AZ

Paşinyan digər kəndlərimizi də qaytaracaq- kilsə qoysa...

Image

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesinin bundan sonra necə davam edəcəyi xüsusi maraq doğurur. Çünki Qazaxın 4 kəndinin Azərbaycanın nəzarətinə qaytarılmasına Ermənistan hakimiyyəti hər hansı ciddi problem yaratmayayıb. Daxidəki etirazlar isə prosesi dayandırmaqda ciddi rol oynamayıb.

Bunlar fonunda Ermənistanın “Fakt” saytı yazır ki, bu gedişlə Nikol Paşinyan iqtidarı Kərki kəndini də Azərbaycana qaytarmağa hazırlaşır. Xatırladaq ki, Naxçıvanın bu kəndi ötən əsrin 90-cı illərində işğal olunub. Sözügedən sayt qeyd edir ki, Ermənistan Ədliyyə Nazirliyinin Kadastr Komtəsi bu kənddə yaşayan erməniləri “müvəqqəti qeydiyyata” götürüb: “Bu günlərdə Ədliyyə Nazirliyinin Kadastr Komtəsi Kirants  sakinlərinə hüquqi qeydiyyat şəhadətnaməsi verdiyi haqda açıqlama yaydı. Açıqlamada deyilir: “Bildirilməlidir ki, müvafiq hüquqların dövlət qeydiyyatı qeyri-dəqiq məlumatlar əsasında aparılıb. Bu qeydiyyatlar qeyri-dəqiqliyə əsaslandığına görə sözügedən ərazilərin Ermənistan Respublikasının suveren ərazisinin bir hissəsi hesab edildiyini iddia etmək üçün hüquqi əsas ola bilməz. Bu, faktiki olaraq həmin ərazilərin Azərbaycana təhvil verilməsinin əsaslandırılmasıdır. Ekspertlər hesab edir ki, hakimiyyət gələcəkdə digər ərazilərin Azərbaycana verilməsini də bu yolla əsaslandıra bilər. Nəzərə alsaq ki, Nikol Paşinyan Kərki və Tavuşun kəndlərinin  Ermənistanın 29.743 kv.km ərazisinə daxil olmadığını bəyan edib, o zaman eyni sertifikatlar Kadastr Komitəsi tərəfindən Kərki sakinlərinə də “dəqiq olmayan məlumatlar əsasında” verilib. Demarkasiyanın növbəti mərhələsində buradakı sakinlərə deyiləcək ki, sənədləriniz etibarlı deyil, evlərinizi tərk edin”. O da vurğulanır ki, prosesə kilsənin maneə yarada biləcəyi gözlənilsə də, bu baş vermədi. Əksinə, Paşinyan kilsəni sıradan çıxarmağı düşünür. Bu xüsusda Rusiyanın “Nezavisimaya qazeta” mətbu orqanı da maraqlı nüanslara diqqət çəkərək yazır: “Ermənistanda din xadimlərinin etiraz hərəkatına qoşulması hökumətin kilsəyə təzyiqləri artırmaq qərarına gəlməsinə səbəb olub. Milli rəmzlərdən biri vergiyə cəlb oluna və onun torpağının bir hissəsindən məhrum edilə bilər. Bununla belə, keşişlər təslim olmaq niyyətində deyil. Düzdür, Tavuş yeparxiyasının arxiyepiskopu Baqrat Qalstanyan mitinqlərin və küçə itaətsizlik aksiyalarının təxirə salına biləcəyini istisna etmir. Yəqin ki, bunun səbəblərindən biri onların iştirakçılarının sayının kəskin azalması olub. Bunun əvəzinə din xadimi ekspert görüşləri təşkil etməyə başlayıb. Xüsusilə o, artıq ləğv edilmiş “Dağlıq Qarabağ Respublikasının” nümayəndələri, Ermənistana mühacirətdən qayıdanlar və iş adamları ilə görüşlər keçirib. Qalstanyan gələcəkdə Ermənistanın bütün keçmiş prezidentləri ilə görüşəcəyini istisna etmir.

