AZ

Sabiq deputat zərərçəkəni yalan danışmaqda ittiham etdi - məhkəmə işi

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə sabiq deputat Nazim Bəydəmirlinin cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Musavat.com xəbər verir ki, ittihama görə, Nazim Bəydəmirli 1996-cı ildə Rusiyada spirtli içki biznesiylə məşğul olan azərbaycanlı Mürsəl İbrahimovu kriminal aləmin adamları vasitəsilə özünü və ailə üzvlərini oğurlatdırmaq, öldürməklə hədələyib.

Ondan biznesə yatırdığı 40 min dollardan imtina etməsini, əlavə də 70 min dollar pul tələb edib. Son nəticədə Mürsəl İbrahimov həm 40 min dollardan imtina edib, həm də Nazim Bəydəmirliyə 28 min dollar pul ödəyib. Az sonra Mürsəl İbrahimovu yenidən hədələyib və daha 50 min dollar pul tələb edib. Bu dəfə isə 30 min dollar alıb.

Nazim Bəydəmirliyə verilən ikinci ittiham isə özünün də pay sahibi olduğu “Avto-Qarant” ASC ilə bağlıdır. İttihama görə, sabiq deputat bu şirkətin Müşahidə Şurasının sədri Ədalət Bağırovu müxtəlif qadınlarla intim görüntülərini internetdə yaymaqla hədələyib, ondan 50 min manat pul tələb eləyib. Bir müddət sonra ondan 10 min manat pul alıb.

Cinayət işi üzrə Mürsəl Fəyaz oğlu İbrahimov və Ədalət Əziz oğlu Bağırov zərərçəkmiş qismində tanınıblar.

Nazim Bəydəmirliyə Cinayət Məcəlləsinin 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilib.

Daha sonra ona əlavə olaraq Cinayət Məcəlləsinin 182.2.2–ci (hədə-qorxu ilə tələbetmə - təkrar törədildikdə) maddəsi ilə yenidən ittiham verilib. Sabiq deputat ittihamları qəbul etmir.

Prosesdə zərərçəkmiş qismində Ədalət Bağırov ifadə verib.

O bildirib ki, Nazim Bəydəmirli ilə heç bir qohumluq əlaqələri yoxdur.

Onunla Bakı Apellyasiya Məhkəməsinin hakimi işləmiş, hazırda həbsdə olan Lətif Nəbiyevin vasitəsi ilə tanış olub: "Lətif Nəbiyev mənə dedi ki, yaxın dostum var, Nazim Bəydəmirli. Nazimlə görüşdük və razılaşdıq ki, torpağı Nazim alır. Mənə dedilər ki, sənə 120 min dollar verərik, həm də əmlakdan məsələni həll edərik. Gəldik əmlakdan Elçin müəllimin yanına. O bizi bir yerdə görəndə Nazimi çıxartdı çölə, mənə dedi ki, bu çətin adamdır bunula iş görmə. Mən də dedim ki, biz Gədəbəyliyik, sözümüz bütövdür. Torpağı Nazim müəllimin adına sənədləşdiridik. Ondan sonra mənə çatan 120 min dolları və səhmləri istəyəndə dedi deputat seçilirəm, qoy seçilim hər şey yaxşı olacaq. Həqiqətən seçildi, ancaq mənə çatan pulu vermədi. Lətif Nəbiyev də dedi ki, səbrli ol".

Zərərçəkmiş qeyd edib ki, 2008-ci ildə “Avto-Qarant”ın qarajına gəlib və orada aşbaz işləyən qadın onun otağına gəlib: "Həmin qadın sinəsini çırpdı, dedi ki, məni zorlamısan. Dedim ki, ay bacım mənim sənə əlimdə dəyməyib. Sonradan bildim ki, Mais adlı şəxs qadının yanına gəlib, 20 min manat verib ki, mənə şər atsın. Məni elə bil ki, kimlərsə izləyirdi. 2023-cü ilin iyulun 24-də NZS-də olan qaraj Nazim gəldi. Mənə telefonunda olan iki kişin intim əlaqədə olduğu videosunu göstərdi və dedi ki, buradakılar sən də ola bilərsən. Məndən 50 min manatı, şirkətin səhnələrinin 15 faizini istədi. Əgər verməsən həmin videonu içtimayyətləşdirəcəm. Məndə fikirləşdim ki, bunun əlindən bütün günü telefon var, girər orada nə desən edər. Mən də məcbur oldum 10 min manat verdim. Fikirləşdim ki, bununla iş bağlanar, məndən əl çəkər".

