AZ

“GSMA M360 EURASIA” konfransının ilk günü rəqəmsal texnologiyalar sahəsində aktual mövzuların müzakirəsi ilə yadda qalıb 

Mayın 15-də Bakıda “GSMA Mobile 360 Eurasia 2024” beynəlxalq konfrası öz işinə başlayıb.

“Report” xəbər verir ki, konfrans telekommunikasiya və rəqəmsal texnologiyalar sahəsində çalışan aparıcı ekspertləri, eləcə də region üzrə tənzimləyici qurumların nümayəndələrini öz ətrafında toplayıb. Tədbir çərçivəsində sənayenin rəqəmsallaşma prosesinə birbaşa təsiri, onun innovasiya və tərəqqi üçün yaratdığı yeni perspektivlər haqqında danışılıb.

Konfransın açılış günündə rəqəmsal dövrün transformasiya gücü, eləcə də MDB ölkələri və qonşu regionlarda davam edən bu keçidin daha da sürətləndirilməsi yolları müzakirə edilib. Əsas mövzular arasında generativ süni intellekt (Generative AI) və Rəqəmsal DNT (Digital DNA) yer alıb.

Beynəlxalq konfransın açılış mərasimində GSM Assosiasiyasının tənzimlənmə məsələləri üzrə baş direktoru və Mobil Texnologiyaların İnkişaf Fondunun prezidenti Con Custi Azərbaycanda görülən tədbirlər nəticəsində ölkənin yüksək rəqəmsallaşma səviyyəsinə malik olduğunu bildirib. Həmçinin C. Custi Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) haqqında da danışıb. O bildirib ki, ilin sonunda Bakıda keçiriləcək COP29 ətraf mühit və davamlılıq baxımından çox vacibdir: "Bu il, əlbəttə ki, görüləcək çox iş var və COP29 bu istiqamətdə çox vacib tədbirdir”.

O vurğulayıb ki, bu gün mobil sənayenin təqribən üçdə ikisi gəlirlərinə görə yaxın perspektivdə elmə əsaslanan hədəflərlə karbon emissiyalarını azaltmağı öhdəsinə götürüb.

Tədbirin açılış sessiyasında çıxış edən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov Azərbaycanda 2026-cı ilədək rəqəmsallaşma istiqamətində 500 kiçik və orta biznes subyektinin dəstəklənməsinin planlaşdırıldığı deyib. Onun sözlərinə görə,rəqəmsallaşma Azərbaycanda iqtisadi inkişafa töhfə verən mühüm amildir: "Bu, xidmətlər və məlumatlara çıxış əldə etməyə imkan yaradır. Biz rəqəmsallaşma sahəsində fəaliyyəti genişləndirməyə, bir çox xidmətlərin əlçatanlığını təmin etməyə çalışırıq. Bununla bağlı biznes subyektlərinə dəstək olmaq istiqamətində də işlər görülür".

Eyni zamanda, S. Məmmədov tədbirin baş sponsoru olan “Azercell” şirkətinin ölkədə rəqəmsal ekosisteminin inkişafına verdiyi töhfə haqqında da danışıb. Nazir müavini diqqətə çatdırıb ki, 18 ayda "Azercell" 300-dən çox baza stansiyası qurmaqla ölkədə internetin keyfiyyətini artırıb: "Azərbaycanda baza stansiyalarının sayı artıb və bu, şirkətin xidmət göstərdiyi 5 milyondan çox abunəçi üçün yüksək keyfiyyətli xidmət deməkdir. "Azercell" COP29 çərçivəsində GSM-in iqlim dəyişikliyi tapşırıqları qrupuna qoşulub. Bu, onlar üçün prioritetdir".

Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) MDB üzrə regional direktoru Nataliya Moçu Azərbaycanın bu təşkilatdakı fəaliyyətini təqdir edərək ölkəmizin kifayət qədər aktiv olduğunu vurğulayıb: “Azərbaycan və regionun digər ölkələri etibarlı datanın toplanması baxımından mühüm işlər görür. Etibarlı data rəqəmsal sektoru inkişaf etdirmək və üzv dövlətlərə kömək etmək üçün istifadə etdiyimiz alətdir. ITU üzv dövlətləri və tənzimləyiciləri qərar qəbul edərkən bu məlumatlardan düzgün istifadə etmələrini tövsiyə edir”.

Daha sonra konfrans öz işini panel sessiyalarla davam etdirib.

Spikerlər Azərbaycanın rəqəmsal texnologiyalar sahəsindəki fəaliyyəti, süni intellektin həyatımızdakı rolu, internet əlçatanlığı və bir sıra digər mövzular barədə geniş məruzələr edib, müzakirələr aparıblar.

"Azercell" şirkətinin prezidentinin baş müşaviri Okan Cimen şirkətin fəaliyyəti barədə məlumat verib. O bildirib ki, "Azercell" Azərbaycanda lider operator olmaqla yanaşı, həm də texnologiya şirkətlərindən biridir. Baş müşavir qeyd edib ki, "Azercell" üçün insan faktoru çox mühümdür: "Biz əməkdaşlarımıza 27 illik fəaliyyətimiz boyu təlimlər keçirik. Ötən il onların bilik və bacarıqlarının artırılması üçün 1,3 milyon ABŞ dolları həcmində vəsait ayrılıb. Bu təlimləri təşkil etmək üçün imkanlarımız böyükdür”.

"Azercell"in qlobal nəhəng şirkətlərlə çalışdığını vurğulayan baş müşavir insanların burada çalışması üçün lazımi mühitin yaradıldığını deyib: "Əsas niyyətimiz rəqəmsal savadlılıq səviyyəsini artırmaq və innovatorlara şərait yaratmaqdır. Eyni zamanda gənclərin də inkişafı üçün rahat mühit təmin etməyə çalışırıq".

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Strateji təhlil, innovasiya və rəqəmsallaşma şöbəsinin müdiri Ceyhun Hüseynzadə Azərbaycanda ilk dəfə rəqəmsal bacarıqların, savadlılığın əhatəli qiymətləndirilməsinin apardığını deyərək, layihənin məqsədlərindən birinin Azərbaycanın beynəlxalq bençmarklarla, digər ölkələrlə müqayisədə hansı mövqedə olmasını müəyyən etməkdən ibarət olduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, tədbir sabah da davam edəcək. May ayının 16-sı ətraf mühit, sosial və idarəetmə (ESG) prinsipləri, “yaşıl texnologiya”lar, yeni nəsil şəbəkələr, kibertəhlükəsizlik və digər önəmli mövzular gündəmə gətiriləcək. Həmçinin tədbirin ikinci günündə “Azercell”in öz ilk ESG hesabatını da təqdim etməsi gözlənilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
231
43
report.az

10Mənbələr