AZ

Ailə və gender normalarının təkmilləşdirilməsi dinamik dövlət siyasətinə çevrilib...

Image

Müasir ailələr klassik ailələrdən xeyli dərəcədə fərqlənir. Əvvəllər ənənəvilik, yazılmamış qanunlar ailədə hökm sürürdüsə, bu gün tamamilə yeni yanaşmalar mövcuddur.

Cəmiyyətimizdə əsas ifadələrdən birinə çevrilən gender bərabərliyi dövlət tərəfindən qanunvericilik aktları və normativləri ilə tənzimlənir. Bu gün ailədə gender münasibətləri əsas yerlərdən birini tutur, hətta aparıcı qüvvəyə çevrilib. Ailə institutunun möhkəmləndirilməsi, qadınıarın ailədə və cəmiyyətdə hüquqlarının müdafiəsi sahəsində böyük addımlar atılıb. 

Ailədə gender bərabərliyi... 

Bu gün Azərbaycan dövlətinin əsas diqqət yetirdiyi, əhəmiyyət verdiyi əsələlərdən biri ailə institutunun möhkəmləndirilməsidir. Ekspertlər qeyd edirlər ki, ailənin yaradılması, funksiyaları və idarə olunması bəzən cəmiyyətin maliyyə, sosial və iqtisadi vəziyyətində də asılı ola bilir. Məlumdur, dövlət ölkədə gender bərabərliyi, qadınların cəmiyyətdə öz yerini tutması üçün çalışır və bütün sahələrdə qadının rolunu vurğulayır. Bu gün ölkədə gender bərabərliyinin təmin edilməsi qanunvericiliklə tənzimlənir. Cəmiyyətdə gender və ailə məsələlərinin təmin edilməsi istiqamətində proqramlar tərtib edilir, tədbirlər də keçirilir.  

Mütəxəssislər qeyd edir ki, gender mədəniyyətinin təbliğ olunması hər zaman lazımdır. Bunun qanunvericlikdə tam şəkildə təmin olunduğunu deyən ekspertlər qeyd edirlər ki, konstitusiyada kişi və qadınların bərabərliyi tam təsbit olunub, qəbul edilmiş digər norma və hüquqi aktlarda da bu, öz əksini tapıb. Konstitusiyada ər və arvadın bərabərliyi haqqında ayrıca maddə də var. Ölkəmizdə idarəetmə sistemi gender bərabərliyi strategiyası əsasında həyata keçirilir. Bu, ailə idarəçiliyində də əksini tapır. Azərbaycan ailəsi nümunəviliyi ilə həmişə ön sıralarda gedən ailə modeli olub. 

Gender bərabərliyinin təmin edilməsi sahəsində müsbət dinamika... 

Məlum olduğu kimi, mayın 20-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin növbəti iclasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə məlumatının müzakirəsi zamanı bu istiqamətdə çox maraqlı məsələlər barədə danışılıb. Parlamentin komitə sədri Hicran Hüseynova məsələ ilə bağlı fikirlərini açıqlayaraq bildirib ki, Dövlət Komitəsinin illik məlumatı “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanunun 20-ci maddəsinə əsasən hazırlanıb və ötən il respublikamızda bu sahədə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətləri üzrə beynəlxalq öhdəliklərin yerinə yetirilməsi ilə bağlı görülmüş işləri və əvvəlki illərlə müqayisədə irəliləyişlərin dinamikasını özündə əks etdirir.

Qeyd olunub ki, aparılan təhlillərə görə, ölkədə gender bərabərliyinin təmin edilməsi sahəsində müsbət  dinamika var. İdarəetmə və qərar qəbul etmədə qadınların iştirakçılığının artması müşahidə olunur. İnzibati vəzifələrə təyin olunan, hüquq-mühafizə, prokurorluq orqanlarında xidmət edən, xüsusilə  də  hakim qadınların sayı artır.  Bununla yanaşı, ölkədə əmək bazarında gender bərabərsizliyinin aradan qaldırılması istiqamətində bir çox işlər görülür, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı mühüm addımlar atılır.

