Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi bildirib ki, Fransa Ukraynaya hərbi qüvvələr göndərərsə, Moskvanın reaksiyası təkcə siyasi xarakter daşımayacaq.

İndex.az xəbər verir ki, RİA xəbər agentliyinin məlumatına görə, Rusiyanın Avropa departamentinin rəhbəri Artyom Studnikov bildirib ki, Moskva Fransanın Ukraynaya hərbi qüvvə göndərmək qərarına qarşı Parisə xəbərdarlıq edib.

Studnikov əlavə edib ki, Fransa qüvvələrinin Ukraynaya göndərilməsi nüvə silahına malik iki ölkə arasında münaqişə riskini artıracaq.

Daha əvvəl Fransa Müdafiə Nazirliyinin Ukraynaya 2 minlik əsgər göndərməyə hazırlaşdığı iddia edilirdi. Fransa prezidenti Emmanuel Makron da Rusiyanın həm daxildə, həm də döyüş meydanında Ukraynaya qarşı daha aqressivləşdiyini bildirib və əlavə edib: “Biz Rusiyanın məğlubiyyətinin Avropada təhlükəsizlik və sabitlik üçün zəruri olduğuna inanırıq. Ukraynaya qoşun yeridilməsi məsələsinə məhəl qoymamaq olmaz”.