Onlardan biri - Serj Sarkisyan artıq bəyan edib ki, keşiş tərəfindən irəli sürülmüş baş nazirliyə istənilən namizədi dəstəkləməyə hazırdır. Maraqlıdır ki, arxiyepiskop, Kanada vətəndaşlığına baxmayaraq, Allah istəsə, özünün də hökumətə başçılıq edə biləcəyini istisna etmir. Bu arada arxiyepiskopun rəhbərlik etdiyi etiraz hərəkatının tənəzzülə uğradığını görən Ermənistan hakimiyyəti özü hücuma keçib. Baş nazir Nikol Paşinyanın dediyi kimi, Erməni Apostol Kilsəsi  “təsir agentinə” çevrilib, lakin o, yaxın iki-üç ay ərzində bununla məşğul olacaq. Eyni zamanda, Paşinyan açıq şəkildə bildirdi ki, Qalstanyan və onun tərəfdarları Ermənistanı qonşuları üçün qanuni hədəfə çevirmək məqsədilə konkret olaraq Azərbaycanla sərhədin delimitasiyasına qarşıdır. Öz növbəsində Ermənistan parlamentinin spikeri Alen Simonyan kilsənin bizneslə məşğul olduğunu, lakin vergi ödəmədiyini bildirib. Bununla belə, kilsə hələ də nəsə ödəyir. 2023-cü ilin sonunda kilsə dövlət xəzinəsinə 435 milyon dram (1,1 milyon dollardan çox) köçürüb və ölkənin ən böyük vergi ödəyiciləri siyahısında 758-ci yeri tutub. Eyni zamanda, keşişlər əmlak və mənfəət vergilərindən, həmçinin ƏDV-dən qismən azaddırlar. Onların dövlət xəzinəsinə ödəmələrinin əsas hissəsi Ermənistanda 20%-ə bərabər olan gəlir vergisinin payına düşür.

Ermənistan parlamentinin dövlət gəlirləri komitəsinin sədri Rüstəm Badasyan artıq bəyan edib ki, ölkənin Vergi Məcəlləsində güzəştləri müəyyən edən çoxlu müddəalar var, lakin onların heç də hamısı uyğun deyil. Onun sözlərinə görə, sistemə yenidən baxılmalıdır. Bundan başqa, hakim “Vətəndaş Müqaviləsi” partiyasının katibi Artur Hovhannisyan bildirib ki, kilsənin istifadə etmədiyi dövlət üçün faydalı torpaq sahələri ola bilər. O, kilsənin ölkədə xüsusi rol oynadığını, lakin demokratik və vergi dəyişiklikləri, eləcə də dövlət institutlarının inkişafını nəzərə alsaq, Ermənistanda bütün maliyyə resurslarının “kölgədən” çıxmalı olduğunu vurğulayıb. Kilsənin reaksiyası özünü çox gözlətmədi. Eçmiədzinin Kansler İdarəsinin rəhbəri, arxiyepiskop Arşak Xaçatryan erməni apostol kilsəsinin vergi ödəməməsi ilə bağlı bəyanatı yalan adlandırıb. Şirak yeparxiyasının primatı, arxiyepiskop Mikael Adjapakhyan daha radikal idi: “Yüzüncü dəfə bu yazıqlara təkrar edirəm: biz daha güclülərini gördük. Kilsə onları məğlub etdi və fəaliyyətini davam etdirdi. Sərhədlər və tədbirlər var. Yetər. Necə bu qədər kiçik və xırda, bu qədər yazıq ola bilərsən?”. Erməni politoloq Mikael Zolyan hesab edir ki, indiki qarşıdurma 2018-ci ildə kilsə ilə dövlət arasında başlayan münaqişənin davamıdır. Paşinyan hakimiyyətə gəldikdən sonra korrupsiyada ittiham olunan II Qareginin yerinə yeni rəhbərin seçilməsini tələb edən ictimai hərəkat yaranıb. Katolikos və ətrafı bunun arxasında baş nazirin olduğunu düşünürdülər. 2020-ci ildə Qarabağ uğrunda ikinci müharibədən sonra kilsə eks-prezidentlər Robert Köçəryan və Serj Sarkisyanın təmsil olunduğu müxalifəti açıq şəkildə dəstəkləyib və indi onun nümayəndəsi Qalstanyan etirazçı liderə çevrilib.

“Kilsənin nə qədər irəli getməyə hazır olduğunu söyləmək çətindir, çünki onun itirəcəyi bir şey var. Onun bir çox imtiyazları var, o cümlədən qanuni olaraq rəsmiləşdirilməyənlər. İndi Paşinyan kilsəyə başa salır ki, siyasətə qarışmağı dayandırmalıdır”, - Zolyan vurğulayıb. Strateji Tədqiqatlar və Təşəbbüslər üzrə Analitik Mərkəzin rəhbəri Hayk Xalatyan hesab edir ki, kilsə Paşinyanın siyasətinin həyata keçirilməsində problemlər yarada biləcək sonuncu ictimai qurumdur və bir çox ermənilər bunu dövlət əleyhinə hesab edir: “Hökumət kilsəni tamamilə zərərsizləşdirmək üçün üsullar axtarır ki, müxalifət onun ətrafında birləşməsin. Erməni cəmiyyətinin böyük əksəriyyətinin Erməni Apostol Kilsəsinin davamçıları olduğunu nəzərə alsaq, kilsə həqiqətən çox böyük resursa malikdir. Lakin bununla yanaşı, kilsə əvvəllər digər müxalif qüvvələr kimi Paşinyan və komandasının hakimiyyətdən uzaqlaşdırılmasına nail olmaq üçün daxili toqquşmalara və ya qan tökülməsinə hazır deyil”. 

Tahir TAĞIYEV





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
50
baki-xeber.com

10Mənbələr