AZ

Talassemiyalı uşaqların 1 milyon manatını kimlər yeyib? – ürəkparçalayan məhkəmə işi

Bakı Ağır Cinayətlər Məhkəməsində talassemiyalı uşaqların müalicə pullarını mənimsəyən dəstənin cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Musavat.com xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə müttəhimlər kürsüsünə “Urmedhelp” və “My Doc Tour” adlı şirkətlərin sahibi Nuridə Seyidova və digər iki nəfər – Aynur Bayramova və Aysel Məmmədova çıxarılıblar.

Prosesdə Masallı rayon sakini Günay Ağayevanın məhkəməyə mülki iddiası təqdim olunub. Zərərçəkmiş iddia ərizəsində göstərib ki, oğlu İslam Əlizadə qan xərçəngindən əziyyət çəkir. 2022-ci ildə Aynur Bayramova vasitəsi ilə Nuridə Seyidovanı tanıyıb. Onun bildirdiyinə görə, sosial şəbəkələrdə elan verib, xalqa müraciəti əsasında yığdığı pulu Aynur Bayramova vasitəsilə Nuridə Seyidovaya çatdırılıb. Həmin vaxt pulu verəndə video çəkilişləri olub və həmin çəkilişlər onun özündədir: “İndi yenə də sosial şəbəkələrdə elanlar verirəm. Amma həmin effekti vermir, pulu yığa bilmirəm. Xəstə uşağım var. Onun müalicəyə ehtiyacı var. Mənə 25 min manat ziyan dəyib. Həmin pulu Aynur Bayramova və Nuridə Seyidovadan tutulmasını istəyirəm”.

Zərərçəkmiş həmçinin Aynur Bayramovanın barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət verib. Hakim Günay Ağayevanın mülki iddiasını qəbul edib. Zərərçəkmişin diqqətinə çatdırıb ki, məhkəmənin 1 may tarixli qərarı ilə Aynur Bayramovanın barəsində həbs qətimkan tədbiri seçilib.

Daha sonra Qəbələ rayon sakini, zərərçəkmiş Nərgiz Mahmudova məhkəməyə mülki iddia təqdim edib. O, 9 min manat mülki iddia qaldırıb. Zərərçəkmiş həmçinin təqsirləndirilən şəxslərə layiqli cəza verilməsini istəyib. Hakim bu zərərçəkmişin də mülki iddiasını işə əlavə olunması barədə qərar qəbul edib.

Hakim təqsirləndirilən Aynur Bayramovanın qızı Əsmər Əlizadənin ona göndərdiyi ərizədən danışıb: “Əsmər Əlizadə ərizəsində məni də tənqid edib. Lap yaxşı, deyirsən ki, yuxarı dairələrə müraciət edəcəksən. O zaman niyə ərizəndə ananın tutulmasının səbəbi haqqında da yazmamısan? Yazırsan ki, özün xəstəsən, anan xəstəlikdən əziyyət çəkir. Burada olanların 99 faizi xəstəlikdən əziyyət çəkir”.

Daha sonra Aynur Bayramovanın vəkili Elnur Quliyev 2 hissədən ibarət vəsatət qaldırıb. Vəkil əvvəlcə məhkəməyə təqdim etdiyi diskə baxış keçirilməsini istəyib. Bildirib ki, həmin diskə baxış keçiriləndən sonra Aynur Bayramovanın günahının olub-olmadığı müəyyən olunacaq. Vəkil zərərçəkmişlərin də həmin diskə diqqətlə qulaq asmasını istəyib: “O zaman hər şey aydın olacaq. Həmin səs yazısında Aynur Nuridədən zərərçəkmişlərə pulların qaytarılmasını istəyib.

Vəkil həmçinin Aynur Bayramovanın barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını istəyib. Qeyd edib ki, Aynur Babayevanın həm özü, həm də qızı xərçəng xəstələrindən əziyyət çəkir, onların hər ikisinin müalicəyə ehtiyacı var.

Daha sonra prokuror Fariz Rzayev vəsatət münasibət bildirib. Deyib ki, işdə 900 min manatdan çox ziyan var. Prokuror deyib ki, həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə əsaslar yoxdur.

