AZ

Bloklanmış IMEI kodlarla şəbəkəyə qoşulma cəhdlərinin sayı açıqlandı

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC Azərbaycana gətirilən mobil cihazların qanunsuz yollarla qeydiyyatdan keçirilməsinə qarşı intensiv mübarizə tədbirlərini davam etdirir.

Valyuta.az xəbər verir ki, qurum mütəmadi olaraqmonitorinq apararaq surətinin köçürülməsi şübhəsi olan IMEI kodlar üzrə ətraflı araşdırma aparır. Surətinin köçürüldüyü aşkarlanan IMEI kodlara “klon” statusu verilərək istifadəsi məhdudlaşdırılır.

Mübarizə tədbirləri çərçivəsində bugünədək 19155 IMEI koda “klon” statusu verilərək bloklanıb. Həmin IMEI kodlar bloklanmamışdan öncəki 3 ayda 1449271 ədəd mobil nömrəyə aid abunəçi kimliyi ilə şəbəkədə görünüb. Bloklanmış IMEI kodlarla bu günədək 1005737 dəfə şəbəkəyə qoşulma cəhdinə Mobil Cihazların Qeydiyyat Sistemi (MCQS) tərəfindən imtina cavabı verilib.

Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Mobil cihazların qeydiyyatının aparılması Qaydası”na əsasən, xaricdən gətirilən mobil cihazlar Azərbaycan telekommunikasiya şəbəkəsində istifadə olunması üçün 30 gün ərzində dövlət rüsumu ödənilməklə qeydiyyatdan keçirilməlidir. Təəssüf ki, bəzi hallarda qeydiyyat rüsumunu ödəmək istəməyən şəxslər (və ya sahibkarlar) daha əvvəl qeydiyyatdan keçmiş cihazların IMEI kodlarının surətini yeni cihazlara köçürüb satış həyata keçirirlər.Alıcı isə bu prosesdən məlumatsız olduğu üçün sonradan müəyyən çətinliklərlə rastlaşa bilir.

Bu cür hallarla qarşılaşmamaq və aldadılmamaq üçün mobil cihazları alarkən mütləq IMEI kodunu yoxlamaq tövsiyə olunur. Bunun üçün cihazın ekranında *#06# yığaraq IMEI kodunu öyrənmək, daha sonraportal.rinn.az saytına daxil olaraq “IMEI yoxlama” xidmətinə keçid etmək lazımdır. Ekranda görünən xanaya IMEI kodu daxil edib “Yoxla” düyməsinə klik edərək telefonun IMEI kodunun orijinallığını öyrənmək olar.

©  Trend

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
10
valyuta.az

10Mənbələr