AZ

Xaçmazda bağlar və tərəvəz sahələri susuz qalıb, məmurlar düzələcək deyir

Xaçmaz rayonunun Yergüc kəndində sakinlər bu il də suvarma suyu ilə bağlı problemlə üzləşiblər.

“Report”un Şimal bürosuna bu barədə yerli sakinlər məlumat veriblər.

Kənd təsərrüfatı məhsullarının istehsalında mühüm şərtlərdən biri də əkin sahələrinin suvarma suyu ilə müntəzəm təmin olunmasıdır. Bu məsələnin aktuallığına baxmayaraq, regionlardan daxil olan məlumatlarda əksər bölgələrdə bəhs edilən problemin nəinki aradan qaldırılmadığı, əksinə, daha da kəskinləşdiyi anlaşılır.

Ölkənin vacib kənd təsərrüfatı rayonlarından biri olan Xaçmazda da bu mövsüm üçün xarakterik olan suvarma suyu problemi əhalinin əsas qayğısına çevrilib. Rayonun Yergüc kəndi də bu sırada istisna təşkil etmir. Kənd sakinlərinin sözlərinə görə, suvarmaya su tapılmadığı üçün həm bağlar, həm də tərəvəz sahələri quruyaraq məhv olur, çəkilən əziyyət yerdə qalır. Yergüc ərazisindəki qurumuş arxlara nəzər saldıqda, kənddə su probleminin nə qədər ciddi olduğuna dair təsəvvür yaranır.

Kənd sakinləri deyiblər ki, yerli idarəetmə orqanları və Sudan İstifadəedənlər Birliyi suvarma suyunun bölgüsünü düzgün aparmadığı üçün belə problem yaranıb. Sakinlərin şikayəti ilə bağlı əraziyə gələn Xaçmaz rayon icra hakimiyyəti başçısının ərazi üzrə nümayəndəsi Rəşad Musayev, kənd Bələdiyyəsinin sədri Ozal Əspəndiyev və Xaçmaz Rayon Suvarma Sistemləri idarəsinin rəisi Kamil Əliyev yaranmış vəziyyətə aydınlıq gətirməyə çalışdılar.

Xaçmaz Rayon Suvarma Sistemləri idarəsinin rəisi Kamil Əliyev “Report”un yerli bürosuna bildirib ki, mənbədə kifayət qədər su olsa da, Sudan İstifadəedənlər Birliyi həmin suyu əraziyə çatdıra bilmədiyi üçün problem və narazılıq yaranır.

“Yergüc və Ağyazı kəndlərində suvarma suyu alan vətəndaşlar limitin azlığından şikayət edirlər. Biz də bu gün sakinlərin haqlı tələbinə uyğun olaraq Samur-Abşeron kanalından suyun alışını 2 kub metrdən 5 kub metrə qaldırmışıq. Su problemi olan Yergüc və Ağyazı kənlərinə limitə uyğun su veriləcək. Ötən illərə nisbətən bu il suvarma suyu ilə bağlı çətinlik yoxdur. Mənbələrdə su ehtiyatımız var. Vətəndaşları suvarma suyundan növbəli şəkildə istifadə etməyə çağırırıq. Bütün mövcud imkanlardan istifadə olunmaqla, sakinləri suvarma suyu ilə təmin edəcəyik”, - K.Əliyev bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
169
1
report.az

10Mənbələr