Zərərçəkmişlər də vəsatətin təmin edilməməsini istəyiblər. Hakimlər vəsatəti təmin etməyiblər. Qərarda qeyd olunub ki, hazırda təqsirləndirilən şəxslər, zərərçəkmişlər, həm də şahidlər dindirilməyib. Bu səbəbdən vəsatət təmin olunmayıb.

Bu qərara etiraz edən Aynur Bayramovanın digər vəkili Ramil Əliyev bütün məhkəmə tərkibinə etiraz edib. Deyib ki, işə baxan hakim əvvəlcədən öz mövqeyini ortaya qoyub. Vəkil onu da əlavə edib ki, Aynur Bayramovanın barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı qərarda qanunun tələbləri düzgün əsalandırılmayıb. Vəkil prosesə sədrlik edən hakim Azad Məcidova, heyətdə olan hakimlər – Əli Məmmədov və Səbinə Məmmədzadəyə etiraz verib. O, işin təxirə salınmasını, etiraza Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri İsmayıl Xəlilovun baxmasını, cinayət işinin başqa hakim heyətinə verilməsini istəyib.

Müşavirə keçirən hakim heyəti etirazı baxılmamış saxlanılması barədə qərar qəbul ediblər.

Qeyd ediblər ki, etirazda Cinayət Prosessual Məcəlləsinin 109.1-ci maddəsini tələbləri pozulub. Etirazda göstərilib ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri İsmayıl Xəlilov baxması təmin edilsin. Qanunda birbaşa göstərilir ki, hakim heyətinə verilən etiraza Bakı Apellyasiya Məhkəməsi baxmalıdır.

Daha sonra Vüqar Eminovun nümayəndəsi Gülməmməd Səfərov mülki iddia qaldırıb. Vəkil təqsirləndirilən şəxslərdən Aynur Bayramova və Nuridə Seyidovaya qarşı 25 min 500 manat maddi, 8 min 500 manat mənəvi ziyana görə mülki iddia qaldırıb.

Bundan başqa, zərərçəkmiş Aysel Abdullayeva təqsirləndirilən Aynur Bayramovaya qarşı 20 min 910 manat maddi, 8 min manat isə mənəvi ziyana görə mülki iddia verib. Aysel Abdullayeva deyib ki, şəhid qızıdır. Atası Mirfəti Abdullayev 1-ci Qarabağ döyüşlərində şəhid olub.
Hakim hər iki mülki iddianın icraata qəbul olunduğunu deyib.

İttihama görə, talassemiyalı xəstələrin valideynlərinin Daxili İşlər Nazirliyinə müraciətindən sonra ötən ilin fevralında cinayət işi başlanılıb.
Müəyyən edilib ki, Nuridə Seyidova digərləri ilə əlbir olaraq 36 talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 1 milyon manata yaxın dələduzluq edib.

Qeyd olunub ki, övladı qan xəstəliyindən əziyyət çəkən bir neçə valideyn Nuridə Seyidovaya ümumulikdə 67 min dollar veriblər. Nuridə Seyidova valideynlərə söz verib ki, sənədlər hazırlanandan sonra azyaşlı xəstələri Türkiyənin Antalya şəhərindəki “Antalya Medical Park” hospitala yollayacaq. Amma pulu alsa da, vədinə əməl etməyib.

Bundan başqa, Nuridə Seyidova yalandan bildirib ki, Şəkinin Cumakənd kənd sakini Vüqar İsayevin talasemiyadan əziyyət çəkən qızı Gülbər İsayevanın ilik transplantasiyası üçün tələb olunan laborator müayinələr, donor xərci, cərrahi əməliyyat və digər xərcləri qarşılamaq üçün tələb olunan pulu sponsorlar ödəyəcəkdilər. Guya əməliyyata 70 min dollar tələb olunub, onun da 20 min dollarını “Çinar Plaza”da ofisdə Nuridə Seyidova ondan alıb, qalan məbləği isə yardım olaraq xaricdəki donor təşkilatlar ödəyəcəyinə vəd edib. Sonra zərərçəkmişə məlum olub ki, ortada nə donor var, nə bir şey.

