AZ

Azad edilmiş kəndlərimizdə bayrağımız dalğalanır

Qazaxın işğaldan azad edilmiş 4 kəndində dövlət bayrağımızın ucaldılması Prezident İlham Əliyevin qətiyyətli siyasətinin və iradəsinin nəticəsidir.
Mayın 24-ü Azərbaycan tarixinə düşəcək günlərdən biri oldu. Məhz dünən dövlət suverenliyimizin təmin olunması istiqamətində daha bir addım atıldı: Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin əraziləri Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürüldü.
Nəzarətə götürülən kəndlərdən Prezident İlham Əliyevə məruzə olundu. Dörd kəndin ərazisində Azərbaycan Bayrağı ucaldıldı. Mayın 15-də iki ölkə arasında sərhəddə Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının, habelə Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası məsələləri və sərhəd təhlükəsizliyi üzrə komissiyanın növbəti 9-cu görüşü keçirilib. Delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib və bununla ərazisi 6,5 kvadratkilometr olan Qazax rayonunun 4 kəndinin Azərbaycana qaytarılması təmin edilib.
Ötən əsrin 80-ci illərinin sonlarında başlanan Ermənistan–Azərbaycan münaqişəsinin ilkin mərhələsində Qarabağdan kənarda gərginlik yaşayan ilk sərhədyanı ərazilərdən biri Qazax rayonu idi. Azərbaycan və Ermənistan kəndlərinin qonşu olduğu Qazaxda unikal sərhəd vəziyyəti və bu kəndlərin bəzilərindən ermənilər üçün mühüm olan yolun keçməsi gərginliyin artmasına səbəb oldu. Sərhədin bu hissəsində ilk insident 1990-cı ilin martında Bağanıs Ayrım kəndində baş verdi. Ermənistanı Gürcüstanla birləşdirən yollardan biri, eləcə də Ermənistanın şimal-şərqindəki Tavuş bölgəsində bir neçə mühüm kəndi birləşdirən əsas yol boyunca yerləşən Bağanıs Ayrım qonşu kəndlərdə ermənilər tərəfindən potensial təhlükə hesab edilirdi. Buna görə də, erməni quldurları martın 4-də kəndə silahlı basqın edərək, iki nəfəri öldürüb, iki nəfəri isə yaralayıblar.
Bundan 20 gün sonra, yəni martın 23-dən 24-nə keçən gecə Bağanıs Ayrım kəndi əvvəlcədən qurulan plan əsasında hücuma məruz qalıb və martın 24-ü səhər saatlarında ermənilər tərəfindən işğal olunub. Bununla da Bağanıs Ayrım ermənilərin işğal etdiyi ilk Azərbaycan kəndi kimi tarixə düşüb. İşğal zamanı kəndin əli silahsız, mülki əhalisinə qarşı qətliam törədilib. Səkkiz soydaşımız qətlə yetirilib. Onlardan 5 nəfəri diri-diri yandırılıb. Yüzdən çox evi olan kənd talan edilib, əhalinin kənddən çıxara bilmədiyi ev əşyaları və mal-qara ermənilər tərəfindən aparılıb. Ümumiyyətlə, ermənilər Qarabağ müharibəsinə başlayarkən ilk qırğını Bağanıs Ayrımda törədiblər.
1992-ci ildə isə Qazaxın üç qeyri-eksklav (Xeyrımlı, Aşağı Əskipara və Qızılhacılı) və üç eksklav (Yuxarı Əskipara, Barxudarlı və Sofulu) kəndi də ermənilər tərəfindən işğal olunub. Xeyrımlı 1992-ci il martın 8-də, Aşağı Əskipara martın 12-də, Qızılhacılı mayın 11-də, Yuxarı Əskipara iyunun 8-də, Barxudarlı və Sofulu isə aprelin 27-də ermənilərin nəzarəti altına keçib.
Kəndlərin bir güllə belə atılmadan, qan tökülmədən, danışıqlar yolu ilə qaytarılması, heç şübhəsiz, ölkəmizin növbəti uğuru, ardıcıl qələbələr qazanan Azərbaycanın və onun dövlət başçısının növbəti parlaq Zəfəridir. Azərbaycanın bir qarış torpağından, o cümlədən Qazax rayonunun işğal altındakı kəndlərindən də imtina etməyəcəyi hər kəsə aydın idi. Dövlətimizin başçısı qeyri-anklav kəndlərin qaytarılması məsələsini 2020-ci ildən qaldırmışdı və ötən müddət ərzində mövzu daim gündəlikdə saxlanılırdı. Bu istiqamətdə ardıcıl iş aparılırdı.
Nəhayət, aprelin 19-da Ermənistan tərəfi 30 ildən çox işğal altında saxladığı 4 kəndin qaytarılması razılaşdı. İki ölkə arasında yaradılmış komissiyaların səkkizinci görüşündə bununla bağlı razılığa gəlindi.
Mayın 10-da Şuşada birinci yaşayış kompleksinin açılış mərasimində çıxış edən Prezident İlham Əliyev delimitasiya və demarkasiya prosesinə də toxundu. Dövlətimizin başçısı dedi: “Bu gün təkcə bizim tələbimizlə heç bir başqa, necə deyərlər, vasitəyə əl atmadan Qazaxın dörd kəndi bizə qaytarılır. Bir tələbimlə qaytarılır, bax, belə də olmalıdır. Bundan sonra belə də olacaq. Burada söz sahibi bizik, Qafqazda aparıcı dövlət bizik, iqtisadi, siyasi, hərbi, hər cəhətdən aparıcı dövlət bizik, bizimlə hər kəs hesablaşmalıdır. Həm Ermənistan, həm onun arxasında duran, onlara yalançı vədlər verən xarici dairələr bizimlə hesablaşmasalar peşman olacaqlar. Bu gün Qazaxın 1990-cı və 1992-ci illərdə işğal edilmiş torpaqları bir güllə atılmadan bizə qaytarılır. Delimitasiya, demarkasiya bizim şərtlərimiz əsasında həyata keçirilir və bu, bizim növbəti zəfərimizdir”.
Bəli, Qazaxın kəndlərinin bir güllə atılmadan qaytarılması Prezident İlham Əliyevin qətiyyətli siyasətinin və iradəsinin nəticəsidir. Bu, 2016-cı ilin Aprel döyüşləri ilə əsası qoyulan, 2020-ci ildə 44 günlük Vətən müharibəsi və 2023-cü ildə lokal xarakterli antiterror tədbirləri ilə davam etdirilən zəfərlərimizin davamıdır. Bu hadisə Prezident İlham Əliyevin xalqımız və dövlətimiz qarşısında növbəti mühüm tarixi xidmətidir. Çünki məhz Prezident İlham Əliyevin hərbi və siyasi-diplomatik sahədə müəyyənləşdirdiyi xətt üzrə hərəkət edən Azərbaycan dövləti Ermənistanı beynəlxalq hüquqa hörmətlə yanaşmağa vadar etdi. Bu hadisə “Sözümüz imzamız qədər dəyərlidir” kəlamının müəllifi olan Prezident İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyünün bərpa olunacağı ilə bağlı hələ 2003-cü ildə doğma xalqına verdiyi sözə sadiqliyinin nümayişi oldu. Birmənalı şəkildə demək olar ki, cənab İlham Əliyev kimi dövlət başçısı olan bir ölkəni qarşıda yalnız yeni qələbələr gözləyir.

Həcər Verdiyeva – Tarix elmləri doktoru, professor

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
155
50
moderator.az

10Mənbələr