AZ

Bu gün Qazax istiqamətində sərhədlərin dəqiqləşdirilməsinin son tariixidir - Protokol imzalanacaq?..

Bu gün Ermənistanın Tavuş və Azərbaycanın Qazax rayonları arasında sərhəd xəttinin yerdəki geodeziya ölçmələrinə əsaslanaraq dəqiqləşdirilməsi başa çatmalı və tərəflər arasında müvafiq protokol imzalanmalıdır.

Modern.az saytının məlumatına görə, bu razılaşma 2024-cü il aprelin 19-da Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikası Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə keçirilən delimitasiya komissiyalarının 8-ci görüşündə əldə olunub.

Həmin görüşdəki razılığa əsasən, Qazaxın 1992-ci ildən bəri işğal altında olan 4 kəndi - Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılının Azərbaycan tərəfinə qaytarılmalıdır.

Qeyd edək ki, tərəflərin ekspert qrupları Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə 2024-cü il aprelin 23-də başlayıb.

Bəs Azərbaycan Silahlı Qüvvələrinin sözügüdən kəndləri tam nəzarətə götürməsi təmin olunubmu və mayın 15-də tərəflər arasında dövlət sərhədlərinin bu hissəsisinin dəqiqləşdirildiyinə dair müvafiq protokol imzalanacaqmı?

Bu məsələ ilə bağlı Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin xidməti sonuncu məlumatı mayın 6-da yayıb. Həmin məlumatda deyilir:
“Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında 2024-cü il mayın 6-dək 40 sərhəd dirəyi quraşdırılıb.

İki dövlətin ekspert qruplarının işi davam edir”.
 

Ehtomal olunur ki, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının sədri Şahin Mustafayevin xidməti bu gün və ya sabah sösügedən məsələyə dair yeni məlumat yayacaq.

Xatırladaq ki, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın 8-ci görüşündə aşağıdakı razılaşmalar əldə olunub.

• Delimitasiya prosesinin ilkin mərhələsində Tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - Bağanıs Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrımlı (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.

• Qərara alınıb ki, sərhəd xəttinin bu hissələrinin təsviri koordinatları yerdəki geodeziya ölçmələrinə əsaslanaraq dəqiqləşdirilməsi nəzərə alınmaqla tərtib edilsin və bu, Tərəflər arasında 15 may 2024-cü il müddətinədək müvafiq Protokol-təsvirlə sənədləşdirilərək razılaşdırılmalı və imzalanmalıdır.

• Razılaşdırılıb ki, Tərəflər sərhəd xəttinin razılaşdırılmış hissələrində öz sərhəd xidmətlərinin eyni vaxtda və paralel yerləşdirilməsi üçün tədbirlər görmək məqsədilə öz hökumətlərinə müraciət edəcəklər. Həmçinin razılaşdırılıb ki, delimitasiya prosesi tam başa çatana qədər Protokol-təsvirdə göstərilən sərhəd xəttinin hissələri delimitasiya edilmiş hesab olunsun.

• Paralel olaraq, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi üzrə Komissiyanın Birgə fəaliyyəti haqqında Əsasnamə layihəsinin razılaşdırılması üzrə işin 1 iyul 2024-cü il müddətinədək başa çatdırılması və dövlətdaxili razılaşdırmalar prosesinə və müvafiq qaydada Tərəflərin dövlətlərinin qanunvericiliyinin tələblərinə uyğun olaraq Əsasnamənin təsdiqinə başlamaq barədə razılığa gəlinib.

• Tərəflər razılaşıblar ki, onlar delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanacaqlar. Tərəflər, həmçinin həmin baza prinsipini Əsasnamə layihəsində təsbit etmək barədə razılığa gəliblər (əgər gələcəkdə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişdə başqa cür qərara gəlinərsə, o zaman Əsasnamənin müvafiq bəndi bu Sazişlə müəyyənləşdirilmiş prinsiplərə uyğunlaşdırılacaq).

• Tərəflər Əsasnaməni təsdiq etdikdən sonra növbəliliyi razılaşdırmaq və sərhədin bütün digər hissələrinin, o cümlədən anklav və eksklav məsələləri üzrə delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər.

Görüşün nəticəsində protokol imzalanmışdır. Növbəti görüşün keçirilməsi tarixinin və yerinin işçi qaydada razılaşdırılması qərara alınıb


Ə.Qafarlı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
141
6
modern.az

10Mənbələr