Digər zərərçəkmiş Tural Nəsmiyev iki azyaşlı övladını müalicəsi üçün 2022-ci ilin mayında Nuridə Seyidovaya 35 min dollar verib. Nuridə Seyidova onun övladlarının Türkiyədəki Samsun şəhərində müalicə olunacağını bildirib. Həmin ilin oktyabrında Türkiyəyə gedib xəstəxanada gözləməyi tapşırıb. Tural Nəsmiyev 3 aydan çox həmin xəstəxanada qalsa da, nə donor, nə də əməliyyat olub. Hər dəfə Nuridə Seyidovayla əlaqə saxlayanda, sonuncu ona səbrli olmağı məsləhət görüb.

Nəhayət, aldadıldığını başa düşən Tural Nəsmiyev Türkiyədə keçirdiyi aylar ərzində xərclədiyi 8 min manat ziyanla geri dönüb.

İttiham aktında göstərilib ki, Nuridə Seyidova vətəndaşlardan pulları əsasən “Çinar Plaza”dakı ofisdə alıb.

İstintaq zərərçəkən kimi 36 nəfəri müəyyən edib. Bunlar azyaşlı övladları talassemiyadan əziyyət çəkənlərdir.

Dəstə üzvləri zərərçəkmişlər Ceyran Musayeva və Elman Nuriyevdən 20 400, Məsumə Hacıyeva, Ömər Məmmədov və Sahid Mövsümovdan 17 000, Mənsur Qarayev, Natiq Qubatov və Elnur İsbəndiyarovdan 25 500, Kəmalə Muliyeva, Nüşabə Məmmədova, Taleh Hacıməmmədov, Şahbacı İsayeva, Xəyal İlmanovdan 34 000 manat məbləğində vəsaiti alaraq dələduzluq ediblər.

Nuridə Seyidova öz qulluq mövqeyindən istifadə etməklə Elxan Əliyevdən 12 min 745 manat və Rasim Cavadovdan 25 min 500 manat alaraq onların övladlarını Türkiyədə əməliyyat olunmasına köməklik göstərəcəyi ilə bağlı yalan vəd verib.

Daha sonra Nuridə Seyidova digər təqsirləndirilən Aysel Məmmədova ilə qabaqcadan əlbir olub, Tural Nəsmiyevdən 59 min 500 manat, Zeynəb Cəlilovadan 25 min manat, Kamil Əhmədovdan 23 min manat, Ramin Dadaşovdan 51 min manat, Xəyal İsayevdən 51 min manat, Lamiyə Hüseynovadan 20 min 50 manat, Nərgiz Mahmudovadan 9 min manat, Elnarə Xanmirzəyevadan 25 min manat, Sevinc Səmədovadan 22 min 500 manat, Elvin Fətəliyevdən 25 min manat alıb.

O da müəyyən edilib ki, Nuridə Seyidova tanışı Aysel Bayramova ilə əlbir olaraq, Aynur Orucova, Solmaz Eyvazova və Vüqar Eminovdan 25 500, Laura Həsənovadan 51 000, Günay Ağayevadan 25 000, Aytəkin İsayevadan 19 000, Elnaz Hacıyevadan 5 000, Faiq Nəcəfovdan 5 100 manat məbləğində pul alıb.

Övadları xəstəlikdən əziyyət çəkən zərərçəkmişlər – Sevinc Səmədova, Faiq Nəcəfov, Rlnur İsbəndiyarov, Xəyal İlmanov, Kəmalə Muliyeva, Elman Nuriyev, Taleh Hacıməmmədov, Elvin Fətəliyev, Ceyran Musayeva, Mənsumə Hacıyeva, Solmaz Eyvazova, Nüşabə Məmmədova, Mənsur Qarayev, Lamiyə Hüseynova, Sahid Mövsümov, Aysel Abdullayeva, Tural Nəsmiyev, Vüqar İsayev, Elnarə Xanmirzəyeva, Kamil Əhmədov, Elnaz Hacıyeva, Vüqar Eminov, Aytəkin İsayeva, Ramin Dadaşov, Aynur Orucova, Zeynəb Cəlilova, Günay Ağayeva, Ömər Məmmədov, Xəyal İsayev, Laura Həsənova, Rasim Cavadov, Nərgiz Mahmudova, Natiq Qubatov, Şahbacı İsayeva, Ramin İsmayılov və Elxan Əliyevdir.

Məhkəmə mayın 29-da davam edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
246
14
medianews.az

10Mənbələr