AZ

Azərbaycan və İran böyük layihələrlə yola çıxır -ŞƏRH

Bakı ikitərəfli əldə edilən razılaşmalara sadiqdir, ümid edirik ki, İran tərəfi də əməkdaşlığı davam etdirəcək
 
 
 Prezident İlham Əliyev mayın 21-də İranın ölkəmizdəki səfirliyində olub. Dövlət başçısını İranın ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi qarşılayıb. Azərbaycan Prezidenti İran Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın və digər müşayiət edən şəxslərin helikopter qəzasında faciəli surətdə həlak olmaları ilə əlaqədar başsağlığı verib, matəm kitabına ürək sözlərini yazıb. Həmçinin səfirliyin müvəqqəti işlər vəkili ilə söhbət edib. Ölkə rəhbəri qeyd edib ki, İran İslam Respublikasının Prezidenti cənab Seyid İbrahim Rəisinin faciəli şəkildə həlak olması hamını dərindən sarsıdıb: "Onunla bərabər xarici işlər naziri Hüseyn Əmir Abdullahian və digər şəxslər faciəli şəkildə həlak olublar. Allah onlara rəhmət eləsin. İran xalqının başı sağ olsun. Bu, böyük itkidir. Bu itki təkcə İran xalqına, dövlətinə üz verməyib, bütün müsəlman aləminə üz verib. Seyid İbrahim Rəisi böyük dövlət xadimi idi, görkəmli siyasətçi və İran xalqının etibarını qazanmış böyük şəxsiyyət idi. Onunla çoxsaylı görüşlərim hər zaman məndə çox böyük təəssürat izi buraxırdı. Onunla son görüşüm isə tarixi bir görüş idi. Həm o, həm də mən bu görüşü məhz tarixi görüş adlandırmışdıq. Dövlət sərhədində böyük infrastruktur layihəsinin açılışında birgə iştirakımız İran-Azərbaycan əlaqələrinin nə qədər möhkəm olmasından xəbər verirdi, həm xalqlarımıza, həm bütün dünyaya çox açıq mesaj idi ki, biz dostuq, qardaşıq, biz bundan sonra da birlikdə olacağıq. Açılış mərasimindən sonra həm mərhum Prezident Rəisinin, həm də mənim rəsmi açıqlamalarımız çox ciddi siyasi məna daşıyırdı. Hər iki Prezident açıq bəyan etmişdi ki, bu bölgənin gələcək inkişafında bölgədə yerləşən ölkələr fəal iştirak etməlidirlər". Dövlət başçısı vurğulayıb ki, İran-Azərbaycan əlaqələrinin inkişafının gələcək istiqamətləri bir daha təsdiqlənmişdi: "Hər iki tərəfin güclü siyasi iradəsi bir daha nümayiş etdirilmişdi. Bununla bərabər, biz konkret infrastruktur layihələri haqqında geniş fikir mübadiləsi aparmışdıq, önəmli qərarlar qəbul edilmişdi. O görüşdə iştirak edən şəxslər bunu, əminəm ki, İranın yeni rəhbərliyinə çatdıracaqlar. Əldə edilmiş bütün razılaşmalar, əminəm ki, icra ediləcək. Çünki bu, İran və Azərbaycan xalqlarının iradəsinə söykənir və biz mərhum Prezident Rəisi ilə söhbət əsnasında qəti iradəmizi bildirdik ki, bundan sonra böyük layihələrin sayı çox olacaq, həm ikitərəfli, həm çoxtərəfli formatda. Əfsuslar olsun ki, gələcək layihələrin icrasını görmək ona nəsib olmadı".
 Mayın 19-da Prezident İlham Əliyevin və İranın mərhum Prezidenti Seyid İbrahim Rəisinin iştirakı ilə Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasiminin keçirilməsi onu deməyə əsas verir ki, ikitərəfli münasibətlərdə böhran aradan qalxıb. Prezidentlərin görüşləri sayəsində narahatlıq doğuran məqamlar da aradan qalxıb. Azərbaycan qarşıdan gələn dövrdə də İranla ikitərəfli əlaqələri inkişaf etdirmək istiqamətində siyasət yürütməkdə maraqlıdır. Xüsusilə Prezident İlham Əliyevin dediyi “bölgənin inkişafı bölgədəki ölkələrdə yaşayan xalqların iradəsi ilə təmin olunmalıdır. Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir” sözləri bunu bir daha təsdiqləyir. Yəni Bakı Tehranla münasibətlərini özü müəyyən edir və heç bir kənar təsirə, ya da təklifə açıq deyil.

 Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a bildirib ki, Azərbaycanla İran arasında son günlər normallaşma prosesi başlamışdı. Ekspertin sözlərinə görə, İran tərəfindən mərhum xarici işlər naziri Əmir Hüseyn Abdullahian Azərbaycanın səfirliyə qarşı terror hücumundan sonra rəsmi Bakı ilə əlaqələrin bərpası üçün çox işlər gördü:
 "Əlbəttə, Azərbaycan İranla problemdə maraqlı deyildi. Daima İranla əməkdaşlığa üstünlük vermişik. Amma Tehranın Azərbaycana qarşı siyasəti İkinci Qarabağ müharibəsindən sonra mənfiyə doğru dəyişmişdi. Proseslərin arxasında SEPAH və mühafizəkar kəsim dururdu. Siyasi sistem daxilində anti-Azərbaycan qüvvələri önə çıxmışdı. İranda növbəti seçkilərdə yenidən mühafizəkar qanad seçkidə qalib gələcək. İran parlamentinin sədri, doktor Qalibafın yeni prezident seçilməsi mümkün ola bilər. İranın Ali dini rəhbəri Xameneinin mövqeyi burada əsas və əhəmiyyətlidir. Parlament sədri Qalibaf prezident seçilərsə, İran-Azərbaycan əlaqələri indiki müstəvidə davam edəcək. Bu əlaqələrin normal prosesdə davam etməsi Azərbaycandan yox, İran rəhbərliyindən asılıdır. Görünən odur ki, İran Azərbaycanla əməkdaşlığa davam etmək qərarı verib. Məhz Prezident İlham Əliyev İran səfirliyində başsağlığı mesajında İranla razılaşmaların davam edəcəyinə ümid etdiyini vurğuladı. Azərbaycan ikitərəfli əldə edilən razılaşmalara sadiqdir. İran tərəfi də problem yox, əməkdaşlığı davam etdirəcək".
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
137
8
sherg.az

10Mənbələr