AZ

Ermənilər hava məkanında da “tələlər” qururdular

DTX mətbuat xidməti bildirir ki, Azərbaycan Respublikasının Qarabağ bölgəsində fəaliyyət göstərmiş qanunsuz erməni silahlı birləşmələri tərəfindən ölkənin hava məkanından istifadə etməklə uçuşlar yerinə yetirən “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə və xarici aviaşirkətlərə məxsus mülki hava gəmilərinin naviqasiya sistemlərinə qarşı radiomaneələr tətbiq edilmişdir. Bu barədə dəfələrlə beynəlxalq ictimaiyyətə məlumat verilmişdir.
2021–2023-cü illər ərzində belə radiomaneələrin tətbiqinin intensiv­ləşməsi həmin ərazilərin yaxınlığında yerləşən radar stansiyalarına qlobal naviqasiya peyk sistemlərindən siq­nalların daxil olmasında fasilələrin yaranması, siqnalların qəbuluna ma­neələrin törədilməsi, habelə Qarabağ bölgəsi ətrafında uçan mülki hava gə­milərində naviqasiya siqnallarının it­məsi ilə müşayiət olunmuş və bununla da mülki təyyarələrin idarə edilməsinin müvəqqəti itirilməsinə və aviasiya qə­zalarına səbəb ola biləcək çoxsaylı ci­nayət faktları qeydə alınmışdır.
Azərbaycanın Qarabağ bölgəsində qanunsuz erməni silahlı birləşmələri­nin törətdikləri terrorçuluq və digər ci­nayətlərin araşdırılması ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işinin istintaqı zamanı, lokal xa­rakterli antiterror tədbirləri nəticəsində tərksilah edilmiş silahlı birləşmələrin sərəncamında olmuş digər xüsusi tex­niki vasitələrlə yanaşı, xaricdə istehsal olunan “Роlе-21M”, həmçinin yük av­tomobillərinin bazası üzərində quru­lan “Repellent-1” tipli və kustar üsulla quraşdırılmış radioelektron mübarizə kompleksləri də aşkar edilmişdir.
Taktiki-texniki göstəricilərinə əsasən, “Pole-21M” kompleksinin 150 km-dək məsafədə yerləşən obyektlərə “GPS”, “QLONASS”, “Galileo”, “Be­iDou” və sair tipli peyk naviqasiyası sistemlərindən daxil olan siqnalların məhdudlaşdırılması və radiomaneələ­rin yaradılması üçün istifadə edildiyi müəyyən olunmuşdur.
“Repellent-1” kompleksindən ha­vada olan obyektlərin radiorabitə vasitələrinin idarəetmə və məlumat ötürmə kanallarının siqnallarının 35 km-dək məsafədə aşkarlanaraq fə­zada yerinin, istiqamətinin, sürətinin təyin edilməklə izlənilməsi, idarəetmə və naviqasiya sistemlərinin işinə ra­diomaneə yaradılması, eləcə də kus­tar üsulla quraşdırılmış radioelektron mübarizə komplekslərindən obyekt­lərə “GPS” və “QLONASS” naviqasi­ya peyklərindən daxil olan siqnalların məhdudlaşdırılması və radiomaneələ­rin yaradılması istiqamətində istifadə olunduğu təsdiqlənmişdir.
Hazırda cinayət işi üzrə istin­taq-əməliyyat tədbirləri davam edir. 
 
XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
727
6
xalqqazeti.az

10Mənbələr