AZ

Gəncədə sakinlər üçün təhlükəyə çevrilən ağaclarla bağlı RƏSMİ AÇIQLAMA – VİDEO 

Bir neçə gün öncə Gəncədə əsən güclü külək şəhərin Mahrasa Bağında 13 saylı binanın qarşısında olan iri qovaq ağacını qırıb. Xoşbəxtlikdən hadisə zamanı zərərçəkən olmayıb. 

Gəncə şəhəri Mahrasa Bağı 13-cü binanın sakini Mübariz Heydərov qeyd edib ki, sözügedən ağaclar 1974-cü ildə əkilib və artıq 50-yə yaxın yaşları var: 

“Güclü külək əsəndə boyları binanın hündürlüyünə çatan qovaqlar hər dəqiqə qırılıb, kiməsə xələl yetirə bilər. Bir neçə gün əvvəl əsən güclü külək zamanı o ağaclardan birinin də ən böyük budağı qırıldı yerə düşdü. Şükürlər olsun ki, həmin vaxt kimsə orada olmayıb. Qonşu avtomobilini həmişə orada saxlayırdı. Xoşbəxtlikdən o səhər tezdən işdə olduğundan orada maşın da yox idi. Yoxsa ziyan çox olardı”.

Binanın digər sakinləri də artıq ömrünü başa vurmuş, kökləri də çox dərində olmayan, dibi çürümüş qovaqların kəsilməsini istəyirlər.

Məsələ ilə bağlı 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən Bizim.Media-ya bildirilib ki, qeyd olunan ünvandakı ağaclara bir daha baxışlar keçiriləcək və yaxın günlərdə problem öz həllini tapacaq.
 

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
26
bizim.media

10Mənbələr