AZ

Küveyt Azərbaycanla səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır

Küveyt

Bakı, 17 may, AZƏRTAC

Səhiyyə Nazirliyində Küveyt Dövlətinin ölkəmizdəki səfiri Abdullah Mohamed Abdullah Almauidin ilə görüş keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, səhiyyə naziri Teymur Musayev Azərbaycanla Küveyt arasında ikitərəfli əlaqələrinin bir çox sahələrdə uğurla davam etdiyini diqqətə çatdırıb. Nazir dövlətlərarası münasibətlərin genişlənsdirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini də vurğulayıb.

Teymur Musayev Azərbaycanla Küveyt arasında səhiyyə sahəsində də ikitərəfli əlaqələrin inkişafı üçün geniş potensialın olduğunu bildirib.

Prezident İlham Əliyevin milli səhiyyənin inkişafına böyük diqqət və önəm verdiyini vurğulayan nazir bu sahənin modernləşdirilməsi, rəqəmsallaşdırılması, insan kapitalının inkişafı və səhiyyə iqtisadiyyatının gücləndirilməsinin Azərbaycan üçün prioritet məsələlərdən biri olduğunu qeyd edib: “Bu sahədə Azərbaycan qabaqcıl beynəlxalq təcrübələrin öyrənilməsi, qarşılıqlı mübadilələrin aparılması və ölkəmizdə tətbiqinə xüsusi əhəmiyyət verir”.

Nazir, həmçinin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 bu ilin noyabrında Azərbaycanda keçiriləcəyi diqqətə çatdırıb: “Dövlətimizin başçısı vurğulayıb ki, beynəlxalq ictimaiyyətin yekdil dəstəyi ilə COP29-un ölkəmizdə keçirilməsi ilə bağlı qərar Azərbaycana olan böyük etimadın təzahürüdür”.

Sonda Azərbaycanın səhiyyə naziri gələcəkdə əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə əminliyini bildirib.

Abdullah Mohamed Abdullah Almauidi dövlətlərarası əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayaraq, ölkələrimiz arasında tarixi və ənənəvi dostluq münasibətlərinin mövcudluğunu qeyd edib.

Diplomat, ölkəsinin Azərbaycan ilə səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu ifadə edib.

Görüşdə tibb təhsili və bu sahədə peşəkar kadrların hazırlanması, tibb universitetləri ilə milli səhiyyə institutları arasında təcrübə mübadiləsinin aparılmasının vacibliyi vurğulanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
9
azertag.az

10Mənbələr