Hicran Hüseynova ölkəmizdə kişilər və qadınların təhsilin bütün pillələrində bərabər şəkildə fəal iştirak etdiyini, oğlan tələbələrlə, yanaşı qızların da dünyanın ən nüfuzlu ali təhsil müəssisələrində təhsil aldıqlarını söyləyib. O, həmçinin təhsildən yayınma halları, erkən nikahların qarşısının alınması, uşaq hüquqlarının qorunması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsinin, qanunvericilikdə bunun nəzərə alınmasının vacibliyini də qeyd edib. Qız uşaqlarına münasibətdə mövcud ayrı-seçkiliyin qarşısının alınması, doğulan uşaqlar arasında cins nisbətinin pozulması məsələsi ilə bağlı fikirlərini açıqlayıb.

Komitə sədri diqqətə çatdırıb ki, pensiyalarla bağlı  gender bərabərliyinin təmin edilməsi sahəsində də müsbət tendensiyalar mövcuddur. Qanunvericiliyə edilən dəyişikliklərdə artıq analarla yanaşı, atalar da uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malik olacaqlar.

Məişət zorakılığı və onun fəsadları barədə danışan komitə sədri bildirib ki, belə halların qarşısının alınması, zərər çəkmiş şəxslərin hüquqlarının müdafiəsinin gücləndirilməsi, zərər törədən şəxslərin məsuliyyətinin artırılması üçün qanunvericilikdə önəmli dəyişikliklər nəzərdə tutulub.

Dövlət tərəfindən bu istiqamətdə yüksək səviyyəli işlər görülüb... 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin mavini Sədaqət Qəhrəmanova qurumun 2023-cü il üzrə məlumatını təqdim edərkən bildirib ki, 2023-cü ildə normativ hüquqi bazanın təkmilləşdirilməsi sahəsində önəmli addımlar atılıb. 2023-cü il ərzində Dövlət Komitəsinin Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən erkən nikah, məişət zorakılığı, sağlam həyat tərzi və reproduktiv sağlamlığın, milli mənəvi dəyərlər və vətənpərvərlik, insan hüquqlarının təbliği, eyni zamanda, dövlət proqramları və milli fəaliyyət planlarının müvafiq bəndlərinin icrası məqsədilə bir sıra tədbirləri keçirilib. Komitə yerli icra hakimiyyətləri orqanları ilə səmərəli əməkdaşlıq əlaqələri qurub, habelə Komitənin tövsiyəsi ilə bütün Bələdiyyələrdə Gender Komissiyaları yaradılıb.

Məlumatda qeyd olunur ki, hesabat dövründə gender əsaslı zorakılıqla bağlı daxil olan müraciətlər əsasında bu istiqamətdə hüquqi, psixoloji, tibbi xidmətlər göstərilib, məşğulluqla bağlı məlumatlandırma, müraciət edənlərin ailə və yaşayış şəraiti ilə bağlı sosial dəstək tədbirləri həyata keçirilib. Dövlət Komitəsi tərəfindən məişət zorakılığının qarşısının alınması istiqamətində tədbirlərin gücləndirilməsi və regionlarda zorakılıqla mübarizə sahəsində maarifləndirmə işinin aparılması məqsədilə təlimlər təşkil edilib.

Məlumatda qeyd edilir ki, ölkədə qadın hüquqlarının qorunması, gender bərabərliyinin təmin edilməsi, cəmiyyətdə qadınların rolunun artırılması sahəsində həyata keçirilən tədbirlərin məqsədəmüvafiqdir. Dövlət tərəfindən bu istiqamətdə yüksək səviyyəli işlər görülüb.

Bütövlükdə, ailə və gender məsələsində etibarlı hüquqi bazanın olması bu sahənin gələcəkdə daha da inkişaf edəcəyini deməyə əsas verir. Bu məsələ birmənalı olaraq dövlətin diqqət mərkəzindədir, bu istiqamətdə ardıcıl işlər görülür. Müsbət haldır ki, ailə və gender normalarının təkmilləşdirilməsi davamlı dövlət siyasətinə çevrilib.

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.





Seçilən
93
baki-xeber.com

1Mənbələr