AZ

Paşinyanı Azərbaycanın əli ilə devirmək istəyirdilər-Yunus Oğuz

Politoloq:  "Lakin Azərbaycan Prezidenti siyasi səbr nümayiş etdirərək, heç bir təxribata getmədi"

Mayın 9-dan etibarən Ermənistan paytaxtında start götürən etiraz aksiyası hələ də davam etməkdədir. Ermənistanın Baş naziri Nikol Paşinyanın istefası tələbini qoyan etirazçılar hələ ki, istəklərinə çata bilməyiblər. Hansı ki, erməni apostol kilsəsinin Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyan Respublika meydanına toplaşan tərəfdarları qarşısında çıxışı zamanı Paşinyana istefası üçün bir saat vaxt vermişdi. Maraqlıdır, bütün daxili və xarici dəstək potensialından istifadə edən etirazçılar Paşinyanı niyə devirə bimirlər?

Yazıçı-publisist, "Olaylar" qəzeti və eyniadlı informasiya agentliyinin rəhbəri, siyasi şərhçi Yunus Oğuz bildirib ki, İrəvanda təşkil edilən etiraz aksiyaları Nikol Paşinyanın nəzarəti altındadır: "Nəzərə almaq lazımdır ki, Paşinyan özü də hakimiyyətə küçə yürüşlərindən gəlib. O səbəbdən Paşinyan etirazçıların arxasında kimlərin dayandığını, hansı qaynaqlardan maliyyələşdiyini çox gözəl bilir. Məhz bu səbəbdən də etiraz aksiyalarını dağıtmaq üçün zordan istifadə etmir. Məsələ orasındadır ki, Paşinyana qarşı çıxan kütləni ardınca apara biləcək   lider yoxdur. Hazırda meydanda olan siyasi liderlərin böyük əksəriyyəti ya Paşinyanla, ya da ondan əvvəlki hakimiyyətlərlə çalışan, adları bu və ya digər dərəcədə korrupsiyada və çirkin siyasi oyunlarda hallanan şəxslərdir. Onların heç biri yeni sima deyil və xalq onlara inanmır. Bu səbəbdən də aksiyalara rəhbərlik etmək üçün kilsənin təmsilçisi Baqrat Qalstanyan irəli çəkildi. Hesab edildi ki, "Böyük Ermənistan" ideyasının müəllifi olan kilsə xalqı ardınca apara biləcək. Ancaq proseslər göstərdi ki, vəziyyətdən çıxmaq üçün heç bir ideyası, heç bir təklifi olmayan Baqrat Qalstanyanın gülünc fikirləri ilə hakimiyyəti devirmək mümkün deyil. Sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı yeni ideyanı məhz Paşinyan özü irəli sürdü. Zəngəzur dəhlizinin açılmasında Kalininqrad modelini, sərhədlərin delimitasiyasında isə 1976-79-ci il xəritəsini təklif etdi".

Yunus Oğuzun sözlərinə görə, etirazçıların Paşinyanı devirə bilməməsinin bir neçə səbəbi var: "Xatırladaq ki, Nikol Paşinyan altı il əvvəl belində gəzdirdiyi çanta ilə Gümrüdən paytaxta qədər yol qət edərək, yüz minlərlə həmvətəninin dəstəyi ilə Serj Sarkisyan hakimiyyətini devirməyi bacarmışdı. İndi vəziyyət tamamilə fərqlidir. 44 günlük müharibədən məğlub ayrılan Ermənistan hələ özünə gələ bilməyib. Bu isə o deməkdir ki, xalq hələ də Paşinyanın devrilməsi məsələsində tərəddüd içindədir. Aksiyalara Köçəryan və Sərkisyanın qoşulması da xalq tərəfindən birmənalı qarşılanmır. Çünki, həmin şəxslər xalq arasında  korrupsioner və rüşvətxor imici qazanıblar. Digər tərəfdən, Ermənistanda keçirilən aksiyalar xaricdən, xüsusən erməni diaspora təşkilatları tərəfindən dəstəklənmir. Əgər bu aksiyalara ciddi xarici dəstək olsaydı, Baqrat Qalstanyanın kilsəni girov qoymasını əks etdirən dosye Paşinyana ötürülməzdi. Belə məlum olur ki,  Qərbin dəstəyi Sorosun adamı hesab ediən Paşinyanadır".

Yunus Oğuz qeyd edib ki, Ermənistanda hakimiyyətin dəyişməsində maraqlı olan xarici qüvvələr bunu Azərbaycanın əli ilə həyata keçirmək istəyirdilər: "Bu məqsədlə Ermənistana siyasi, hərbi yardım göstərir, İrəvanı müasir silahlarla təmin edirdilər. Azərbaycanı qıcıqlandırmaq üçün mütəmadi olaraq sərhəddə təxribat törədir, ölkəmizi təxribata sürükləyirdilər. Düşünürdülər ki, Ermənistanın daxili siyasəti gərgin olan bir zamanda Azərbaycan Ordusu 10 noyabr üçtərəfli sazişi  həyata keçirmək üçün Zəngəzura daxil olacaq. Onlar isə bu kartdan istifadə edib Paşinyanı devirəcəklər. Lakin Azərbaycan Prezidenti siyasi səbr nümayiş etdirərək heç bir təxribata getmədi. Anklav, yaxud, qeyri-anklav kəndləri danışıqlar və diplomatik yolla geri qaytarmağa üstünlük verdi. Bu isə Azərbaycan Prezidentinin nə qədər dahi, uzaqgörən siyasətçi olmasına birbaşa dəlalət edir".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
253
45
sabahinfo.az

10Mənbələr