AZ

Aziz Yıldırım yenidən “Fənərbağça” prezidenti seçiləcək?- Türkiyəli ekspertlə MÜSAHİBƏ

Xəbər verdiyimiz kimi, Türkiyənin “Fənərbağça” klubu prezident seçkilərinə hazırlaşır.

Belə ki, 30-31 mayda İstanbul klubu yeni rəhbərini seçəcək. Lakin namizədlərin heç biri kifayət qədər səs toplaya bilməsə, seçkilərin ikinci turu 8-9 iyunda keçiriləcək. 46 min 410 nəfərin səs verməsindən sonra “Fənərbağça”nın yeni prezidenti bəlli olacaq. 

Aziz Yıldırım və Ali Koç seçilmək uğrunda mübarizə aparacaqlar.

Ali Koç əvvəlcə namizəd olmayacağını açıqlasa da, sonradan geri addım atdı. Onun namizədliyini irəli sürməsindən sonra azarkeşlərin böyük əksəriyyəti klubun sabiq rəhbəri Aziz Yıldırıma namizəd olması üçün çağırış etdi. Nəticədə, Aziz Yıldırım da 6 ildən sonra yenidən “Fənərbağça” prezidentliyinə namizəd olduğunu açıqladı.

“Fənərbağça”da keçiriləcək prezident seçkiləri və Aziz Yıldırımın sürpriz namizədliyi ilə bağlı türkiyəli tanınmış futbol eksperti Volkan Demir “Cebhe.info”-ya müsahibə verib.

Müsahibəni təqdim edirik:

- Volkan bəy, Aziz Yıldırımın yenidən “Fənərbağça” prezidentliyinə namizəd olmasını necə dəyərləndirirsiniz?

- Aziz Yıldırım 20 illik vəzifəsindən ardıcıl 4 il çempionluq yaşamaması və qarşısına Ali Koç kimi çox güclü rəqib çıxması səbəbilə getmək məcburiyyətində qalmışdı. Amma Ali Koç da 6 illik prezidentliyi dövründə ciddi uğura nail ola bilmədi. Bu səbəbdən də azarkeşlər tərəfindən Aziz Yıldırıma geri dönməsi üçün böyük təzyiq göstərildi. O da buna görə yenidən İstanbul klubunun prezidentliyinə namizəd oldu. Əslində, Aziz Yıldırım “Fənərbağça”nın ehtiyacı olduğu hər dönəmdə təbii namizəddir. Son olaraq “Uşaqlarımız çempion ola bilmədiyimiz üçün artıq xoşbəxt deyillər” sözü ilə daha çox dəstək qazandı.

- Aziz Yıldırım ilə Ali Koç arasında necə bir mübarizənin keçəcəyini düşünürsünüz?

- Aziz Yıldırım uğurun tək hədəf olduğunu vurğulayır. Ali Koç isə Acun Ilıcalı, Hamdi Akın kimi güclü şəxslərlə görüşərək etimad qazanmağa çalışır. Düşünürəm ki, Aziz Yıldırım və Ali Koç arasında “Fənərbağça” prezidentliyi uğrunda çox qızğın mübarizə gedəcək.

- Bəs hansı namizədin qazanacağını düşünürsünüz?

- Hazırda bu məsələ ilə bağlı həqiqətən heç bir fikrim yoxdur. Əslində, Aziz Yıldırım prosesə çox yaxşı başlayıb. Amma seçkinin keçiriləcəyi həftə həlledici olacaq. Buna baxmayaraq, hər iki namizədin bir-birinə çox yaxın nəticələr əldə edəcəyini gözləyirəm.

- Sizcə, Aziz Yıldırım nə üçün indi dönmək istədi?

- Aziz Yıldırımın namizəd olmasının əsas səbəbi özünün də bəyan etdiyi kimi Ali Koçun “Mən prezident olduğum müddət ərzində “Fənərbağça”nı çempion etməyəcəklər” sözüdür. Ona görə də Aziz Yıldırım keçirdiyi mətbuat konfransında “Fənərbağça”nı çempion edə bilmək üçün bütün sahələrdə mübarizə aparmağa hazır olduğunu xüsusi olaraq vurğuladı.

- Ali Koç bu 6 il ərzində nələri düzgün etmədi? Nə üçün qərarını dəyişərək yenidən namizədliyini irəli sürdü?

- Ali Koç “Fənərbağça”nın prezidenti seçildiyi ilk ildə çox böyük risk alaraq hər şeyi dəyişməyə çalışdı. Düzdür, illər keçdikdə komandanın futbolundakı keyfiyyət artmağa başladı. Amma nəticə etibarilə çempionluğun gəlməməyi ən böyük problemdir. Düşünürəm ki, Ali Koç uğursuz prezident kimi klubdan getmək istəmədi. Bu səbəbdən də qarşıdakı 3 il üçün yenidən prezidentliyə namizədliyini irəli sürdü. Bu dəfə bacarıb-bacarmayacağını isə zaman göstərəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
11
cebheinfo.az

7Mənbələr