Nazim Bəydəmirli deyib ki, zərərçəkmiş şəxsin bədnam danışığında bir həqiqət var: "Məni Lətif Nəbiyevlə əvvəldən tanışlığı olub. Məni Lətif Nəbiyevlə tanış olub. Qalan danışdıqları rəvayyətdir, heç bir həqiqəti əks etdirmir".

Daha sonra ifadə digər zərərçəkmiş Mürsəl İbrahimov bildirib ki bu hadisələr uzun illər öncə, 90-cı illırdə baş verib: "Mən özüm tarix müəlliməm, Bakı Dövlət universitetində dərs demişəm. Cəbhə hakimiyyəti dövründə universitedən kınarlaşlaşdırılmışam. Bundan sonra bizneslə məşğul olmağa başlamışam. O zamanlar "Bakı" mehmanxası var idi. Mehmanxananın qarşısında bir iranlı ilə tanış oldum. Mən biznes sahəsində iranlılar vasitəçilik edirdim, onlar da mənə pul verirdilər. Nazimlə 1995-ci ildə Lipetskdə tanış olmuşam. Mənə çox xoş təsir bağışladı. Mənə dedi ki, meyvə-tərəvəz işi ilə məşğul oluram. Mən də ona bildirdim ki, iranlıların işləyirəm".

Zərərçəkmiş deyib ki, Bakıda olduğu vaxt Nazim ona zəng edib və harada olduğunu soruşub: "Evimə gəldi, söhbət etdik. Mənə təklif etdi ki, araq biznesinə girişək, yarıbayarıya işləyək. Mən də razılaşdım. İranıllardan 40 min aldım və Voronejdə Nazimə verdim. Onun arvadı var idi, özündən çox böyük idi. 3 dənə də böyük uşaqları var idi. Arvadının əmisi oğlu milis rəisi idi, özü isə vergi müfəttişi idi. Nazim də onunla düşünülmüş şəkildə evlənmişdi. Arvadın çox murdar xasiyyəti var idi. Həyat yoldaşıma zəng edərək deyirdi ki, ərin sənə xəyanət edir. Mən də Nazimə deyirdim ki, arvadına belə işləri görməməsini tapşır. Nazim də mənə güldü".

Zərərçəkmiş deyib ki, Nazim Bəydəmirli onu miflis edib. Onun sözlərinə görə, oğlu gecə evə gəlməyib: "Orada mənim heç kimim yox idi. Nazimə zəng etdim, arvadı cavab verdi ki, bəs bilmirdin belə olacaq. Nazimin arvadının bacısı məndən 70 min dollar tələb etdi ki, uşağım buradan sağ-salamat getsin. Evdə 28 min dollar var idi. Həmin pulu Nazimin baldızına verdim. 3-4 saat sonra Nazim oğlumu gətirdi. Mən də onu Bakıya yola saldım. Mənə sual edə bilərsiz ki, həmin vaxt orada niyə şikayət etməmisiz. Çünki yaşadığımız şəhərdə vəzifədə olanların hamısı Nazimin qohumları olub. Azərbaycana gələndən sonra şikayət edə bilərdim. Amma öyrədim ki, onun kriminal qruplaşmalarla əlaqəsi var. Buna görə də şikayət etmədim".

Nazim Bəydəmirli isə deyib ki, zərərçəkmiş Mürsəl İbrahimovla 10-15 gün əlaqəsi olub. O, zərərçəkmişin yalan danışdığını deyib. Zərərçəkmiş Nazim Bəydəmirlin barəsində illər sonra şikayət etməsini belə izah edib: "Mən sosial şəbəkədə Nazim Bəydəmirlinin həbs edildiyini gördüm. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə getdim, dedim ki, bu mənim atama od qoyub".

Növbəti proses iyunun 10-da davam edəcək.

 

E.Məmmədəliyev,
Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
136
5
musavat.com

10Mənbələr