AZ

İran yığması Olimpiadada Rəisinin adını daşıyacaq

Bu yayın ən mötəbər idman hadisələrindən biri də iyulun 26-sı – avqustun 11-i aralığında Parisdə keçiriləcək Olimpiya Oyunlarıdı.

Olimpiada yaxınlaşdıqca bu mövzuda xəbərlərin sırası artır. Təbii ki, biz ən aktual xəbərləri nəzərinizə çatdırırıq. Fransa Daxili İşlər Nazirliyi mayın əvvəlindən bəri Paris Olimpiadasında çalışmasına icazə verilməyən rusiyalı könüllülərin kollektiv məktubuna cavab vermir. Könüllülərdən biri TASS agentliyinə belə deyib:
“Mayın əvvəlində Fransanın daxili işlər nazirinə kollektiv məktub yazmışıq. Həmin məktubu Fransada yaşayan rusiyalı könüllülər bu ölkənin Daxili İşlər Nazirliyinə təqdim edib. Üstündən iki həftə ötsə də, hələ də məktuba cavab verilməyib”.

Fransanın hakimiyyət orqanlarının rusiyalı könüllülərin Olimpiya Oyunlarında qeydiyyatdan keçməklə bağlı ərizəsini rədd etdiyini bir müddət əvvəl xəbər vermişdik.

Daha bir son xəbər odu ki, Ukrayna yığmasının idmançıları Paris Olimpiadasına qatılacaq. Ölkənin idman naziri Matvey Bednının bununla bağlı fikirləri:
“Bu dəfə Ukrayna üçün Olimpiada hər şeydən əvvəl dünyaya böyük ekrandı. Biz dünyaya xatırlatmalıyıq ki, Ukrayna var, mübarizə aparır və qalib gəlməyə qadirdi”.

Nazirin sözlərinə görə, Olimpiya Oyunlarında Ukrayna bayrağı ilə iştirak faktını özü iradə gücünün təcəssümüdü. Bir müddət əvvəl bu ölkənin hakimiyyət orqanları rusiyalı və belaruslu idmançıların neytral idmançı statusu ilə yarışlara buraxılmasına görə Olimpiadanı boykot etməklə bağlı fikirlər söyləmişdi. Ötən il dekabrın 24-də isə Beynəlxalq Olimipya Komitəsinin prezidenti Tomas Bax demişdi ki, Ukrayna idmançılarını boykotla cəzalandırmamalıdı. Prezident belə hesab edir ki, ölkənin tələblərinin yerinə yetirilməməsi döyüş əməliyyatlarını dəstəkləmək anlamına gəlmir.

Bu arada Olimpiadaya qatılacaq İran yığmasının helikopter qəzasında həlak olan mərhum prezident İbrahim Rəisinin adını daşıyacağı açıqlanıb. Bu ölkənin olimpiya qurumu komandanın “Hadem ər-Rza” adını daşıyacağını bildirir ki, bu da “İmam Rzanın xidmətçisi” deməkdi. Rəisinin ölümü şiə müsəlmanlarının böyük hörmət bəslədiyi imam Rzanın doğum gününə təsadüf edib. Helikopter qəzası mayın 19-u, günortadan sonra baş verib, ertəsi səhər saatlarında xilasedicilər faciə qurbanlarının cəsədlərini tapıb.
Seçilən
111
26
football-plus.az

10Mənbələr