyurun, cənab Prezident, xoş gəlmisiniz. Buyurun, Mehriban xanım, xoş gəlmisiniz.

Mehriban xanım Əliyeva: Sağ olun, sizinlə bərabər.

Səriyyə Cəfərova: Çox sağ olun. Bax o evdə doğuldum, bu evdə böyüdüm. Bu evdə bizim anamız üç qızı böyütdü, təhsil verdi, ali təhsil verdi. Bu gözəlliyi bizə Siz bəxş etdiniz, Xocalını Siz bizə bəxş etdiniz.

Prezident İlham Əliyev: Gözəl tikilib. Mən baxıram, divarları da qalındır, möhkəmdir.

Səriyyə Cəfərova: Çox gözəl, hər şey çox yüksək səviyyədə təmir olunub. Mehriban xanım, çox təşəkkür edirəm.

Prezident İlham Əliyev: Çox gözəldir bura, mətbəxdir, qaz da var.

Səriyyə Cəfərova: İnşallah. Hər şey var, burada evlər yüksək səviyyədə təmir olundu və bu evləri bizə bəxş etdilər.

Prezident İlham Əliyev: Sizi təbrik edirik.

Səriyyə Cəfərova: Mən bir məsələni də vurğulamaq istəyirəm ki, mən Erməni Təcavüzünün Tanıdılması İctimai Birliyinin sədriyəm. Uzun illərdir Qarabağ həqiqətlərinin dünyada yayılmasında xidmət göstərirəm. Mehriban xanım, nə yaxşı ki, Sizin Qarabağ həqiqətlərinin yayılmasında çox böyük xidmətləriniz oldu. Mən “Xocalıya ədalət!” kampaniyasına görə təşəkkür edirəm ki, biz də azacıq olaraq ona dəstək verdik.

Mehriban xanım Əliyeva: Sağ olun, çox sağ olun.

Səriyyə Cəfərova: Buna görə də Xocalı soyqırımını dünyaya tanıtdıq. Xocalını dünyaya tanıtdıq.

Prezident İlham Əliyev: Bəli, “Xocalıya ədalət!” kampaniyasına qədər, siz də yaxşı bilirsiniz, Xocalı soyqırımı haqqında o qədər də böyük məlumat yox idi, dünyada geniş məlumat yox idi. Çünki Ermənistan çalışırdı ki, hər vəchlə bunu ört-basdır etsin, bizdə də o vaxt belə imkanlar yox idi sözün düzü. Amma “Xocalıya ədalət!” kampaniyası bütün dünyaya səs saldı, geniş vüsət aldı və bunun nəticəsində 13 ölkə Xocalı soyqırımını soyqırımı kimi tanıdı.

Səriyyə Cəfərova: Bəli, soyqırımı kimi tanıdı. Bundan sonra da mən inanıram ki, Mehriban xanımın, eyni zamanda, Sizin əməyiniz nəticəsində Xocalı soyqırımı tanınacaq. Siz bizə 8 ay ərzində belə bir gözəllik bəxş etdiniz. İnanın, mən heç vaxt güman etmirdim ki, evimə bax bu formada gələcəyəm. Bunu bizə yaşatdınız, cənab Prezident, təşəkkür edirəm.

Prezident İlham Əliyev: Sağ olun. Xocalı soyqırımı abidəsinin, Memorial Kompleksinin yaradılması ilə bağlı uzun illər məsələlər müzakirə edilirdi, hətta “Ana fəryadı” abidəsinin yanında yer də seçilmişdi, layihə də hazırlanmışdı. Ancaq hər il mən son təsdiqimi vermirdim. Çünki ürəyimdə saxlayırdım ki, bu Memorial Kompleks Xocalıda yaradılmalıdır və belə də oldu. Həmin o layihəni biz gətirdik və fevralın 26-da Xocalıda xocalılılarla bərabər Xocalı Memorial Kompleksinin təməli qoyuldu və burada inşa ediləcək. Bütün dünya da görəcək ki, erməni vəhşiliyi nədir, bu, həqiqətdir və bunu hər kəs bilməlidir. Ermənistan özü bunu etiraf etməlidir, özü bizdən üzr istəməlidir. Ancaq bunu etməklə ola bilsin ki, indiki Ermənistan rəhbərliyi - o vəhşilərin, vandalların, qaniçənlərin günahlarını bir qədər yumuş ola bilər. Bunu etməsə, məncə, Ermənistan özü heç vaxt ayağa dura bilməyəcək. Gərək, ilk növbədə, Ermənistan özü bu faciəni, bu cinayəti, hərbi cinayətini tanısın.

Sakinlər: İnşallah. Allah səsinizi eşitsin, Allah Sizi qorusun. Allah ömrünüzü uzun eləsin.

Səriyyə Cəfərova: Bir daha təşəkkür edirəm. Sizə minnətdarıq, cənab Prezident. Siz gəldiniz, mənim anamın ruhunu şad etdiniz. Mehriban xanım, çox sağ olun. Mənim anamın ruhu necə şad oldu. Bu gün mən özümü bu evdə çox xoşbəxt hiss edirəm. Çünki bu işığı mənə Siz bəxş etdiniz. İşığınız sönməsin, Mehriban xanım.

Digər qadın sakin: Cənab Prezident, Mehriban xanım, Sizə minnətdarıq. Soyqırımı qurbanlarının ruhu şaddır. Bu gün xocalılılar sevinirlər ki, bizim gözəl Prezidentimiz qisasımızı yerdə qoymadı. Mehriban xanım, evdə də Sizə dua edirəm. Allah-taala Sizi bir-birinizdən ayırmasın. Allah Sizə cansağlığı versin. İşığınız sönməsin.

Prezident İlham Əliyev: Çox sağ olun.

Mehriban xanım Əliyeva: Sağ olun.

Seçilən
162
22
qht.az

10Mənbələr