AZ

Turizm sektoru pandemiyadan öncəki göstəricilərə çatıbmı?

Bu ilin ilk 4 ayında Körfəz ölkələrindən Azərbaycana gələn turistlərin sayında yenidən artımlar qeydə alınıb. Ərəb ölkələrindən gələnlərin sayı 1,6 dəfə artsa da, Avropa İttifaqı və MDB dövlətləri üzrə artım sadəcə faizlə ifadə olunur. Belə ki, Avropadan gələnlərin sayı 35,6, keçmiş müttəfiqlərimizin coğrafıyasını təmsil edən turistlərin sayı isə 30,3 faiz artıb. Körfəz dövlətlərindən gələnlərin sayının artması turzim mövsümünün başlanması və bu istiqamətdə təbliğat-təqdimat tədbirlərinin genişləndirilməsi ilə bağlıdır.

Bütövlükdə, 2024-cü ilin yanvar-aprel aylarında Azərbaycana gələn turistlərin sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 38,9 faiz artaraq 726,4 min nəfərə çatıb. Turistlərin 28,8 faizi Rusiya, 19 faizi Türkiyə, 9,7 faizi İran, 8,4 faizi Hindistan, 4,6 faizi Gürcüstan, 3,1 faizi Qazaxıstan vətəndaşlarıdır. Ötən ilin eyni dövrü ilə müqayisədə Çindən gələnlərin sayı 3,3 dəfə, Hindistandan 2,4 dəfə, Qazaxıstandan 2,1 dəfə, Cənubi Koreyadan 2 dəfə, Səudiyyə Ərəbistanından 2 dəfə, Bəhreyndən 2 dəfə artıb. Görünən odur ki, turistlərin sayındakı əsas artımlar yenə də Asiya ölkələrinin payına düşür.

Azərbaycana gələn turistlərin 80 faizi Bakı şəhərinə üstünlük verib. Bu, o deməkdir ki, ölkəyə gələn hər 10 turistdən cəmi 2-si Bakıdan kənara, rayonlara gedir. Turistlərin ikinci ən çox üstünlük verdiyi rayon Qusardır. Azərbaycana gələnlərin 8,8 faizi sözügedən rayonda qalıblar. Bütövlükdə, xarici turistlərin 3,1 faizi Naftalanda, 2,9 faizi Qubada, 2,5 faizi Qəbələdə, 0,4 faizi Şabranda, 1,4 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.

Göründüyü kimi, bölgələrimiz xarici turist cəlb etməkdə paytaxt otellərinə yenə də uduzurlar. Paytaxtın infrastrukturunu nəzərə aldıqda bu, normal qarşılansa da, regional gecələmə sayında fərqin böyük olması diqqəti çəkir. Təəssüf ki, hələ də bölgələr turizm potensialını tam təqdim edə bilmir və bu da əcnəbi turistlərin cəlb olunmasına çətinlik yaradır. Digər tərəfdən, əksər rayonlarda turizm xidmətlərinin qiyməti yüksək olaraq qalmaqdadır. Keyfiyyət isə hələ də standartlardan geri qalır.

2024-cü ilin ilk rübündə otellərdə qalanların sayı 2023-cü illin eyni dövrü ilə müqayisədə 41,9 faiz artaraq 779,4 min olub. Yerli və xarici turistlər daxil olmaqla gecələmələrin ümumi sayının 64,7 faizi Bakıda, 9,3 faizi Qusarda, 4 faizi Naftalanda, 3,9 faizi Qubada, 3,6 faizi Şabranda, 3 faizi Qəbələdə, 1,8 faizi Lənkəranda, 1,1 faizi Gəncədə, 1 faizi Naxçıvan Muxtar Respublikasında və 7,6 faizi digər şəhər və rayonlardakı otellərdə qeydə alınıb.

Əcnəbi turistlərin keçirdikləri gecələmələrin sayı 2023-cü ilin birinci rübü ilə müqayisədə 40,2 faiz artaraq 433,4 min olub. Bu da ümumi gecələmələrin 55,6 faizini təşkil edir. Gecələmələrin ümumi sayının 17,8 faizi Hindistan, 17,3 faizi Rusiya, 9 faizi Türkiyə, 7,1 faizi Birləşmiş Ərəb Əmirlikləri, 6,3 faizi Səudiyyə Ərəbistanı, 3,7 faizi Küveyt, 2,7 faizi Qazaxıstan, 2,7 faizi Böyük Britaniya, 2,4 faizi ABŞ, 2,3 faizi Pakistan, 2,3 faizi Çin və s. ölkələrin vətəndaşlarının payına düşüb.

Turizm neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sektordur. Pandemiyadan öncə illik turizm gəlirləri 2,7 milyard dollara yaxın idi. Bu sektor həmçinin məşğulluğa da xüsusi töhfə verir. Bu baxımdan turizm infrastrukturunun daha da inkişaf etdirilməsi və qiymətlərin optimallaşdırılması Azərbaycana daha çox turistin gəlməsinə imkan yarada bilər. 2024-cü ilin ilk 4 ayında ölkəmizə gələn turistlərin sayında artım müşahidə olunsa da, daha qısa zamanda pandemiyadan öncəki göstəricilərə çatmaq prioritet vəzifə olaraq qalmaqdadır.

Cavid Əkbər, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
2
ikisahil.az

10Mənbələr