AZ

Timo Verner daha bir mövsüm “Tottenhem”də! - Rəsmi

İngiltərənin “Tottenhem” klubunun almaniyalı hücumçusu Timo Verner 2024/2025 mövsümündə də Premyer Liqa təmsilçisində çıxış edəcək.

Arena.az xəbər verir ki, bu barədə London təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Xəbərdə bildirilir ki, müqavilə ilə Almaniyanın “Leypsiq” klubuna məxsus olan futbolçu daha bir mövsümlük icarəyə götürülüb. Müqavilədə satınalmaya dair şərt nəzərdə tutulsa da, detallar açıqlanmayıb.

Xatırladaq ki, Timo Verner “Tottenhem”ə bu ilin yanvar ayında icarə əsasında keçmişdi. 28 yaşlı futbolçu London təmsilçisinin heyətində geridə qalmış mövsümdə 14 oyuna çıxıb, 2 qol və 3 məhsuldar ötürmə müəllifi olub. O, Premyer Liqanın 35-ci turunun “Arsenal”la oyununda (2:3) ağır zədə aldıqdan sonra mövsümün son oyunlarını buraxmaq məcburiyyətində qalmışdı.

Timonun əvvəlki icarə müqaviləsinin müddəti bu ilin iyun ayının 30-na qədər idi. “Tottenhem”in bu yay alman futbolçunu 18 milyon avro ödəyərək birdəfəlik almaq hüququ olsa da, İngiltərə klubunun rəhbərliyi fərqli addım ataraq, onu yenidən icarəyə götürmək variantını seçib.

Timo Verner daha öncə İngiltərədə “Çelsi”nin də şərəfini qoruyub. Belə ki, o, 2020-ci ilin iyul ayında 53 milyon avro qarşılığında keçdiyi London klubunun heyətində 89 oyuna çıxıb, 23 qol vurub, 21 məhsuldar ötürmə müəllifi olub. Lakin 2022-ci ilin avqustunda “Leypsiq” “Çelsi”yə 20 milyon avro ödəyərək sabiq forvardını geri qaytarmışdı. O, Almaniya klubunda bütövlükdə 213 oyuna çıxıb, 113 qol və 47 məhsuldar ötürmə müəllifi olub. Vernerin “Leypsiq”lə 2026-cı ilin 30 iyununa qədər qüvvədə olan müqaviləsi var.

“Ştutqart”ın yetirməsi olan Verner, “Leypsiq”dən öncə məhz bu komandanın uğurları üçün çalışıb. Almaniya yığmasında 57 oyuna çıxan hücumçu, 24 qola imza atıb.

“Transfermarkt” internet-portalı 28 yaşlı futbolçunun transfer dəyərini 17 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
135
1
arena.az

10Mənbələr